image-reklam-veteninfo
image-1backend

Güləş xalçasından biznes arenasına: Fərid Mustafayevin UĞUR HEKAYƏSİ – FOTO

image-reklam-veteninfo

Bəzən insanın həyat yolunu illərlə qurduğu planlar deyil, cəmi bir neçə gün ərzində baş verən hadisələr dəyişir. F Holdingin rəhbəri Fərid Mustafayevin hekayəsi də məhz belə dönüş nöqtələri ilə zəngindir. Uşaqlıqdan təsərrüfata maraq göstərən, gənclik illərində isə idman meydanında mübarizə aparan bir insanın yolu onu əvvəlcə Avropaya, daha sonra isə sahibkarlıq dünyasına gətirib çıxardı.

Güləş xalçasında qazandığı intizamı, mübarizə ruhunu və davamlılıq prinsipini biznes həyatına daşıyan Fərid Mustafayev bu gün kənd təsərrüfatı və heyvandarlıq sahəsində uzunmüddətli hədəfləri olan sahibkarlardan biridir.

Onun həyat hekayəsində təsadüflərin, cəsarətli qərarların və çətinliklərdən çıxarılan dərslərin xüsusi yeri var. Bir yay tətili ilə başlayan İspaniya macərası, idmandan biznesə keçid, uğursuzluqların verdiyi təcrübə və sahibkarlığa baxışı onun yolunun əsas mərhələlərini təşkil edir.

“Biznes universitet auditoriyasında deyil, bazarda öyrənilir” deyən Fərid Mustafayev ilə söhbətimizdə çempionluqdan sahibkarlığa uzanan həyat yolundan, gənclərə tövsiyələrindən, risklərdən və gələcək planlarından danışdıq.

– Fərid Mustafayev kimdir? Özünüzü necə təqdim edərdiniz?

-Fərid Mustafayev Azərbaycan vətəndaşıdır. Gənc yaşlarımda Avropaya köçmüşəm və 2005-ci ildən etibarən həyatımın və fəaliyyətimin əsas hissəsi orada keçib. Son 3–4 ildə Azərbaycana qayıtmışam və burada biznes fəaliyyəti ilə məşğulam.

– Kiçik yaşlarda gələcəyinizlə bağlı hansı təsəvvürləriniz var idi? Həmin arzularınızı reallaşdıra bilmisinizmi?

– Anam təhsilimizə xüsusi önəm verirdi. O, ginekoloq idi, ümumiyyətlə bütün ailəmiz ziyalı insanlardır. Anam bizə deyirdi ki, yaxşı oxuyun, cəmiyyətə faydalı insanlar olun. Təhsilimiz üçün həm mənəvi, həm də maddi baxımdan böyük dəstək göstərirdi.

Maraqlıdır ki, uşaqlıq arzum fermer olmaq idi. Anam zarafatla deyirdi ki, “Bu qədər oxuyursan, axırda deyirsən fermer olacam”.

Kirvəmizin Ağcabədidə ferması var idi. Uşaqlıqdan tez-tez ora gedirdim və təsərrüfat işlərinə böyük maraq göstərirdim. Hətta məni oradan çətinliklə aparırdılar.

İllər sonra İspaniyada yaşayarkən gördüm ki, təsərrüfat işi düşündüyüm qədər yüksək gəlir gətirməsə də, bu sahəyə olan həvəsim dəyişməyib. Əvvəlcə hobbi kimi başladım, daha sonra isə işi peşəkar səviyyəyə çatdırdım.

– İkinci kursdan sonra niyə universitetinizi dəyişdirdiniz?

– Əslində universitetimi dəyişdirmədim. Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikinci kursunda oxuyarkən Almaniyanın Köln şəhərinə getməli idim və təhsilimi orada davam etdirmək planlaşdırılırdı.

Getməzdən əvvəl valideynlərim dedilər ki, yay tətilində 15 gün İspaniyada dincəl, sonra Almaniyaya gedərsən. Mən anamın rəfiqəsinin ailəsinin yanına getdim.

Oradakı ailə dostumuzun oğlu cüdo ilə məşğul olurdu. Həmin müddətdə orada keçirilən açıq güləş turnirində iştirak etdim və qalib gəldim. Məşqçi mənə komandada qalmağı təklif etdi.

O dönəmdə də Azərbaycan və İspaniya arasında Erasmus və ya başqa tələbə mübadiləsi proqramları yox idi. Buna görə də universitetimi köçürmək mümkün olmadı. Məcbur qalıb İspaniyada orta məktəbi yenidən oxudum, attestat aldım və daha sonra ali təhsilimi orada davam etdirdim.

– İspaniyaya səfər həyatınızda nələri dəyişdi?

– Açığını desəm, İspaniyaya getməyim həyatımı tamamilə dəyişdi. Dünyagörüşüm, düşüncə tərzim və həyata baxışım fərqli oldu.

Bəlkə də Azərbaycanda da müəyyən uğurlar qazana bilərdim. Ancaq hesab edirəm ki, İspaniyada qazandığım təcrübə və imkanlar mənə tamamilə başqa bir həyat yolu açdı.

– Güləşdən biznesə keçidiniz necə baş verdi?

– Həyatımın ən maraqlı dövrlərindən biri məhz bu keçid mərhələsi olub. Həmin vaxt həm milli komandada güləşçi kimi çıxış edirdim, həm də məşqçi işləyirdim.

Tələbələrimin valideynləri arasında nüfuzlu və imkanlı insanlar var idi. Məşqlərlə paralel yeni iş imkanları axtarırdım. Onlardan biri mənə iş təklif etdi.

Əvvəl adi əməkdaş kimi fəaliyyətə başladım. Sonra təcrübə qazandıqca öz biznesimi qurmağa qərar verdim.

Deyə bilərəm ki, biznesə gəlməyimin əsas səbəbi məhz idman oldu. İdman mənə həm çevrə qazandırdı, həm də yeni imkanların qapısını açdı.

– Çempion olmaq daha çətindir, yoxsa uğurlu biznes qurmaq?

– Məncə, bu iki sahəni bir-birindən ayırmaq çətindir. Çünki həm çempionluğun, həm də uğurlu biznesin arxasında eyni prinsiplər dayanır: intizam, zəhmət, səbir və davamlılıq.

İdmanda nəticə dərhal görünür – ya qalib gəlirsən, ya da məğlub olursan. Biznesdə isə nəticəni görmək üçün bəzən illərlə gözləməli olursan. Hər iki sahədə uğursuzluqlar qaçılmazdır. Səni fərqləndirən isə yıxılmağın yox, hər dəfə ayağa qalxıb yoluna davam etməyindir.

Mənim fikrimcə, çempion olmaq insana qalib gəlməyi öyrədir, biznes isə həmin qalibiyyətin davamlı olmasını. Əgər idmanda qazandığın intizamı, əzmkarlığı və məsuliyyəti biznesə daşıya bilirsənsə, uğur qazanmaq ehtimalın xeyli artır.

Əslində, həm çempionluq, həm də biznes bir marafondur. Bu yolda ən güclü yox, sona qədər dayanmağı bacaran insan qalib gəlir.

– Bu gün hər şeyi sıfırdan başlamaq məcburiyyətində qalsaydınız, haradan başlayardınız?

– Əgər bu gün hər şeyi sıfırdan başlamaq məcburiyyətində qalsaydım, ilk edəcəyim iş biznes qurmaq olmazdı. İlk növbədə bazarı öyrənər, insanların ehtiyaclarını, rəqabəti və gələcək tendensiyaları analiz edərdim. Çünki uğurlu biznes ideyadan yox, düzgün analizdən başlayır.

Azərbaycanda fəaliyyət göstərsəydim, böyük ehtimalla yenə də kənd təsərrüfatını seçərdim. Çoxları bu sahəni ənənəvi və gəliri az olan bir istiqamət kimi görür. Mən isə bunun tam əksini düşünürəm. Kənd təsərrüfatı düzgün idarə olunduqda strateji və uzunmüddətli gəlir gətirən sahələrdən biridir.

Bu sahədə uğur qazanmaq üçün sadəcə torpaq və ya kapital kifayət etmir. Burada bilik, texnologiya, planlama və hər gün prosesin içində olmaq lazımdır. Kənd təsərrüfatı uzaqdan idarə olunan biznes deyil. Bu sahə sahibindən həm səbir, həm də daimi nəzarət tələb edir.

Mən heç vaxt qısa müddətdə böyük qazanc vəd edən bizneslərin tərəfdarı olmamışam. Mənim üçün əsas məsələ dayanıqlı biznes qurmaqdır. Elə bir sistem qurmalısan ki, illər keçdikcə dəyəri artsın və sənin iştirakın olmasa belə işləməyə davam etsin.

Bugünkü təcrübəmlə sıfırdan başlasaydım, əvvəl kiçik miqyasda başlayar, bütün prosesləri özüm öyrənərdim. Əldə etdiyim gəliri şəxsi rahatlığıma deyil, biznesin inkişafına yatırardım. Çünki biznesin ilk illərində qazanc götürmək yox, onu böyütmək daha vacibdir.

Mənə görə sahibkarlıq pul qazanmaqdan əvvəl dəyər yaratmaqdır. İnsanlara fayda verən, bazarın ehtiyacını qarşılayan və uzunömürlü model qura bilən sahibkar gec-tez maliyyə uğurunu da əldə edir.

– Gənclik illərinizdəki özünüzə bir məsləhət vermək imkanınız olsaydı, nə deyərdiniz?

– Heç nə deməzdim. Çünki bu gün məni mən edən nə uğurlarım olub, nə də qazandığım pullar. Məni mən edən yıxıldığım günlər, etdiyim səhvlər və itirdiyim insanlar olub.

Əgər geriyə qayıdıb 18 yaşındakı Fəridə bir məsləhət versəydim, bəlkə də onun taleyini dəyişmiş olardım. Mən isə taleyimdə heç nəyi dəyişmək istəməzdim. Çünki yaşadığım hər çətinlik məni daha güclü, daha səbirli və daha doğru qərarlar verən insana çevirdi.

Həyatda elə dərslər var ki, onları nə universitet öyrədir, nə də kitablar. O dərsləri yalnız həyatın özü verir. Bəzən ən böyük müəllimin uğursuzluq olur. İnsan ən çox uduzanda düşünür, ən çox yıxılanda böyüyür və ən çox itirəndə özünü tanıyır.

Bu gün biznesdə hansı qərarı inamla verə bilirəmsə, bunun arxasında illərlə qazandığım təcrübə dayanır. Mən o təcrübəni pulla almamışam, zamanımla, səhvlərimlə və bəzən də çox ağır bədəl ödəyərək qazanmışam.

Gənclərə də həmişə bir şeyi deyirəm: uğursuzluqdan qorxmayın. Uğursuzluq sizi dayandırmır, əksinə, sizi növbəti mərhələyə hazırlayır. Əsas məsələ yıxılmamaq deyil, hər dəfə ayağa qalxmağı bacarmaqdır.

Bu gün geriyə baxanda nə itirdiyim illərə, nə də etdiyim səhvlərə peşman oluram. Əksinə, onlara təşəkkür edirəm. Çünki onlar olmasaydı, bu gün olduğum insan da olmazdım.

Mən uğuru zirvəyə çatmaq kimi yox, hər yıxıldıqdan sonra yenidən ayağa qalxmaq bacarığı kimi görürəm. Məhz buna görə də gənclik illərimdəki özümə heç bir məsləhət verməzdim. Qoy o bütün çətinlikləri yenə yaşasın. Çünki həmin yolun sonunda bugünkü Fərid dayanır.

– Sizcə, ali təhsilin biznesdə uğur qazanmaq üçün rolu varmı?

– Ali təhsil əlbəttə ki, dəyərlidir. O, insana düşünməyi, araşdırmağı, sistemli işləməyi və müəyyən sahələr üzrə fundamental biliklər qazandırır. Amma biznesdə uğurun yeganə və ya əsas şərti ali təhsil deyil.

Mənə görə, biznes universitet auditoriyasında deyil, bazarda öyrənilir. Sahibkarlıq qərar vermək, risk götürmək, məsuliyyət daşımaq və dəyişən şəraitə uyğunlaşmaq bacarığıdır. Bunlar isə daha çox praktik təcrübə ilə formalaşır.

Dünyanın ən uğurlu sahibkarlarına baxanda görürük ki, onların bir qismi ali təhsil alıb, bir qismi isə almayıb. Onları birləşdirən ortaq cəhət diplom yox, öyrənmək həvəsi, intizamı, əzmkarlığı və daim öz üzərində işləmələridir.

Mən ali təhsili uğurun zəmanəti kimi görmürəm. Diplom sizə qapını aça bilər, amma o qapıdan necə keçəcəyinizi, orada necə qalacağınızı və necə inkişaf edəcəyinizi artıq sizin xarakteriniz, düşüncə tərziniz və qərarlarınız müəyyən edir.

Biznesdə ən böyük üstünlük daim öyrənmək istəyidir. Əgər insan diplom aldıqdan sonra öyrənməyi dayandırırsa, onun təhsili zamanla köhnələcək. Amma öyrənməyi həyat tərzinə çevirən insanın inkişafı heç vaxt dayanmayacaq. Mənə görə, uğurlu sahibkarı fərqləndirən əsas xüsusiyyət də məhz budur.

– Bunu nə ilə əlaqələndirirsiniz?

– Ali təhsil insanı müəyyən sistem və qaydalar çərçivəsində yetişdirir. Bu sistem cəmiyyət üçün peşəkar kadrlar hazırlayır və insanı müəyyən istiqamətə yönləndirir. Sahibkarlıq isə bir çox hallarda həmin çərçivələrdən kənar düşünməyi, risk etməyi və fərqli qərarlar verməyi tələb edir. Maddi baxımdan uğur qazanan insanların bir qismi məhz ənənəvi düşüncə sərhədlərini aşaraq fərqli yol seçən insanlardır.

– İşçi seçərkən namizədin CV-sinə baxanda ali təhsil sizin üçün nə dərəcədə önəmlidir?

– Bu, vəzifədən və axtardığımız profildən asılıdır. Mən ali təhsilə nə mütləq üstünlük verirəm, nə də onu tamamilə kənara qoyuram. Hər vəzifənin öz tələbi var və namizədi də həmin tələblər əsasında qiymətləndiririk.

Məsələn, maliyyə, hüquq, mühəndislik və ya idarəetmə kimi sahələrdə ali təhsil vacib göstəricilərdən biridir. Çünki həmin peşələr nəzəri baza və peşəkar hazırlıq tələb edir. Belə vəzifələr üçün namizədin təhsili, bilik səviyyəsi və peşəkar hazırlığı bizim üçün önəmlidir.

Amma istehsalat, kənd təsərrüfatı və əməliyyat sahələrində mənim üçün diplomdan daha vacib olan xüsusiyyətlər var: məsuliyyət hissi, zəhmətkeşlik, öyrənmək istəyi, intizam və etibar. Bu keyfiyyətlər olmadan ən yaxşı diplom belə insanı uğurlu əməkdaşa çevirmir.

Mən CV-yə baxanda ilk növbədə diplomu yox, insanın inkişaf yolunu görmək istəyirəm. Öz üzərində işləyibmi? Yeni bacarıqlar öyrənibmi? Qarşısına məqsəd qoyubmu? Çətinliklərdən qaçmayıbsa, mənim üçün bunlar daha qiymətlidir.

Bir məsələyə də xüsusi önəm verirəm. Mən gənc kadrlarla işləməyi sevirəm. Çünki onlar öyrənməyə daha açıq olurlar. Bəzən uzun illər başqa şirkətlərdə formalaşmış iş vərdişlərini dəyişmək, sıfırdan düzgün korporativ mədəniyyət yaratmaqdan daha çətin olur. Gənc əməkdaş isə şirkətin dəyərlərini, iş prinsiplərini və mədəniyyətini ilk gündən mənimsəyərək inkişaf edə bilir.

Mən hesab edirəm ki, şirkətin uğurunu təkcə peşəkar insanlar yox, düzgün düşüncə tərzinə malik insanlar qurur. Bilik öyrədilə bilər, peşəkarlıq zamanla qazanılar. Amma dürüstlük, məsuliyyət, intizam və komandaya uyğunlaşmaq kimi keyfiyyətləri sonradan formalaşdırmaq daha çətindir.

Ona görə də işçi seçərkən mənim üçün ən vacib sual “Bu insan hansı universiteti bitirib?” yox, “Bu insan sabah şirkətlə birlikdə böyüyə biləcəkmi?” olur. Əgər bu potensialı görürəmsə, həmin insana mütləq şans verirəm. Mənim təcrübəmə görə, ən uğurlu əməkdaşlar bəzən ən güclü CV-yə sahib olanlar deyil, ən çox öyrənməyə və inkişaf etməyə hazır olan insanlardır.

– Qarşıdakı illər üçün əsas hədəfləriniz nələrdir?

– Hər il F Holdinq qarşısına əvvəlkindən daha böyük məqsədlər qoyur. Bu gün əldə etdiyimiz nəticələri gələcəkdə 10–15 dəfə artırmağı hədəfləyirik.

Şirkət yarandığı ilk gündən dövlətin, xüsusilə də Kənd Təsərrüfatı Nazirliyinin dəstəyini hiss etmişik. Bu etimadı doğrultmaq bizim üçün böyük məsuliyyətdir.

Holdinq müxtəlif istiqamətlərdə fəaliyyət göstərsə də, əsas məqsədlərimizdən biri yaxın beş il ərzində Azərbaycanın ən böyük heyvandarlıq şirkətlərindən birinə çevrilməkdir.

– F Holdinq bazarda hansı dəyərləri ilə fərqlənir?

– Düşünürəm ki, bu sualın cavabını ən yaxşı bazar və müştərilər verir. Hər şirkət “ən yaxşıyıq” deyə bilər. Biz isə bunu deməkdənsə, gördüyümüz işlə sübut etməyə çalışırıq.

F Holdinq üçün əsas dəyər etibardır. Biz inanırıq ki, biznesdə ən böyük kapital pul deyil, etimaddır. Müştərinin, tərəfdaşın və əməkdaşın etibarını qazanmaq illər tələb edir, onu itirmək isə bir neçə dəqiqə çəkə bilər. Ona görə də bütün qərarlarımızı qısamüddətli qazanc yox, uzunmüddətli etibar prinsipi üzərində qururuq.

İkinci vacib prinsipimiz dayanıqlılıqdır. Biz bu gün üçün deyil, gələcək onilliklər üçün biznes qururuq. Məqsədimiz yalnız gəlir əldə etmək deyil, gələcək nəsillərin də davam etdirə biləcəyi güclü və sağlam bir korporativ sistem formalaşdırmaqdır.

Xüsusilə kənd təsərrüfatı və heyvandarlıq sahəsində fəaliyyət göstərdiyimiz üçün burada nəticələr bir günə əldə olunmur. Bu sahə səbir, peşəkarlıq, düzgün planlama və davamlı investisiya tələb edir. Biz də məhz bu prinsiplərlə işləyirik.

Ən əsası isə biz biznesə yalnız gəlir mənbəyi kimi baxmırıq. Biz hesab edirik ki, böyük şirkət cəmiyyət qarşısında da məsuliyyət daşıyır. Fəaliyyət göstərdiyimiz hər sahədə ölkə iqtisadiyyatına, məşğulluğun artmasına və kənd təsərrüfatının inkişafına real töhfə verməyi qarşıya məqsəd qoymuşuq.

Mənim üçün uğurlu biznes dövriyyənin həcmi ilə deyil, arxasında qoyduğu dəyər, yaratdığı etibar və uzun illərdən sonra da ayaqda qala biləcək sistemi ilə ölçülür. F Holdinqi fərqləndirən əsas xüsusiyyət də məhz budur.

– Sizə yol göstərən və ya məsləhət verən insanlar varmı?

– Mən birbaşa məsləhət qəbul etməyi sevmirəm. Çünki hər kəs hadisələrə öz maraqları və öz təcrübəsi prizmasından baxır.

Ancaq məlumat almağı və müxtəlif fikirləri dinləməyi vacib hesab edirəm. Həmin məlumatları özüm təhlil edir, nəticəni özüm çıxarıram. Səhv qərar versəm belə, bunun məsuliyyətini daşımağa hazıram. Çünki o qərar mənim şəxsi təcrübəmin bir hissəsinə çevrilir.

İnsan başqasının yaşadığı yolu eyni şəkildə təkrarlaya bilməz. Hər dövrün və hər şəraitin öz reallığı var.

– Biznes risk deməkdir. Uduzduğunuz məqamlar çoxmu olubmu?

– Biznesin mahiyyətində risk var. Amma uğurlu sahibkar riskdən qaçan deyil, riski düzgün qiymətləndirən insandır. Çünki hər qərarın arxasında müəyyən qeyri-müəyyənlik olur. Əsas məsələ həmin riski analiz etmək, mümkün nəticələri hesablamaq və doğru zamanda doğru addımı atmaqdır.

Təbii ki, mənim də biznes yolumda gözlədiyim nəticəni verməyən layihələr, yanlış hesablamalar və çətin qərarlarla qarşılaşdığım vaxtlar olub. Amma mən bunlara məğlubiyyət kimi baxmıram. Hər bir uğursuzluq mənə bazarı, insanları və biznes proseslərini daha dərindən anlamaq üçün imkan yaradıb.

Mən hesab edirəm ki, biznesin ilk 3–5 ili ən vacib mərhələlərdən biridir. Bu dövrdə şirkət özünü bazarda tanıdır, düzgün komandanı formalaşdırır, sistemlərini qurur və hansı istiqamətdə inkişaf etməli olduğunu müəyyənləşdirir. Bu mərhələ daha çox öyrənmək, təcrübə toplamaq və səhvlərdən nəticə çıxarmaq dövrüdür.

Kim deyirsə ki, biznesə başladığı ilk illərdə heç bir çətinlik yaşamayıb, ya çox kiçik miqyasda fəaliyyət göstərib, ya da biznesin real tərəfləri ilə tam qarşılaşmayıb. Çünki böyümək istəyən hər bir şirkət müəyyən sınaqlardan keçməlidir.

Biznesdə bəzən maliyyə itkisi olur, bəzən zaman itkisi olur, bəzən də verdiyin qərarın nəticəsi gözlədiyin kimi olmur. Amma əsas məsələ itkinin özü deyil, həmin vəziyyətdən hansı dərsi çıxardığındır.

Mənim üçün uğurlu sahibkar heç vaxt səhv etməyən insan deyil. Uğurlu sahibkar səhv etdikdən sonra onu analiz edən, eyni problemi təkrarlamayan və daha güclü şəkildə yoluna davam edən insandır.

Biznes uzunmüddətli yoldur. Burada bir gündə qazanc əldə etməkdən daha vacib olan dayanıqlı sistem qurmaqdır. Çünki həqiqi uğur yalnız qazanılan pulla deyil, illər ərzində yaradılan dəyərlə və qurulan etibarlı biznes modeli ilə ölçülür.

– Sizcə, uğurlu sahibkar doğulur, yoxsa sonradan formalaşır?

– Mənim fikrimcə, uğurlu sahibkar hazır şəkildə doğulmur, zamanla formalaşır. Bəzi insanlarda təşəbbüskarlıq, riskə meyillilik və liderlik kimi xüsusiyyətlər daha erkən üzə çıxa bilər, amma əsl sahibkarlıq düşüncəsi təcrübə, öyrənmə və davamlı inkişaf nəticəsində yaranır.

Ailənin sosial və maddi imkanları müəyyən üstünlüklər yarada bilər, lakin bu amillər təkbaşına uğuru müəyyən etmir. Əsas rol oynayan faktor insanın dünyagörüşü, verdiyi qərarlar, zəhməti, məqsədlərinə bağlılığı və çətinliklər qarşısında mövqeyidir.

Məncə, həyatda iki vacib sual var: “Sən nə olmaq istəyirsən?” və “Səndən nə olacaq?” Birinci sual insanın arzularını və hədəflərini göstərir, ikinci sual isə onun seçimlərini, əməllərini və potensialını müəyyən edir. Sahibkarlıq da məhz bu iki məqamın — məqsəd və fəaliyyətin birləşməsindən formalaşır.

– Bu gün biznesə başlamaq istəyən gənclərin ən böyük səhvləri nələrdir?

– Məncə, gənclərin etdiyi ən böyük səhv biznes qurmağa deyil, varlı görünməyə çalışmalarıdır. Təəssüf ki, bu gün sosial şəbəkələr bir çox gəncdə uğurun görüntüsünü yaradıb, mahiyyətini yox. Hamı bahalı avtomobili, bahalı telefonu və dəbdəbəli ofisi görür, amma onların arxasında duran illərlə çəkilmiş zəhməti görmür.

İspaniyada konsaltinq şirkətim fəaliyyət göstərirdi. O zaman Ukraynadan gələn investorlarla birlikdə böyük bir metal istehsalı zavoduna getmişdik. Zavod rəhbərini axtarırdıq. Şüuraltımızda belə bir obraz vardı ki, direktor kostyumda, qalstukda, kabinetində oturmalıdır. Hamı bizə bir nəfəri göstərirdi, amma biz  şirkətin rəhbərini tapa bilmirdik. Şirkətin rəhbəri ilə tanış olduqda gördük ki, o şəxs fəhlə paltarında hər kəs kimi çalışır. O, öz fəhlələri ilə eyni iş geyimində, oğlu ilə birlikdə istehsalat sahəsində işləyirdi. Həmin gün başa düşdüm ki, həqiqi sahibkar öz biznesinə yuxarıdan baxan adam deyil, onun içində yaşayan insandır. Yəni deməyim odur ki, böyük biznes dəbdəbə ilə deyil, sadəlik, intizam və zəhmətlə qurulur.

Bu gün gənclərimizin bir hissəsi isə biznesin ilk mərhələsində qazandıqlarını böyütmək əvəzinə, qazanmamış xərcləməyə başlayır. Məsələn, aylıq 500 manat gəliri olan biri 200 manatını bahalı telefonun kreditinə ödəyir. Min manat qazanan biri isə gəlirinin böyük hissəsini prestij üçün aldığı avtomobilə xərcləyir. Bu, sərmayə deyil, öhdəlikdir.

Mən həmişə deyirəm ki, sahibkar ilk növbədə pul qazanmağı yox, pulu idarə etməyi öyrənməlidir. Qazandığın ilk gəliri özünə yox, biznesinə xərcləməlisən. Çünki biznesin ilk illərində həyat səviyyəni deyil, biznesinin səviyyəsini yüksəltməlisən.

Bir sahibkarın dəyəri sürdüyü avtomobillə ölçülmür. Onun dəyəri qurduğu sistemlə, yaratdığı iş yerləri ilə, verdiyi sözə əməl etməsi ilə və çətin vaxtlarda ayaqda qalmağı bacarması ilə ölçülür.

Mən gənclərə həmişə bir fikir deyirəm: əvvəl kapital qurun, sonra komfort. Əvvəl nüfuz qazanın, sonra nümayiş edin. Çünki göstərilən zənginlik müvəqqəti ola bilər, yaradılan dəyər isə illərlə yaşayır.

Biznes qısa məsafəyə qaçış deyil, marafondur. Marafonda isə sürətli başlayan yox, tempini düzgün quran və sona qədər dayana bilən insan qalib gəlir. Sahibkar bugünkü qazancını deyil, beş, on, hətta iyirmi il sonrakı nəticəni düşünməyi bacarmalıdır. Məhz bu düşüncə tərzi uzunömürlü və uğurlu bizneslərin əsasını təşkil edir.

Xəyalə Rəis




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki