“Çox təəssüf ki, müəlimlər bu kimi hadisələrə uyğunlaşıblar, reaksiya vermirlər. Sanki belə də olmalıdır”.
Bu barədə Veteninfo.az-a təhsil üzrə ekspert Elçin Əfəndi son zamanalarda təhsil müəssisələrində şagirdlərin özbaşınalıqları ilə bağlı danışarkən deyib.
“Şagirdlərdə bu kimi hallara keçid dövrü, yeniyetməlik dövrü deyirik. Amma nəzərə alaq ki, bəzi liseylərdə oxuyan və bu kimi davranışlara yol verməyən şagidlər də bizim uşaqlarımızdır. Başlıca səbəbi liseylərdə və özəl məktəblərdə nizam-intizam və nəzarətin olmasıdır. Belə olduğu halda nə şagird, nə də müəllim bu cür hallara yol verir”.
Ekspertin sözlərinə görə, informasiya texnologiyalarının inkişafı bu cür neqativ halların yaranmasına təkan verir:
“Biz diqqətlə baxsaq görərik ki, sinifdə şagirdlər azdır. Oxuyan uşaqlar repetitor yanına gedir, hansı ki, həmin vaxtı sinifdə, dərsdə olmalıdırlar. Oxumayanlar da qalır dəsdə, müxtəlif sosial şəbəkələrə girirlər, videolar çəkirlər və paylaşırlar. Uşaqlar məktəbə gəlirlərsə, nəzarət altında saxlanılmalıdırlar. Və telefonlar mütləq onlardan alınmalıdır”.
Bu məsələlərdə valideylərin məsuliyyətsizliklərindən söz açan E.Əfəndi bildirib ki, valideynlər düzgün tərbiyə versələr, diqqət sərgiləsələr və nəzarətdə saxlasalar, bu kimi halların qarşısını nisbətən almaq olar:
“Reallıq ondan ibarətdir ki, valideynlər də məsuliyyyəti öz üzərlərindən atırlar. Repetitor yanına göndərməklə özlərini kənarda saxlayırlar.
Bu işləri düzgün şəkildə qurmaq üçün, ilk növbədə təhsili məktəbə qaytarmalıyıq, təhsil mütləq məktəbdə verilməlidir. Sinifdə şagird sayı 25 nəfər həddinə qədər müəyyən olunmalıdır. Hər bir auditoriyaya kamera quraşdırılmalıdır. Telefon dərs müddətində əllərindən alınmalıdır. Hər bir məktəbin daxilində nizam-intizam komissiyası olmalıdır. Təhsil nazirliyindən razılıq əldə olunmalı və ən azından DİN-in mühafizə polisi orada olmalıdır. Çünki, məktəblərdə narkomaniya məsələləri də var. Patı və/s kimi maddələr satılır və təbliq olunur. Və yaxud bəzi şagirlər bıçaq gəzdirirlər. Bu kimi amillər üçün mütləq orada polis əməkdaşı olmalıdır. Hətta deyərdim ki, bunu tətbiq etmək üçün biz gecikmişik.
Orta ümumtəhsil müəssislərində təhsilin əl çatanlığını təmin etməliyik. Şagird artıq düşünməlidir ki, mən məktəbə gedirəm və burada dərslərimi öyrənə biləcəyəm. Bu gün valideyn 300-400 manatını verir hazırlıqlara və bir növ məsuliyyəti öz üzərindən atır. Neqativ hal olduğu zaman isə “Mən sənə bu qədər pul verirəm, mənim pulumla dolanırsan, niyə uşağıma baxmırsan?” – deyir. Bu kimi sözlər müəllimə təzyiqdir.
Həmçinin, kişi müəlimləri prosesə qaytarmalıyıq. Onlar təhsi müəssisələrindən didərgin düşəndə bu kimi hadisələr çoxalır”, – deyə, ekspert vurğulayıb.
Rufina ALİ