İranın Ermənistandakı səfiri Xəlil Şirqulami ABŞ-nin İran sərhədləri yaxınlığında hərbi və təhlükəsizlik qüvvələrinin mövcudluğuna Tehran tərəfindən yol verilməyəcəyini bildirib.
Şirqulami İrəvanda keçirilən “TRIPP Layihəsi haqqında düşüncələr” adlı elmi konfransda çıxış edərək layihənin icra mexanizmlərinin hələ tam formalaşmadığını və prosesin davam etdiyini deyib.
O, bu mexanizmlərin Ermənistanın milli suverenliyi və ərazi bütövlüyünə, eləcə də İran-Ermənistan münasibətlərinə zərər verməyəcək şəkildə qurulmasının vacibliyini vurğulayıb.
Zəngəzur dəhlizinə qarşı olduqlarını bildirən İran diplomatı bunu Ermənistanın milli suverenliyinə zidd hesab etdiklərini deyib. Onun sözlərinə görə, Ermənistanın suverenliyi və ərazi bütövlüyü İran üçün də “qırmızı xətt”dir. Şirqulami əlavə edib ki, Tehran ABŞ-nin İran sərhədləri yaxınlığında hərbi və təhlükəsizlik sahəsində mövcudluğuna dözməyəcək və İranın milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə qətiyyətlə reaksiya verəcək.
İranın İrəvandakı səfiri iddia edib ki, Ermənistan Azərbaycanla bağlı məsələnin həllinə, Naxçıvanla Azərbaycan arasında quru əlaqəsinin təmin olunmasına və sülh prosesinə töhfə verməklə məsuliyyətli mövqe nümayiş etdirib. Onun sözlərinə görə, eyni şəkildə Azərbaycandan da Naxçıvan ərazisindən İranla Ermənistan arasında dəmir yolu əlaqəsinin təmin olunması istiqamətində məsuliyyətli davranması gözlənilir.
Səfir, habelə, İran və Ermənistan arasında institusional kommunikasiya mexanizminin yaradılmasının vacibliyini qeyd edib. O, “Dörd yol” təşəbbüsünü dəstəklədiklərini, Culfa ilə Yerasax arasında dəmir yolu xəttinin yaradılmasının Ermənistan üçün yeni imkanlar aça biləcəyini bildirib.
Şirqulami Cənubi Qafqazda 3+3 formatında regional əməkdaşlığın inkişafını dəstəklədiklərini və regionun böyük dövlətlər arasında qarşıdurma meydanına çevrilməsini istəmədiklərini vurğulayıb.


























