image-1698141341-8a268d16-5403-4fd9-96e2-1fe5dc4c151d-1backend

Hüseyn Cavid düşüncəsinin izi ilə… – Gülər Mübariz yazır

image-reklam_sirab_01

Bu gün Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biri olan Hüseyn Cavidi yad edirik.

1937-ci il Azərbaycanın bir çox görkəmli ziyalıları kimi Hüseyn Cavidin də taleyində qara izlər buraxmışdı. Uzun illərin mənəvi-psixoloji təzyiqlərindən sonra səhhəti pozulmuş şair, 1941-ci il dekabrın 5-də İrkutsk vilayətində vəfat etdi.

1956-cı il 6 mart tarixində Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavidə bəraət verilir, 1982-ci ilin 26 oktyabr tarixində 100 illik yubileyi ərəfəsində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli filosof şairin nəşi Sibirdən Bakıya gətirilir və 3 noyabr tarixində doğulduğu torpaqda- Naxçıvanda dəfn olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də hakimiyyəti dövründə Hüseyn Cavid yaradıcılığı daim duqqətdə saxlanılmış və bu yaradıcılığın dövlət səviyyəsində təbliği sahəsində bir çox işlər görülmüşdür. Bu gün Hüseyn Cavid kimi şəxsiyyətlərimizin xatirəsinə göstərilən bu ehtiram onların yarımçıq qalmış həyat və yaradıcılığına bir növ təsəlli, əbədiyyatımızın isə davamına, tərəqqisinə göstərilən bir xidmət kimi dəyərləndirmək olar.

H.Cavidin yaradıcılığı günümüzdə ən aktual problemlərin həllinə yönəlmiş mənəvi yazılardır deyə bilərik. Daima bəşəriyyəti məhvə sürükləyən amillərdən yazmağı özünə borc bilmək- bu dahi türk oğlunun mənəviyyatının zənginliyindən xəbər verirdi. H.Cavid bəşəriyyətin xilas yolunu qadına məhəbbətdə, qadın gözəlliyində, qadın sevgisində görürdü. “Bənim Tanrım gözəllikdir, sevgidir” deyən fəlsəfi düşüncənin yaratdığı şah əsərləri oxuduqca kamilləşir insan.

Şairin bütün yaradıcılıq manifesti gələcəkdə də dünyanı mənəvi gözəlliklərin xilas etməyi, insanların pis əməllərdən əl çəkib, İblisin felindən qurtulub bir-birinə sevgi bəsləməyi üzərində qurulmuş motivlər idi.

Gəncliyə bəslədiyi ümidlərlə qələmə aldığı bu misralarda “yeniləşməyin,cəhalətdən qurtulmağın” cəmiyyətin xilası olacağını, xalqa səadət gətirəcəyini anlatmağa çalışır.

…Onlar qoşacaq, çırpışacaqlar,
Bir çox üçürümlar aşacaqlar.
Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var: ancaq yeniləşmək!
Onlardakı himmət və mətanət
Qırmaclayacaq Şərqi nihayət.
Onlardakı qüdrət və məharət,
Er-gec vercək xalqa səadət.
…Onlar güləcək güldürəcəklər,
Bizdən daha xoş gün görəcəklər!

Təkcə bunu görmək kifayətdir ki, Cavid yaradıcılığının dəyərini anlayasan; yüz il əvvəl qələmə alınan bu sənət inciləri, sanki , bu dövrümüzdə yazılmış kimi günümüzün ən aktual problemləri ilə üst-üstə düşür, insanı, onun duyğularını, hal-hazırki narahat düşüncələrimizi əks etdirir.
Ədibin yaradıcılığı humanist ideallar uğrunda cərəyan edir; müxtəlif insan xarakterləri ilə zəngin olan, neçə-neçə nəslin zövqünə xitab edən bu yazılar ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına qarşı olan Hüseyn Cavidin düşüncələrini daha aydın şəkildə anlamağa kömək edir.
“İblis nədir? – Cümlə xəyanətlərə bais!
Ya hər kəsə xain olan insan nədir? – İblis!”
Son olaraq dahi şairimizin yaradıcılığının ən mükəmməl misralarını yazmaqla cəmiyyətimizə cümlə iblislərdən- insan donuna girmiş düşmənlərdən uzaq olmağı və H.Cavid düşüncəsi, nuru ilə işıqlanmağı arzu edirəm…
Bu ruha və “Cavid Əfəndi” düşüncəli bütün insanlara dərin hörmət və ehtiramla…

Gülər Mübariz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki