Əmanətdən Liderliyə
Tarix bəzən öz böyük oğullarını bir əsrə deyil, bir millətin taleyinə göndərir. Azərbaycan üçün o böyük oğullardan biri Heydər Əliyev idi. O, bir ömür boyu bir ideyanın — müstəqil, güclü və əbədi Azərbaycan ideyasının daşıyıcısı oldu. O, xalqını qaranlıqdan işığa çıxardı, milli şüuru oyatdı, dövlət qurdu, əsrin təlatümləri arasında millətinə kimliyini, varlığını və istiqamətini qaytardı. Lakin hər böyük ideya kimi bu ideyanın da yaşaması üçün bir varis, bir davam lazımdı — o, özündən sonra gələcək bir iradə, bir ruh seçdi. Bu ruh İlham Əliyevin timsalında bədən tapdı.
2003-cü ilin payızı Azərbaycan üçün təkcə siyasi seçki mövsümü deyildi. Bu, bir epoxanın son nəfəsi ilə yeni nəfəsinin qovuşduğu məqam idi. O günlərdə xalqın qəlbində həm kədər, həm ümid vardı — çünki Ulu Öndərin nurlu siması xalqın yaddaşında əbədi yaşayacaq, amma onun yeri boş qalarsa, millətin taleyi yenə sınaqlara çəkilə bilərdi. Hər bir evdə, hər bir meydanda, hər bir ürəkdə eyni sual səslənirdi: “Bəs indi kim olacaq?” Və o cavab artıq tarix tərəfindən yazılmışdı.
Heydər Əliyevin “Mən İlhamı xalqa əmanət edirəm” kəlməsi təkcə ata məhəbbətinin deyil, dövlət yaddaşının, siyasi zəkânın və tarixi uzaqgörənliyin bəyanı idi. O anda sanki bir nəsil öz işığını növbəti nəslə ötürürdü. İlham Əliyev sadəcə bir varis deyildi — o, bir məktəbin yetirməsi, bir dövrün bədənə çevrilmiş ideyası idi. Onun simasında həm Ulu Öndərin təmkinini, həm də yeni əsrin dinamikliyini görmək olurdu. Gənc idi, amma baxışında böyük məsuliyyətin dərinliyi vardı. O, bu yola övlad borcu ilə deyil, xalq borcu ilə çıxmışdı.
2003-cü ilin oktyabr günlərində Bakının küçələrində qəribə bir ruh dolaşırdı. İnsanlar səssiz, amma inamla gələcəyə baxırdılar. Sanki bu xalq uzun bir sınaqdan sonra yenidən nəfəs alırdı. Prezident seçkilərinin nəticələri elan olunanda meydanlara yayılan sevinc təkcə bir insanın qələbəsi deyildi — bu, sabitliyin, ardıcıllığın və dövlətçiliyin qələbəsi idi. Ulu Öndərin ideyası yaşayırdı, onun başladığı yol davam edirdi.
Strateji quruculuq və iqtisadi qalxan
O ilk illər asan olmadı. Regionda müharibələr, böhranlar, terror dalğaları tüğyan edirdi. Dünyanın siyasi xəritəsi dəyişirdi, neftin qiyməti enib qalxırdı, enerji bazarları çalxalanırdı. Amma Azərbaycan öz kursundan dönmədi. Yeni Prezidentin rəhbərliyində ölkə addım-addım güclənməyə, sabitləşməyə başladı. İlham Əliyev hər çıxışında bir fikri təkrar edirdi: “Bizim yolumuz müstəqillik yoludur.” Bu, sadəcə bir siyasi şüar deyildi, dövlətin varlıq manifesti idi.
İlham Əliyev idarəetməni başlayanda bir şeyi dəqiqləşdirdi ki, müstəqil dövlətin təməli iqtisadiyyat deyil, ordu deyil, neft də deyil — təməl insandır. O, insanın ləyaqətini, sosial rifahını dövlət siyasətinin mərkəzinə qoydu. Hər addımında xalqın etimadını qorumağa çalışdı. Şəhid ailələrinin, müharibə əlillərinin, aztəminatlı ailələrin qayğısı onun üçün təkcə sosial məsələ yox, mənəvi borc idi. Yoxsulluqla mübarizə, sosial yardımların genişlənməsi, əməkhaqqı və pensiyaların artımı — bütün bunlar arxasında “dövlət xalq üçündür” fəlsəfəsini daşıyırdı.
O, ölkənin taleyinə yalnız idarəçi kimi deyil, mühəndis kimi yanaşdı. Dövlətin hər sütununu yenidən yoxladı, zəif bünövrələri gücləndirdi. Və ən mühüm addımlardan biri — korrupsiya və bürokratiya ilə mübarizə idi. Bu mübarizənin ən simvolik nəticəsi “ASAN Xidmət”in yaradılması oldu. Gənc, şəffaf, operativ və dürüst dövlət modeli. Dünyanın diqqətini çəkən bu yenilik təkcə texnoloji islahat deyildi, bu, xalqla dövlət arasında etimad körpüsü idi. Vətəndaş ilk dəfə dövlət qapısını qorxuyla deyil, inamla açdı.
İlham Əliyev eyni zamanda Heydər Əliyev məktəbinin ruhunu saxlayaraq onu yeni zamana uyğunlaşdırdı. Əgər Ulu Öndər müstəqilliyin memarı idisə, İlham Əliyev onun müasir memarlığını yaratdı. O, dövlət idarəetməsinə gəncliyi, texnologiyanı, beynəlxalq təcrübəni gətirdi. Onun dönəmi həm də yenilənən dövlət ruhunun dövrü oldu. Bu yenilənmənin ən parlaq təzahürü gənclərin dövlət həyatına fəal qatılması idi. “Biz gələcəyimizi gənclərə etibar edirik” deyən Prezident, əslində, Azərbaycanın müasirliklə ənənə arasındakı körpüsünü qururdu.
O dövrdə Azərbaycan artıq fərqli bir ritmlə nəfəs alırdı. Küçələrdə quruculuq səsi, zavodlarda yeni texnika səsi, universitetlərdə gənc alimlərin səsi gəlirdi. İnsanlar ölkələrinin dəyişdiyini görürdülər. Bu dəyişiklik təkcə iqtisadi göstəricilərdə deyil, millətin ruh halında hiss olunurdu. Vətəndaş artıq “nə vaxt” sualını vermir, “nəyi necə edəcəyik” deyirdi. Çünki dövlətin başında bir lider vardı ki, o, sabah haqqında danışanda, sabah artıq doğulurdu.
Bir vaxtlar təlatümlərlə dolu olan ölkə indi sabitliyin və inamın məkanına çevrilmişdi. Daxili vəhdət, siyasi balans, milli həmrəylik — bunlar təsadüfi deyil, məqsədyönlü siyasətin nəticəsi idi. İlham Əliyev xalqla iqtidar arasında emosional bağ qurmağı bacardı. O, yalnız tribunadan danışmırdı, xalqın dilində, xalqın hissləri ilə danışırdı. Hər bir kəndə, rayona, bölgəyə səfəri sadəcə rəsmi protokol deyildi; bu, liderin xalqla nəfəs aldığı anlar idi. İnsanlar onun sükutunda da söz tapırdılar, baxışında da qərar, davranışında da məsuliyyət görürdülər.
İlham Əliyevin liderliyi illəri Azərbaycan tarixində ikinci dirçəliş dövrü kimi qalacaq. Birinci dirçəlişi Heydər Əliyev dövlətin bünövrəsini qoymaqla etdi, ikinci dirçəlişi İlham Əliyev bu dövlətin qloballaşan dünyada ayaqda qalmasını təmin etməklə. O, həm daxili sabitliyi qorudu, həm də beynəlxalq meydanda Azərbaycanın səsini ucaltdı.
Bu illərdə ölkə yalnız iqtisadi göstəricilərdə deyil, öz mənəvi gücündə də böyüdü. Artıq hər bir vətəndaşın ürəyində bir inam vardı: “Azərbaycan dövləti var və bu dövlət sabah da olacaq.” Bu inam təkcə siyasətin deyil, milli ruhun qələbəsi idi. Azərbaycan xalqı ilk dəfə idi ki, öz dövlətinə bu qədər inanır, öz liderinə bu qədər güvənirdi.
Bu inamın əsasında isə sadə bir həqiqət dayanırdı — İlham Əliyev dövlət başçısı kimi deyil, xalqın oğlu kimi idarə edirdi. O, xalqı uzaqdan seyr etmədi, onun içində yaşadı, onun ağrısını, sevincini, həyəcanını paylaşdı. Onun liderliyi məhz bu səmimiyyətin üzərində quruldu.
Və beləcə, Azərbaycan yeni bir mərhələyə qədəm qoydu — sabitliyin, quruculuğun, güclü dövlətçiliyin mərhələsinə. Hər ili bir əsrə bərabər olan bu illər, əslində, gələcək Zəfərin təməl daşı idi. Tarix səssiz, amma dərin sükutla bir həqiqəti pıçıldayırdı: Zamanın oğlu doğulub.
Azərbaycanın taleyi uzun illər qaranlıqdan işığa doğru yol alırdı. Hər daşın altında bir hekayə, hər küləyin arxasında bir savaş vardı. 2003-cü ildən sonra isə bu savaş artıq müasir iqtisadi və strateji müstəqillik uğrunda aparılırdı. İlham Əliyev yalnız siyasi lider deyildi; o, həm də bir strateq, bir arxitektor, bir mühəndis idi — ölkənin hər gəlirini, hər resursunu gələcəyin möhkəm sütunlarına çevirirdi.
O, Ulu Öndərin neft strategiyasını sadəcə qorumaqla kifayətlənmədi. Nefti bir sərvət kimi görməklə yanaşı, onu strateji güc mənbəyinə çevirdi. Dövlət büdcəsinin və valyuta ehtiyatlarının sürətlə artması, Azərbaycanın iqtisadi qalxanının möhkəmlənməsi təkcə rəqəmlərdə yox, xalqın həyatında da hiss olunurdu. İnsanlar öz evlərinin işığında, məktəblərin istiliyində, yolların təmizlik və düzənində bu gücü yaşayırdılar.
İlham Əliyevin hədəfi yalnız “qızıl zəncirdən” asılı iqtisadiyyat yaratmaq deyildi. O, neftdən asılı olmayan iqtisadiyyatın lokomotivlərini işə saldı: aqrar sektor, turizm, informasiya texnologiyaları. Hər sahə bir-birinə bağlı bir zəncir kimi işləyirdi, bir uğur digər uğuru doğururdu. Azərbaycanın “Doing Business” reytinqlərində sürətlə yüksəlməsi təkcə diplomatik uğur deyildi — bu, yenilikçi idarəetmənin və qeyri-neft sektorunun parlaq nəticəsi idi.
Lakin ölkənin iqtisadi-siyasi triumfunun simvolik tacı enerji diplomatiyası oldu. “Cənub Qaz Dəhlizi” ilə Azərbaycan yalnız öz enerji ehtiyatlarını sığortalamaqla qalmadı, həm də Avropanın enerji təhlükəsizliyinə həyati nəfəs verdi. TANAP və TAP kəmərləri Azərbaycanın dünya xəritəsində strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bu layihələr həm də geosiyasi mesaj idi: Azərbaycan həm enerji təchizatçısı, həm də etibarlı tərəfdaşdır.
Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Limanı qədim İpək Yolunu yenidən canlandırdı. Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də Avrasiyanın nəqliyyat və ticarət qovşağı idi. Tarixi şəhərlərin qapılarını açan bu dəmir yolları sanki keçmişlə gələcəyi birləşdirirdi, xalqı dünya ilə daha da sıx bağlayırdı.
İqtisadi gücün arxasında isə İlham Əliyevin qlobal diplomatiyada dəmir məntiqi dayanırdı. O, regionun və dünyanın siyasi proseslərinə passiv seyrçi kimi baxmadı; o, aktiv, qətiyyətli və hesablama bacarığı yüksək lider kimi hər addımı atdı. Azərbaycanın mövqeyi beynəlxalq arenada söz sahibi olmağa başladı. BMT-də, Qoşulmama Hərəkatında, enerji və təhlükəsizlik sammitlərində Azərbaycan yalnız iştirakçı deyil, nüfuz sahibi oldu.
Bu diplomatik mövqe Azərbaycanın daxili siyasətini də möhkəmləndirdi. Xarici mühitdə gücünü nümayiş etdirən dövlət, daxildə də sabitliyi qoruyur, milli iradəni möhkəmləndirirdi. “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” — bu təkcə bir bəyanat deyildi; bu, illər boyu diplomatiya, iqtisadi güc, hərbi hazırlıq və xalq birliyinin birləşmiş strategiyasının nəticəsi idi.
İlham Əliyev eyni zamanda Türkiyə ilə münasibətləri strateji müttəfiqlik zirvəsinə yüksəltdi. Şuşa Bəyannaməsi yalnız sənəd deyildi; bu, iki dövlət arasında tarixi və geosiyasi ittifaqın rəmzi idi. Regionda sabitliyi qorumaq, müasir terrorizm və digər çağırışlarla mübarizə aparmaq Azərbaycanın yalnız daxili deyil, qlobal təhlükəsizlik aktoru olduğunu sübut etdi.
Bütün bu iqtisadi və diplomatik uğurların təməlində isə İlham Əliyevin güclü liderlik ruhu və xalqla birliyi dayanırdı. O, hər bir qərarında millətin taleyini, dövlətin sabitliyini düşünürdü. Onun siyasəti həm rasional, həm də emosional idi — həm tarixi və hüquqi məntiqə, həm də xalqın hisslərinə söykənirdi.
İqtisadi dirçəliş, strateji güc və diplomatik uğurlar isə yalnız bir hazırlıq idi. 2020-ci ilin sentyabrında Azərbaycanın qəlbində müasir bir epopeya başladı. 44 günlük Vətən Müharibəsi, “Dəmir Yumruq” əməliyyatı və Şuşanın azad edilməsi — bütün bunlar İlham Əliyevin illərlə qurduğu iqtisadi güc, diplomatik hazırlıq və xalq-iqtidar birliyinin tarixi zirvəsi oldu.
İlham Əliyevin iqtisadi-siyasi triumfu yalnız mühasibat rəqəmləri deyil, həm də xalqın qüruru, ordunun gücü və dövlətin əbədi mövcudluğunun təminatı idi. Hər neft borusu, hər yeni yol, hər beynəlxalq müqavilə Azərbaycanın müstəqil və güclü dövlət obrazını tamamlayırdı. Tarix sanki pıçııldayırdı: güclü iqtisadiyyat və qətiyyətli diplomatiya olmadan suverenlik möhkəm qala bilməzdi.
Zəfərin triumfu və böyük mənəvi qayıdış
Qarabağ sükut içində ağlayan bir torpaq idi. İllər boyunca yuxusuz gecələr, göz yaşları və unudulmaz qüssə onun daşlarına hopmuşdu. Hər bir təpə, hər bir dərədə həsrət vardı. İnsanlar uzaqdan baxır, xəyallarda yaşadırdılar sevdiklərini, amma orada hər addım tarixi ədalətin gecikmiş çağırışı kimi səslənirdi.
2020-ci ilin 27 sentyabrında sanki bu çağırış artıq döyüşün başlanğıcı idi. Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın əmri ilə hücuma keçdi. Bu hücum təkcə hərbi əməliyyat deyildi; bu, tarixin qan yaddaşını, ədalətin zəngini çağırmaq idi. Hər mərtəbədə, hər yüksəklikdə, hər kənddə Azərbaycanın iradəsi dəmir yumruq kimi hiss olunurdu. Əsgərlər təkcə torpağı deyil, xalqın arzularını da daşıyırdılar.
Şuşanın azad edilməsi — 8 noyabr 2020 — müharibənin zirvəsi oldu. Bu, təkcə şəhərin alınması deyildi; bu, mənəvi qələbənin tacı, Azərbaycanın əbədi mövqeyinin simvolu idi. Orada ucalan hər Azərbaycan bayrağı, düşmənin miflərini yerlə bir edir, gələcək nəsillərə bir dərs verir: ədalət gec də olsa bərpa olunur, haqq qalib gəlir.
44 günlük müharibə göstərdi ki, güc yalnız orduda deyil, həm də xalq-iqtidar birliyindədir. İnsanlar hər bir xəbərə, hər bir qalibiyyətə ürəklərində sevinc və qürur hissi ilə reaksiya verirdilər. Müharibə yalnız torpaq uğrunda deyil, həm də millətin ruhu uğrunda aparılırdı. Hər top səsi, hər raket səsi, hər ucalan bayraq Azərbaycanın dirçəliş marşı idi.
Müharibədən sonra başlayan böyük qayıdış isə təkcə fiziki deyil, mənəvi bir dirçəliş idi. Azad edilmiş torpaqlar artıq yenidən doğulmaq üçün hazır idi. Füzuli Hava Limanı, Şuşa Mədəniyyət Paytaxtı, Ağıllı kəndlər — bunlar sadəcə tikilmiş binalar deyildi. Bu yerlər Azərbaycanın Dəmir İradəsinin, qətiyyətinin və böyük gələcəyə olan ümidinin simvolu idi. Tarixin səhifələri bu layihələri yazır, gələcək nəsillər üçün örnək qoyurdu.
Prezident İlham Əliyev, yalnız müharibənin deyil, həm də bərpa prosesinin başında dayanaraq, regionların inkişafını tarixi missiya kimi qəbul etdi. Yol, məktəb, xəstəxana, idman kompleksi — hər yeni obyekt millətin həmrəylik və güc rəmzi idi. Regionlar artıq yalnız resurs məkanı deyil, insanların öz doğma torpaqlarında yaşaya, işləyə və inkişaf edə biləcəyi yerlərə çevrilirdi.
Eyni zamanda, təhsil və elm bu dirçəlişin mərkəzində dayanırdı. Gələcəyin liderləri, alimləri və vətəndaşları üçün yaradılan yeni imkanlar, qlobal biliklər işığında formalaşan bir nəsil, Azərbaycanın əbədi yüksəlişinin təminatçısı oldu. Ali məktəblər modernləşdi, gənclər beynəlxalq təcrübə ilə zənginləşdirildi, elm və texnologiya parkları isə gələcək iqtisadi və intellektual gücün təməl daşlarını qoydu.
Azərbaycanın multikultural və tolerant ruhu da bu bərpa dövründə öz parlaq simasını göstərdi. Qarabağda tarixi və dini abidələrin bərpası, müxtəlif etnik və dini qrupların bir arada yaşaması, multikulturalizmin dünya brendi kimi təqdim olunması, ölkənin həm daxili, həm də qlobal səhnədə mədəni güc kimi tanınmasını təmin etdi.
İdman da Azərbaycanın qlobal simasını gücləndirdi. “Bakı-2015” I Avropa Oyunları və “Formula-1” yarışları, xalqın enerjisini, idmançının gücünü və dövlətin təşkilatçılıq qabiliyyətini beynəlxalq aləmdə nümayiş etdirdi. Hər medal, hər uğur təkcə idman nailiyyəti deyildi; bu, Qalib Xalqın ruhunun təntənəsi idi.
Beləcə, Azərbaycan 44 günlük Zəfərdən sonra yalnız torpaqlarını deyil, həm də millətinin ruhunu bərpa etdi. İlham Əliyevin rəhbərliyi altında bu qayıdış, tarixi ədalətin bərpası, gələcəyin qurulması və xalqın gücünün nümayişi kimi yaddaşlara həkk olundu. Dövlətin hər yeni addımı, hər açılan məktəb və xəstəxana, hər bərpa olunan kənd və şəhər Azərbaycanın gələcəyə inamlı addımı idi.
Azərbaycan xalqı indi öz dövlətinə inanır, gələcəyə ümidlə baxır, hər bir gənc öz bacarığını reallaşdırmaq üçün imkan tapır. Regionların hər guşəsində quruculuq işləri aparılır, yollar çəkilir, su, işıq və rabitə infrastrukturu modernləşir. Bu bərpa və inkişaf dalğası sanki bir xalqın təkrar doğulmasıdır. Tarixi əfsanə, torpaqların azadlığı və insanların gələcəyə inamı birləşərək milli epopeyanın son səhifələrini yazır.
Bu tarixi Zəfər və Qayıdış prosesi yalnız maddi bərpa ilə məhdudlaşmadı. Prezident İlham Əliyevin elmi ictimaiyyət qarşısında qoyduğu yeni çağırışlar, mübarizənin artıq intellektual müstəviyə keçdiyini göstərir. AMEA-nın 80 illik yubiley tədbirində səsləndirilən fikirlərdə dövlət başçısı Azərbaycan dilinin saflığının qorunması, elmi dilin yabançı terminlərdən təmizlənməsi kimi mədəni özünüdərk məsələlərinə xüsusi diqqət yetirdi. Bundan əlavə, Qərbi Azərbaycana Böyük Qayıdışın sülhə, ədalətə və birgəyaşayışa əsaslanan konsepsiyası elmi-tədqiqat işlərinin mərkəzinə qoyuldu. Ən vacib strateji məsələ isə Qərbi Azərbaycan toponimlərinin bərpası və həqiqi tarixi adlarla tədqiqi idi. Bu addımlar, dövlət siyasətinin hərbi və iqtisadi qətiyyətlə yanaşı, həm də milli kimlik, dil və tarixi yaddaş üzərində qurulan mənəvi təməllə möhkəmləndirilməsini təmin etdi.
Beləliklə, Azərbaycan həm tarixi Zəfərin, həm də Böyük Qayıdışın məkanına çevrildi. İlham Əliyevin rəhbərliyi altında ölkə yalnız güclü və müstəqil deyil, həm də insan kapitalı, mədəniyyət və multikulturalizm baxımından zəngin, regionları ilə bərabər inkişaf edən bir dövlət oldu. Bu epopeya, bir xalqın iradəsinin, liderin qətiyyətinin və dövlət siyasətinin harmoniyasının əbədi dastanıdır.
Qüdrətli Azərbaycan: Əbədiyyətin simvolu
Azərbaycan artıq yalnız coğrafi məkan deyil, bir epopeyadır. Qələbənin, azadlığın, iradənin və dövlət iradəsinin birləşdiyi məkan. Bu torpaqların hər daşı, hər daş divarı və hər ucalan bayrağı özündə bir tarixi dastanı saxlayır. İlham Əliyevin rəhbərliyi altında bu dastan yalnız sözlərdə deyil, həm də güclü və müstəqil dövlətin hər addımında, hər infrastruktur layihəsində və hər insanın həyatında əks olunur.
Müstəqil Azərbaycan artıq tarixi ədaləti bərpa etmiş, suverenliyini tam təmin etmiş, iqtisadi və diplomatik baxımdan güclü bir dövlət kimi dünya səhnəsində öz yerini möhkəmlədib. Hər uğur, hər nailiyyət sanki bir epoxanın parlaq səhifələrinə yazılır, gələcək nəsillərə iradənin və birliyin əbədi simvolu kimi çatdırılır.
Böyük qayıdışın və bərpa prosesinin şahidliyi göstərdi ki, Azərbaycan yalnız torpaqlarını deyil, həm də xalqın ruhunu və milli kimliyini bərpa edir. Hər məktəb, xəstəxana, yol və liman təkcə fiziki obyekt deyildi; bu, xalqın gələcəyinə qoyulan investisiya, gələcək nəsillərin inamlı addımı və dövlətin müstəqilliyinin simvoludur.
Gələcək, İlham Əliyevin siyasətində həm də insan kapitalına yatırım deməkdir. Təhsil islahatları, gənc nəslin beynəlxalq təcrübəyə açılması, elm və texnologiyanın inkişafı, innovasiya parkları — bunlar yalnız gələcək üçün deyil, Azərbaycanın əbədi yüksəlişi üçün strateji sütunlarıdır. Hər yeni gənc lider, hər yeni alim və hər yenilikçi təşəbbüs ölkənin müstəqil gələcəyinin zəmanətidir.
İdman və mədəniyyət də Azərbaycanın qlobal simasını gücləndirir. Bakı-2015 Avropa Oyunları, Formula-1, multikulturalizm layihələri və tarixi abidələrin bərpası — bunlar yalnız tədbir və layihələr deyildi; bu, Azərbaycanın dünyaya açılan pəncərəsi, qlobal diplomatiyada və mədəniyyət sahəsində söz sahibi olmasının sübutudur. Hər medal, hər uğur, hər multikultural layihə xalqın qürurunu və dövlətin qüdrətini nümayiş etdirir.
Azərbaycanın tarixi Zəfəri və Böyük Qayıdışı indi artıq əbədi dastan kimi yazılıb. 44 günlük müharibə, Şuşanın azad edilməsi, regionların inkişafı, yeni infrastruktur layihələri və təhsil-elm proqramları bir-birinə bağlanaraq qətiyyətli və güclü Azərbaycan obrazını yaradırdı. Bu dastan, həm də xalqın iradəsi və dövlətin strategiyasının harmoniyasıdır.
İlham Əliyev bu epopeyanın zirvəsində dayanır. O, yalnız lider deyil, həm də bir tarixi süjetin yazarı, bir xalqın qələbə ruhunun daşıyıcısıdır. Onun siyasəti, hər addımı, hər qərarı və hər təşəbbüsü Azərbaycanın müstəqilliyinin, suverenliyinin və gələcəyə inamının əbədiləşməsini təmin edir.
Beləcə, Azərbaycan 22 illik müasir tarixində yalnız torpaqlarını və dövlətini deyil, həm də xalqın ruhunu, iradəsini və milli kimliyini əbədi olaraq bərpa etdi. Bu epopeya artıq tamamlanmış, amma hər səhifəsi gələcək nəsillərə məktub, iradənin və birliyin örnəyi kimi qalmışdır. Müstəqil Azərbaycan indi bir qalib xalqın əbədi eposu, bir iradə, qətiyyət və zəfər dastanıdır. Bu dastan həm keçmişin qürurunu, həm də gələcəyin sarsılmaz təməlini daşıyır. İlham Əliyev zirvədə dayanaraq, Qalib xalqın qəlbində əbədiləşmiş Lider kimi, müstəqil, qüdrətli və əbədi Azərbaycanın dəyişməz simvoluna çevrilmişdir.
Şəmsi QOCA,
Qərbi Azərbaycan İcması
Aparatının elmi işçisi


























