Jurnalist Çingiz Səfərli sosial şəbəkə hesabında Mədəniyyət Nazirliyinin müəllimlərin imtahan keçirməsi ilə bağlı fikirlərini yazıb. Oxuculara maraqlı olacağını nəzərə alıb yazını təqdim edirik.
Mədəniyyət Nazirliyinin “imtahan-imtahan” oyunu davam edir. Musiqi məktəblərinə müəllimlərin işə qəbulu müsabiqəsi yekunlaşmamış nazirlik yerdəyişmə müsabiqəsini icra edib. Belə ki, ötən gün musiqi məktəblərinə müəllimlərin yerdəyişməsi üzrə müsahibələr keçirilib.
İşin ilginc tərəfi isə budur ki, Mədəniyyət Nazirliyi musiqi məktəblərinə yerdəyişmə müsabiqəsini ictimaiyyətdən gizli şəkildə həyata keçirir. Mədəniyyət Nazirliyinin rəsmi saytında faktiki olaraq yerdəyişmə ilə bağlı (yerdəyişmənin nə zaman keçiriləcəyi, qeydiyyat, iştirakçıların sayı və s.) öncədən heç bir məlumat verilməyib.
Vakant yerlər və qeydiyyatla bağlı gizli link regional mədəniyyət idarələri vasitəsilə öncədən musiqi məktəblərinə göndərilir və hazırda çalışan müəllimlər bu formada müsahibəyə qatılırlar.
Qaydalara əsasən yerdəyişmə müsabiqə şərtləri eyni olan ərazilər daxilində aparılmalıdır. Yəni, digər region məktəblərində çalışanlar Bakı, Sumqayıt, Gəncə və Abşeron istisna olmaqla yerdəyişmə etməlidirlər. Lakin prosesin gizli aparılması şəffaflığın pozulduğuna dair haqlı şübhələr yaradır. Çünki yerdəyişmə üçün nə qədər şəxsin müraciət etdiyi, nə qədər vakansiya verildiyi, vakant yerlərin hansı məktəblər üzrə çıxarıldığı və nəhayət yerdəyişmə müsabiqəsinin nəticələri sonda ictimaiyyətə açıqlanmır.
Mədəniyyət Nazirliyi saman altından su yeritməklə prosesdə şəffaflığa kölgə salırsa, işlər xısın-xısın görülürsə, deməli, Daşkəsəndə çalışan bir müəllim sadəcə yerdəyişmədə iştirak etməklə iş yerini Bakı və digər müsabiqə şərtləri fərqli regionların məktəblərinin birinə dəyişə bilər. Belə olduğu təqdirdə işə qəbul üçün imtahan vermiş namizədlərə təklif olunması nəzərdə tutulan daha münasib yerlər hazırda iş yeri olanlar tərəfindən tutulmuş olar. Bu halda da yəqin ki, yeni işə qəbul olunmaq istəyənlərə ucqar yerlərdə boşalmış vakansiyalar təqdim ediləcək. Kimlərsə bəlkə həmin təqdim olunan yerlərə gedəcək, amma hesab edirəm ki, çoxları bu vakansiyaları özləri üçün uyğun hesab etməyəcəklər. Belə olan halda, kobud desək “dağ başları” yenə boş qalacaq.
Digər tərəfdən yerdəyişməyə qatılanlar, əgər, elan olunan vakansiyaları tuturlarsa, o zaman əvvəl çalışdıqları yerlər də vakansiya kimi sistemə düşməlidir. Transferlərin hansı məktəblər üzrə aparıldığı, neçə nəfərin prosesdən keçdiyi açıqlanmadığı üçün onların əvvəlki yerlərinin vakansiyalara çıxarılıb-çıxarılmadığı və yaxud onların saatlarının bölünərək məktəbin digər müəllimlərinə verilmədiyi də məlum olmur.
Əslində isə proses necə olmalıdır?
Musiqi məktəbində vakant yerlər yarandığı təqdirdə bu yerlər açıq şəkildə Mədəniyyət Nazirliyinin sistemində görünməli və ya müsabiqədən əvvəl işə qəbul olunmaq istəyənlər üçün açıqlanmalıdır.
Mədəniyyət Nazirliyi özünü elə aparır ki, sanki prosesdən xəbəri yoxdur, yaxud musiqi məktəblərini Kənd Təsərrüfatı Nazirliyi idarə edir.