image-nahid-canbaxislibackend

“Media haqqında” yeni qanundan gözləntilər

image-reklam_sirab_01

Qırx dörd günlük qalibiyyətli Vətən müharibəsindən az sonra Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi dövlərin bu sahəyə olan diqqətinin göstəricisidir. Qeyd edilməlidir ki, 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır.

Yeni qanun layihəsinin mühüm xüsusiyyətlərindən biri media subyektlərinin dəqiq təsnifatını verməsi, eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış etməsidir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcəkdir.
Qanun layihəsinə əsasən jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Qeyd edək ki, qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir.
Qanunda yer alan digər məqam isə internet televiziyalarının lisenziya almaları barəsindədir. Lisenziya almayan internet televiziyaları öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.
Qanun həm də jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verərək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına da şərait yaradacaq. Yeni qanun ilə media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin edilərək media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişlərini aradan qaldıracaq. Bu da öz növbəsində jurnalistləri xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafına təşviq edəcəkdir.
Yeni qanuna əsasən çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Yaradılacaq reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.
Qanunda təsbit olunan “jurnalist anlayışı” xidmət müqaviləsi əsasında işləyən jurnalistləri də əhatə edir. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək.
Qanunda nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanın təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.

Nahid Canbaxışlı – “Veteninfo.az” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki