İranın Tehran əyalətinin Rey şəhərində 50 nəfərin əmlak və aktivləri müsadirə edilib. Həmin şəxslər ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə ittiham olunurlar.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rey bölgəsinin ümumi və inqilab prokuroru Məhəmmədmehdi Rəhimi məlumat verib.
Onun sözlərinə görə, prokurorluq və kəşfiyyat orqanlarının birgə əməliyyatı nəticəsində ölkənin təhlükəsizliyini pozmağa və zərər vurmağa cəhd etməkdə şübhəli bilinən 50 nəfərin əmlakı və aktivləri müsadirə olunub.
Rəhimi bildirib ki, əvvəlki etiraz aksiyaları zamanı saxlanılan bir sıra şəxslərlə bağlı məhkəmə qərarları çıxarılıb və onlar hazırda həbsdədirlər.
Bununla belə, prokurorluq əmlakı müsadirə olunan şəxslərin kimliyi, onlara qarşı irəli sürülən konkret ittihamlar, qərarları qəbul edən məhkəmə instansiyası və müsadirə edilmiş aktivlərin ümumi dəyəri barədə məlumat açıqlamayıb.
Rəsmilər yalnız həmin şəxslərin “təhlükəsizlik əleyhinə fəaliyyətlər”də ittiham olunduqlarını bildiriblər.


























