image-resizebackend

“Millət 5 manat çörəkpuluna görə düzlərə düşüb, pərən-pərən olub“ – Tacir Şahmalıoğlu

image-reklam_sirab_01

Veteninfo.az Müğənni Tacir Şahmalıoğlunun müsahibəsin istinadla təqdim edir:

– Qarabağ işğaldan azad edildi. Sizi də ürəkdən təbrik edirik. Doğma yurdunuzu gedib görə bilmisinizmi?

– Bütün Azərbaycan xalqını Qarabağımızın azad olunması münasibətilə təbrik edirəm. Allahdan arzu edirəm ki, bütün həmyerlilərimiz öz doğma yurd-yuvasına qayıtsın. Əslində mən də öz yurduma getmişəm, amma müəyyən bir yerə qədər irəliləyə bilmişik. Tam gedib gəzmək mümkün olmayıb. Arzulayıram ki, tezliklə torpaqlarımız minalardan təmizlənsin və bizlər də rahat şəkildə gedib öz yurd-yuvamızı tapaq. Heç olmasa, bununla təskinlik tapaq.

– Tez-tez işğaldan azad olunan bölgələrə səfərlər təşkil olunur. Sənət adamlarını bu səfərlərdə görürük. Siz onlarla birgə gedirsinizmi?

– Doğrudur, tez-tez azad olunan bölgələrimizə səfərlər təşkil olunur. Mən səfərlərin təşkilatçılarına öz təşəkkürlərimi bildirirəm ki, belə səfərlər təşkil edirlər. Amma eyni zamanda təşkilatçılara Allahdan mərhəmət və insaf diləyirəm ki, səfər zamanı bir-iki sənətkarı da bu səfərlərə, konsertlərə dəvət etsinlər.

– Bununla bağlı harasa müraciət etmisinizmi?

– Xeyr. Mən ora dincəlməyə getmirəm ki, məzuniyyət vərəqəsi alam. Həmin yerlər hamımızın canımızı belə qurban verəcəyimiz, qəlbimizdə yaşayan bir yerdir. Ora hər bir həsrət çəkən azərbaycanlı getməlidir. Onlar özləri bunu nəzərə alıb, ədalətli hərəkət edib Qarabağ üçün dodağı dörd yerdən cırılan, 30 ildir həsrət çəkən binsanları dəvət etməlidirlər, lakin etmirlər.

– Bir müddət əvvəl Şuşada keçirilən “Xarıbülbül festivalı”nda sizi görmədik. Sizə qarşı ögey münasibət nə ilə bağlıdır?

– Bu insafla bağlıdır. İnsanda ədalət, insaf, mürvət yaxşı şeydir. Mən də onlara bu insafı, haqqı diləyirəm ki, bir az haqqa gəlsinlər. Həsrət çəkənləri yadlarına salsınlar. Allahdan onlara yalnız insaf diləyirəm…

– Ötən il Mədəniyyət naziri dəyişdi. Yeni təyinatdan sonra bu sektorda hansısa dəyişiklik hiss olunurmu?

– Yeni Mədəniyyət nazirimiz Anar Kərimovun alicənab insan olduğunu bilirəm. Bu haqda əvvəlcədən xəbər tutmuşam və ona böyük hörmətim var. Ancaq mən hələ ki, bu sektorda hər hansı dəyişiklik görməmişəm. Elə eyni insanlardır hələ də gedib-gəlir. Başqa heç nə görməmişəm. Bundan sonra Allahın köməkliyi ilə görsəm, bunu soruşsalar da, soruşmasalar da mütləq hər yerdə qeyd edəcəyəm.

– Azərbaycanda artıq bir ildən çoxdur toy məclislərinin keçirilməsinə icazə verilmir. Ayın 10-dan idman zalları, “Mall”lar açıldı. Amma bu qərar toylara aid edilmədi. Siz necə düşünürsünüz, sicə, toylara icazə verilməlidirmi?

– Əlbəttə ki, Ali Baş Komandanımız özü bu işlərin hamısını yaxşı bilir. Amma mən bir sənətkar kimi öz fikrimi deyirəm, toylar mütləq açılmalıdır. Çünki bu qədər millət 5 manat çörək pulundan ötrü düzlərə düşüb, pərən-pərən olub. Ölkəmizdə el şənlikləri təşkil olunsa, bu qədər camaat qırağa getməz. Eybi yox, qoy 5 manat olsun, amma öz vətənimizdə qazanaq. Ümumiyyətlə, Azərbaycanda hər şey toyla bağlıdır. Xırda və orta sahibkarların hamısının ticarətləri məhz toyla bağlıdır. Azərbaycanda toylarla bağlı qadağa aradan qalxsa, xalqımız yaxşı dolanar. Başqa ölkələrə üz tutmağa da ehtiyac qalmaz./Yenisabah.az-


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki