image-819e4551afb31a9437d42f2a55861c88backend

Futbolda islahat zamanı – burnuna görə ofsayda düşənlər var

image-reklam_sirab_01

Yazıçı Tural indiki gənclərin, yəni Z nəslindən olan cavanların futbola 2-3 saat ərzində tamaşa etmələrinin onlar üşün məşəqqət olduğunu yazarkən haqlıdır. O gün Qatar mundialından adi oyunlardan birinə birlikdə baxmağı Z nəslindən olan oğluma təklif edəndə dedi ki, hövsələsi yoxdur, idman saytlarında 5 dəqiqəlik icmala baxacaq.

Özüm Z nəslinə yox, KD (keçid dövrü) nəslinə aid olsam da, çox vaxt bəzi oyunlara baxmağa mənim də hövsələm çatmır, ya əlimdəki işimi görür, sonra ikinci hissəsinə baxıram, ya da birinci hissəyə baxıram, xoşum gəlməsə, başqa iş görürəm.

Çoxlarının futbolda ən zəhləsi gedən şey futbolçuların oyunun vaxtını qəsdən israf etmələridir. Adam istəyir ki, bunu edən komanda, dərhal qol yesin və başlasın diri oynamağa. Keçən dəfəki yazımda hər dəqiqə ayağından təpik, üzündən dirsək və şapalaq, belindən dal (bunu top qəbulu zamanı havaya tullanmış rəqib endirir) zərbəsi alan oyunçular barədə yazmışdım, doğrudan da hər dəqiqəbaşı edilən kobudluqlar, qıçsındırma hadisələri futbolun bütün estetikasını öldürür, azarkeşlərin zövqünü korlayır.

Amma yazıçı qardaşın bir fikri ilə razı deyiləm ki, 2050-ci ildə futbol azarkeşləri indikindən az olacaq. Elə olmayacaq.

Futbolu incəsənətlə, ədəbiyyatla qarşdırmayaq. Futbol dindir. Necə ki, insanlar 1400, 2000, 5000 il əvvəl yaranmış dinlərin fanatiki olaraq qalırlar, futbol da öz fanatlarını həmişə qoruyacaq. Sadəcə, ola bilər ki, yeni “futbol ateistləri” legionu yaransın və bu idman növünü “puç və əfsanə” elan etsinlər (elələri az-az indi də var, amma çoxalacaqlar). Pele, Maradona, Yaşin, Kruiff, Zidan, Eysebio, Platini, Matteus, Rossi, Ronaldinyo, Messi, Ronaldo kimi futbolçuların həvari elan edilməsinə bir şey qalmayıb. Aradan 20 il keçib, hələ də Barselonada Fiqunu əsl İuda hesab edirlər (bu haqq-hesabı bilənlər bilməyənlərə danışsın).

Hətta futbolun din səciyyəli olduğunu isbat edən bir məqam da var. Kimsə deyəndə ki, bu industriyada islahatlar aparılmalıdır, qaydaları, ritualları müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır, milyonlarla azarkeş hiddətlənib şahə qalxır ki, elə şey olmaz. Sanki futbol müqəddəsdir. Savadlı yoldaşlar demişkən, bəs bu, ortodoksallıq deyil, nədir?

Ancaq hər necə olsa da, dəyişən zamana uyğun olaraq, futbolda da yenilənmə olmalıdır. 100 il əvvəlki futbolda olmayan şeylər müasir futbolda var (məsələn, müdafiəçinin ayaqla ötürdüyü topu qapıçının əlinə götürə bilməməsi, götürdüyü topu 6 saniyə ərzində oyuna daxil etməsi, oyunçu dəyişikliklərinin 2-dən 5+-a qaldırılması və s.). Bu davamlı olmalıdır – zərurət yarandıqca. Bu xüsusda yeni təkliflər də var. İndi onların bəzilərinə dair öz subyektiv fikrimi obyektiv şəkildə yazıram:

1. Oyunun vaxtının 60 dəqiqəyə endirilməsi (hər hissə 30 dəqiqə olmaqla). Məncə, doğru təklifdir. 90 dəqiqə çoxdur, futbolçular da çox yorulur, tamaşaçılar da. Sadəcə, basketbolda olduğu kimi vaxtı saniyəölçənlə ölçmək lazımdır. Oyun dayandısa, vaxt da dayanır və heç kəs vaxtı süni şəkildə öldürə bilmir.

2. Sarı kart alan oyunçunun meydandan 5 dəqiqəlik çıxarılması. Bu da yaxşı təklifdir. Hokkeydə elədir. Kobudluq edəni 2 dəqiqə bayıra çıxarırlar və bu, onun komandasının dədəsinə də bəs olur, bir şayba yeyir, ağlı başına gəlir.

3. Limitsiz oyunçu dəyişiklərinin tətbiqi. Bu, düzgün olmaz. Onda oyundan çıxmış futbolçu yarım saat dincəlib təzədən meydana qayıdar. Girən-çıxan o qədər olar ki, ortalıq qarışar.

4. Arxaya edilən ötürmənin qadağan edilməsi. Bu da düzgün deyil. Birdən rəqib 4-5 nəfərlə pres elədi, müdafiəçini qısıxdırdı, yazıq canını necə qurtarsın?

5. Hər komandanın öz yarımsahəsini topla keçməsi üçün limit tətbiq edilməsi. Bu, pis təklif deyil. Komanda oynamağa gəlibsə, canı çıxsın, orta xətti keçsin, o tərəfdə də oynasın, öz qapısının ağzında ötürmə edə-edə futbolun ləzzətini qaçırmasın.

6. Ofsaydın ləğvi. Bu, əla olar. Özü də bunu balaca adam yox, əfsanəvi holland hücumçu Marko van Basten təklif edib. Gerçəkdən də bəzən hücumçunun barmağı, burnu rəqib müdafiəçidən önə çıxdığı üçün VAR qolu ləğv edir. İndi İbrahimoviç kimi uzunburun futbolçular neynəsinlər, burunları uzundur, ofsayda düşür deyə ayaq biləklərinin və ya kəllələrinin haqqı ilə vurduqları qol hesaba alınmasın? Ofsayd ləğv olunsa, hər iki tərəfin müdafiəçiləri qapıçıların yaxınlığında olarlar və 22 futbolçu meydan boyunca səpələnər. Yoxsa indi qapıçı qapı zərbəsi ilə topu oyuna daxil edəndə görürsən ki, 20 futbolçu mərkəz dairənin həndəvərində toplaşıblar.

7. Qolsuz heç-heçələrə xal verilməməsi. Bu da optimal təklifdir. 0:0 hesabının alınması, qorunması üçün oynayan komandalar futbolun baxımlılığını azaldır, heç-puç edirlər. İndiyəcən bəlkə də milyonlarla adam belə fikir dilə gətirib: “Eh, heç-heçə oldu, bilsəydim, baxmazdım”.

Yəni elə etmək lazımdır ki, hər oyunda 5-6 qol vurulsun ki, oyun baxımlı olsun. Yoxsa, vallahi, Z nəslindən sonra gələn adsız nəslə daxil olan gənclərin çoxu “futbol ateistləri” olacaq.musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki