“İranın şiə məzhəbinə mənsubluğunun üzdə olduğunu düşünürəm. İran şiə məzhəbinin təmsilçisi deyil”.
Bunu Modern.az-a müsahibəsində İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov deyib.
O qeyd edib ki, İslam dünyasının bir çox ərazilərində şiə məzhəbinin nümayəndələri yaşayır.
“İran özünü elə göstərir ki, sanki bütün şiələrin hamisidir. Reallıq isə əslində belə deyil. Əksinə onun hərəkətləri dünyada şiəliyə və şiələrə şübhə ilə yanaşmaya səbəb olur. İran şiəliyə fayda vermir, əksinə ziyan vurur. Əfqanıstanda “həzara” adlı bir xalq var. Bunlar böyük ehtimalla monqol köklüdür. Ancaq dillərini unudub Əfqanıstan farscasında, yəni dəricə danışırlar. 1996-cı ildə birinci Taliban hökumətində həzaralara qarşı məzhəbi diskriminasiya vardı. Onlar sırf şiə olduğuna görə zülmlərə məruz qalırdılar. Aralarında öldürülənləri də çox idi. Onlar İrana üz tutdular. Bugünə kimi o həzaralar səfil vəziyyətində yaşayır. İran hökuməti onlara ciddi dəstək vermədi. Suriya müharibəsi başlayanda dedi ki, “ya siz Suriyada gedib döyüşəcəksiz, ya da sizi yenidən Əfqanıstana göndərəcəyik, qoy qırsınlar”. Budurmu, şiə təəssübkeşliyi? Qarabağda 67 məscid dağıdıldı. Bunların əksəriyyəti şiə məzhəbində olan insanların ibadət etdiyi məscidlər idi. İran özünü şiə təəssübkeşi sayırsa, niyə məscidləri donuz tövləsinə çevirən erməniyə qarşı reaksiya göstərmədi. Paşinyan (Ermənistanın baş naziri-red) ən yüksək formada qarşılandı. Hətta İranın rəhbəri ona “Hacı ağa buyur” deyə müraciət etdi. Paşinyanın həyat yoldaşı Həzrəti Məsumənin ziyarətgahına aparıldı. Bu hansı islam və əhli-beyt dəyərlərinə sığır. Buna görə də, rahatlıqla deyə bilərik ki, İran İslam Respublikası İslamı və şiəliyi təmsil etmir”, – rektor vurğulayıb.