image-1680068912_2022-02-08-09-44-08wiqyg3hzlz9hdov63r7s_filebackend

Millət vəkilinə atılan güllə xalqa açılan atəşdir – Deputat

image-reklam_sirab_01

Dəyərli həmkarımız Fazil Mustafaya qarşı həyata keçirilmiş qəsd 90-cı illərin hadisələrini xatırladır. O illərdə Azərbaycanı çıxılmaz labirintə salmış xarici düşmənlərimiz və onların aramızdakı əlaltıları tez-tez terrora əl atmaqla müxtəlif siyasi qüvvələr arasında, eləcə də xalqla hakimiyyət arasında etimadsızlıq mühiti formalaşdırmağa və ölkə miqyasında xaos yaratmağa çalışırdılar. Təəssüf ki, bir çox hallarda buna da nail olurdular.

Bunu deputat Cavanşir Feyziyev özünün sosial media hesabında yazıb.

“O illərdə hakimiyyətə qayıdan Prezident Heydər Əliyev belə təxribatların qarşısını qətiyyətlə alaraq ölkədə siyasi sabitliyi bərqərar etməyə nail olmuşdu. 30 il sonra düşmənlərimiz yenidən fəallaşmağa cəhd göstərirlər. 90-cı illərdə Ziya Bünyadova, Elmar Hüseynova, Şəmsi Rəhimova, Afiyəddin Cəlilova açılan atəş bu gün ölkəmizin siyasi elitasında xüsusi çəkiyə malik olan partiya sədri, millət vəkili Fazil Mustafaya hədəflənib. Fazil Mustafa Azərbaycanın müstəqilləşmə hərəkatının başlanğıcından bu günədək ölkənin siyasi həyatında aktiv rol alan, vaxtilə iqtidar və daha sonra müxalif düşərgədə yorulmadan və usanmadan Vətənin azadlığı və cəmiyyətin rifahı üçün çalışan, cəmiyyəti narahat edən ən müxtəlif məsələləri cəsarətlə ictimai müzakirələrə çıxaran vətənpərvər bir insandır. Ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayan bir şəxsə qarşı qəsd cəhdi ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş bir terror siyasətindən xəbər verir”, – deyə deputat bildirib.

C.Feyziyev qeyd edib ki, terror aktının kimlər tərəfindən və hansı motivlərlə törədilməsi ilə bağlı ehtimallar isə kifayət qədər çoxdur: “Bu bölgəmizdə Azərbaycana qarşı aparılan düşmənçilik siyasəti ilə bağlı Fazil Mustafanın ayrı-ayrı dövlətlərin siyasi hakimiyyətlərinə qarşı qaldırdığı etiraz səsinə cavab atəşi də ola bilər. Bu həm də Vətən müharibəsində qazandığımız qələbədən sonra Azərbaycanın dünya miqyasında tutduğu yeri və oynadığı rolu həzm edə bilməyən qüvvələrin keçirdiyi sarsıntının göstəricisidir. Bu qəsd hadisəsi Azərbaycan siyasi mühitində formalaşmaqda olan siyasi konsensusun və daxili sabitliyin, konstruktiv siyasi dialoqun əleyhinə atılmış çirkin bir pozuculuq aktıdır. Bu azad olunmuş torpaqlarımızda geniş vüsət almış quruculuq işlərinə və Böyük Qayıdışa mane olmaq, dövlətimizin beynəlxalq miqyasda artan nüfuzuna xələl gətirmək üçün həyata keçirilən qanlı bir təxribatdır. Bu Qarabağ müharibəsi ərəfəsində ən geniş miqyasda öz təşəkkülünü tapmış və bu gün də xalqımız tərəfindən qorunub saxlanan milli həmrəyliyimizi sarsıtmaq cəhdidir. Lakin düşmən unudur ki, Qarabağ müharibəsinin alovundan uğurla çıxmış ümummilli həmrəyliyimizi bir atəşlə sarsıtmaq mümkün olmayacaq. Nəhayət, bir millət vəkilinə atılan güllə millətin özünə, Azərbaycan xalqına açılan atəşdir. Xalq olaraq hamılıqla, həmrəyliklə terrora qarşı dayanacaq, dövlətimiz ətrafında daha sıx birləşməklə düşmən qüvvələrin bütün niyyətlərini puç edəcəyik. Azərbaycan xalqına qarşı atəş açmağa cürət etmiş namərdlər isə tapılıb ən ciddi şəkildə cəzalandırılmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki