İsrail Knessetində məhkəmə islahatları çərçivəsində ilk qanun layihəsinin qəbulundan sonra etirazlar daha da güclənib. Səhiyyə sektorunun işçiləri elan edilən tətilə qoşularaq qanun layihəsinin qəbuluna etirazlarını bildirirlər. Vətəninfo.az “Jerusalem Post”a istinadən verdiyi məlumata görə , tibb işçilərinin 73%-i iyulun 25-də tətilə qoşulacaq.
Etiraz aksiyaları gecə saatlarında da davam edib. Etirazçılar magistral yolları bağlayıblar. “The Times of Israel”in yazdığına görə, atlı polis və su şırnaqları Təl-Əvivin əsas magistrallarından birini yalnız gecə saat 1-dən sonra aça bilib, baxmayaraq ki, minlərlə etirazçı yaxınlıqdakı kəsişmədə nümayişi davam etdirib.
Polis Qüdsdə də etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Knessetin qarşısına toplaşan etirazçılar daha sonra magistral yollardan birini bağlayıb və Ali Məhkəmənin binası qarşısında nümayiş keçiriblər. Asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma zamanı azı 5 etirazçı və 3 polis əməkdaşı yaralanıb.
İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatları mövzusunda siyasi müxalifətlə dialoqu bərpa edəcəyini açıqlayıb.
ABŞ İsrail liderlərini məhkəmə islahatları ilə bağlı konsensus tapmağa çağırıb. Ağ Evin mətbuat katibinin sözlərinə görə, ölkə prezidenti Co Bayden bəyan edib ki, demokratik ölkədə ciddi dəyişikliklər mümkün qədər geniş konsensusa malik olmalıdır.