image-img-20230820-wa0004backend

Ermənistan BMT TŞ-nın iclasında iflasa uğradı

image-reklam_sirab_01

Dövlətimizin başçısı cənab İlham Əliyev torpaqlarımızın işğalı dövründə ən yüksək tribunalardan, o cümlədən BMT Baş Assambleyasının iclaslarında hər zaman təcavüzkar Ermənistanın siyasətini ifşa edib. Çıxışlarının birində qeyd edib ki, “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir”.
Dünyadan 27 il ədalət gözləyən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi ilə həm BMT qətnamələrini təkbaşına yerinə yetirərək həm tarixi ədaləti bərpa etdi, həm də yaratdığı yeni reallıqlarla regionda və dünya siyasətində yenilikləri şərtləndirdi. Üç ilə yaxındır ki, Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırır, üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə çalışır. Hadisələrin gedişinə diqqət yetirdikdə işğalçı Ermənistanın isə tamamilə fərqli bir yanaşma nümayiş etdirdiyini görürük. Sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün cəhdlər göstərən işğalçı Ermənistan hər dəfə məğlubiyyətə uğrasa da yeni ssenarilər hazırlamaqda davam edir. Bu baxımdan bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti və bu əsasda keçirilən müzakirələr də Ermənistanın həmin ssenarilərinin tərkib hissəsidir. Ermənistan diplomatiyası tam iflası ilə diqqət mərkəzindədir. Ermənistanın, erməni diasporunun, ermənipərəst dairələrin səyləri nəticəsiz qaldı. BMT Təhlükəsizlik Şurasının erməni yalanlarının ifadəsi olan müraciətə uyğun dərhal müzakirələr keçirməsi dünyada hələ də nəinki mövcud olan, daha da dərinləşən etimadsızlıq mühitinə diqqəti yönəltdi. Qurumun qəbul edəcəyi qərarın səbirsizliklə gözlənilməsi sözsüz ki, ədalət və beynəlxalq hüquq prinsiplərinə hazırkı dövrdə necə yanaşıldığını müəyyənləşdirmək məqsədi daşıdı. Aparılan müzakirələr bir daha təsdiqlədi ki, beynəlxalq hüquq, haqq-ədalət Azərbaycanın tərəfindədir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da artıb, mövqeyi möhkəmlənib. Ermənistanın belə əsassız müraciətlərinə müzakirələrin keçirilməsi ilə dərhal münasibətin bildirilməsi dünyanın ikili standartlara əsaslanan siyasətindən hələ də yaxa qurtara bilmədiyini də nümayiş etdirdi.
BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil eksperti guya Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı barədə bəyanat qəbul etmişdi. Son dövrdə baş verən hadisələrə diqqət yetirsək görərik ki, Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün nə dərəcədə cəhdlər edir, ssenarilər hazırlayır. BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrin nəticəsi Ermənistana növbəti dərs oldu. Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə olundu, Ağdam yolunun açılmasının vacibliyi bildirildi. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında bir daha qeyd etdi ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymadı. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.
Beləliklə, bu gün beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycanın diplomatik uğurlarının davamlılığında real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı əhəmiyyətli rol oynayır. Ermənistan illərdir yalanları ilə həqiqət üzərində qələbə çalacağına ümid etsə də daim fakt qarşısında acizdir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image