image-photo1633362178backend

 İlham Əliyevdən Tehrana sərt cavab: “Heç kim bizim işimizə burnunu soxmasın”.

image-reklam_sirab_01

Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. Bu 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Biz indi bunu araşdırırıq.

Veteninfo.az xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Azərbaycan prezidenti deyib ki, bizz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik: ” Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.

Dövlət başçısı deyib ki, biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik: “Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik.Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Azərbaycan Respublikasının prezidenti Azərbaycana yönəlik əsassız açıqlamalara cavabında bunları da qeyd edib: “Yoxsa durduğu yerdə Azərbaycanı burada ittiham etmək ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib. Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir. Bunu biz heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki