Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda Nazirlərin Dəyirmi Masasında iştirak edib.
Energetika Nazirliyindən verilən məlumata görə, açılış mərasimində çıxış edən nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson arasında bu ilin fevralında keçirilən görüşdən sonra İttifaqla enerji dialoquna diqqət çəkib. Bildirib ki, enerji dialoqunun əsas istiqamətlərini enerji sektorunun karbonsuzlaşdırılması, enerji keçidi, enerji səmərəliliyi, Avropaya əlavə həcmdə qaz, o cümlədən hidrogen ixracı üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi, digər “yaşıl enerji” növlərinin istehsalı və ixracı təşkil edir.
Məlumata görə, nazir çıxışında dayanıqlı, əlverişli və təhlükəsiz enerji təchizatının təmin edilməsinin vacibliyinə diqqət çəkərək, bu problemin həllinin diversifikasiya, enerji təhlükəsizliyi və yaşıl keçid üçlüyü arasında seçim edilməsində deyil, onların balanslaşdırılmış vəhdətində olduğunu bildirib. Keçid prosesində karbohidrogen mənşəli ən təmiz enerji mənbəyi kimi təbii qaz və bərpa olunan enerji mənbələrinin əks qütblər kimi deyil, enerji təchizatının daha da şaxələndirilməsini təmin edən bərabər mövqeyə malik enerji resursları kimi çıxış edəcəyi qeyd edilib.
Bildirilib ki, Cənub Qaz Dəhlizi enerji böhranı zamanı Avropa istehlakçılarını fasiləsiz və sərfəli təbii qazla təmin etməklə qısa müddət ərzində öz strateji əhəmiyyətini sübuta yetirib və Azərbaycan həm region, həm də Avropa ölkələri üçün etibarlı enerji təchizatçısı kimi rolunu davam etdirmək əzmindədir: “İndiyədək TAP vasitəsilə Avropaya 11,6 milyard kubmetr qaz nəql edilib. Cari ilin ilk dörd ayında Avropaya tədarük edilən 3,5 milyard kubmetr Azərbaycan qazının 3,1 milyard kubmetri İtaliyanın, 0,3 milyard kubmetri Yunanıstanın, 0,1 milyard kubmetri isə Bolqarıstanın payına düşüb. Hazırkı ixrac tempi ilə Avropaya qaz tədarükümüzün ilin sonuna kimi 10 milyard kubmetrdən çox olacağı gözlənilir”.
Həmçinin, Azərbaycanın dekarbonizasiya və “yaşıl enerji”yə keçidlə bağlı planları və həyata keçirilən layihələr barədə də geniş məlumat verilib. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımızın da Avropa İttifaqı ilə mövcud mütərəqqi enerji dialoqunun daha da inkişaf etdirilməsi üçün böyük imkanlar yaratdığı, hazırda Xəzərin külək potensialının təxminən 7 qeqavatından istifadə edilməklə “yaşıl enerji” istehsalı və bir hissəsinin Gürcüstan və Rumıniya vasitəsilə Qara dənizdə sualtı elektrik kabeli ilə Avropaya ixrac edilməsinə dair yeni layihənin nəzərdən keçirildiyi diqqətə çatdırılıb.
Tədbir qaz təchizatının təhlükəsizliyi, regional elektrik bazarı, yaşıl enerjiyə keçid və gələcəyə baxış mövzularında 4 panel sessiya ilə davam edib.