Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyasında bir tarixi hadisə idi. İlk dəfə olaraq Şərqdə, müsəlman aləmində demokratik respublika yaranmışdı. Azərbaycan xalqı üçün isə bu, xüsusi əhəmiyyətli hadisə idi. Azərbaycan xalqı öz müstəqil dövlətini yaratmışdı. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı, nəhayət, öz müstəqil dövlətinə sahib olmuşdu.
Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin, onun qurucularının fəaliyyətinə həmişə böyük hörmətlə yanaşmışdır, onların fəaliyyətinə böyük qiymət vermişdir. Məlumdur ki, ilk respublikanın ömrü uzun olmadı və iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri olmuşdur. Bu hadisə bir də onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asan məsələdir.
1993-cü ildə vəziyyət böhran həddinə çatmışdı – həm iqtisadi, həm siyasi, həm də hərbi böhran, vətəndaş müharibəsinin başlanması, torpaqlarımızın işğal altına düşməsi. Xüsusilə Şuşa, Kəlbəcər və Laçın rayonlarının işğalı o biri rayonların işğal altına düşməsinin təməlini qoydu, yəni bunu şərtləndirən amillər olmuşdur.
Ancaq ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qaydışından sonra vəziyyət sabitliyə doğru inkişaf etməyə başladı. Azərbaycan xalqı 1993-cü ildə, demək olar ki, ən ağır, ən çətin vəziyyətdən məhz ulu öndərin rəhbərliyi altında şərəflə çıxa bilmişdir. 1993-cü ildən başlayaraq, ardıcıl siyasət nəticəsində bütün xoşagəlməz hallara son qoyuldu, böhrana son qoyuldu və Azərbaycan inkişaf dövrünü yaşamağa başladı. 1993-2003-cü illər Azərbaycan tarixində inkişaf illəri kimi yadda qalır.
Bu gün Azərbaycan dünyada öz yerini möhkəmləndirir. Bizim həm iqtisadi cəhətdən, həm də siyasi cəhətdən bütün səylərimiz ölkəmizin möhkəmlənməsinə yönəldilibdir. Azərbaycanda bütün islahatlar – iqtisadi islahatlar və siyasi islahatlar paralel şəkildə aparılır. Biz keçmişdən və başqa ölkələrin tarixindən yaxşı bilirik ki, əgər bu islahatlar paralel şəkildə keçirilməsə, xüsusilə, keçid dövrünü yaşayan ölkələrdə böyük çətinliklər yarana bilər. Bizim əldə etdiyimiz nəticələr, Azərbaycanda görülən işlər və bunların düzgün istiqamətdə getməsi bir daha onu göstərir ki, bu, yeganə düzgün seçimdir, yeganə düzgün siyasətdir. Bu siyasət nəticəsində Azərbaycanda həm sabitlik qorunub saxlanılır, möhkəmlənir, həm də ictimai-siyasi asayiş tam şəkildə bərqərar olmuşdur.
Azərbaycan demokratiya yolu ilə inkişaf edir. İqtisadi və sosial islahatlar uğurla icra edilir. Biz dünya birliyinə sürətlə inteqrasiya edirik və bu inteqrasiya, əlbəttə ki, ölkəmizin hərtərəfli inkişafı üçün böyük rol oynayır. Ona görə bu gün əminliklə deyə bilərik ki, artıq Azərbaycan müstəqil dövlət kimi tam şəkildə formalaşmışdır. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət aparmaq iqtidarında olsun və bunu biz görürük. Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının milli maraqları üzərində qurulur, onun təməlində Azərbaycan xalqının maraqları dayanır. Müstəqil siyasət aparmaqla biz, eyni zamanda, bütün ölkələrlə və beynəlxalq təşkilatlarla bərabər hüquqlu, qarşılıqlı hörmət əsasında ikitərəfli və çoxtərəfli münasibətlərin yaranmasına da nail ola bilmişik. İstər beynəlxalq münasibətlərdə, istər daxili siyasətdə bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və bu, əlbəttə ki, gələcəkdə islahatların davam etdirilməsi üçün bizə əlavə qüvvə verir. Çünki hər bir hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan xalqı öz strateji seçiminə sadiqdir.
Biz çalışmalıyıq ki, gələcəkdə Azərbaycanı daha da sürətlə inkişaf etdirək.
Fatimə Talıbzadə – Nəsimi rayon sakini