image-1628668540_untitled-1backend

Ona görə 3 minə yaxın şəhid vermədik ki, hər gün səhər… – Politoloq

image-reklam_sirab_01
“Ona görə 3 minə yaxın şəhid vermədik ki, hər gün səhər yuxudan erməni atəşi ilə ayılaq. Bu gün həmin atəş səsləri həm Qarabağdan, həm də Naxçıvandan eşidilir. Əgər bu gün Ermənistan ordusunun ünsürləri çox rahatlıqla əlini-qolunu sallayıb bütün silahları ilə Azərbaycan sərhədindən keçib Qarabağa gələ bilirlərsə, mən Vətən müharibəsində tam zəfər çaldığımızı deyə bilmərəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan hərbçilərinin izdihamlı hərbi maşın karvanı ilə Azərbaycan ərazisinə daşınmasını əks etdirən kadrlardan danışarkən deyib. Onun sözlərinə görə, zəfər çalan tərəf bütün prosesə, eyni zamanda öz sərhədinə ağalıq etməlidir:
“Ancaq bu gün bizim öz sərhədimizə, bütövlükdə dəhliz adlandırdığmız 5 km. enində olan bütün ərazilərə rus qoşunları nəzarət edir. Biz prosesə, xüsusi ilə nəzarət mexanizminə heç cür müdaxilə edə bilmirik. Belə bir qanun harada yazılıb? Bunu Azərbaycan xalqı istəmir.
Azərbaycan hakimiyyəti Azərbaycan xalqına dəqiq və səlis məlumat verməli və bunun qarşısını almalıdır”.
Politloq bildirib ki, Azərbaycan ictimaiyyəti nigarandır:
“Mətbuatda və sosial şəbəkələrdə yayılan informasiyalar və videolar cəmiyyətdə çox ciddi narazılıqla qarşılanır. Düşünürəm ki, buna Azərbaycan hakimiyyət strukturları, Müdafiə Nazirliyi və digər xüsusi xidmət orqanları konkret açıqlamalar vermək məcburiyyətindədirlər. Yenidən Qarabağda vəziyyətin gərginləşməsinə aparan bir yoldur bu. Konkret informasiyalar da var ki, bu konteksdə Azərbaycan ordusunun dəqiq atışı ilə bir maşın erməni əsgəri tamamilə məhv edilib. Əgər bu informasiyalar doğru deyilsə, onda nəyə görə bir maşın erməni Azərbaycan ordusunun hədəfinə çevrilib? Demək ki, Azərbaycan dövlətinin əleyhinə hansısa xoşagəlməz proseslər baş verir. Avqustun 10-da yenə də qanunsuz erməni silahlıları Şuşa ərazisində Azərbaycan ordusuna qarşı atəş açıb və nəticədə atışma olub. Rusiya sülhməramlıları prosesə müdaxilə edib, yalnız bundan sonra atışma dayanıb. Bu, 10 Noyabr bəyannaməsinin 4-cü müddəasının kobud şəkildə pozulması deməkdir və bu məsələdə təkcə Ermənistan deyil, həm də Rusiya sülhməramlıları və Rusiya prezidenti Vladimir Putin öz imzası ilə böyük məsuliyyət daşıyır. Çünki istənilən qanunsuz erməni silahlısının atəşi nəticəsində bir nəfər olsa belə Azərbaycanın mülki şəxsi və yaxud əsgərinin burnu qanayırsa, bu məsələdə məsul Vladimir Putindir. Rusiya prezidenti həmin sənədə imza atanda bir növ bu proseslərin sülh şəraitində həyata keçiriləcəyinə qarantiya verib. Rusiya bu prosesdə qarantor ölkədir. Belə olduğu təqdirdə Azərbaycan bunun gərəyini, mütləq mənada Rusiyadan sormalıdır”.
Natiq Mirinin fikrincə, hər dəfə Rusiyaya güzəştə getdikcə əlbəttə ki, bu cür xoşagəlməz hadisələrlə qarşılaşacağıq:
“Çünki Rusiya həm Azərbaycanın ərazisində, Qarabağda, həm də Azərbaycan-Ermənistan sərhədində bu cür kiçik atışmaların, təxtibatların olmasında maraqlıdır. Ona görə ki, bu, Rusiya qoşunlarının regionda varlığını şərtləndirir, bu, Rusiyaya lazımdır. Azərbaycan müstəqil qərar verdiyi zaman və bu qərar Rusiyanın xoşuna gəlmədiyi təqdirdə Qarabağ yarasını qanada bilir və yaxud da Azərbaycan-Ermənistan sərhədində gərginliyi körükləyə bilirlər. Bu incəliyi qətiyyən unutmaq olmaz. Burada Ermənistanın oynadığı geosiyasi oyunlar və Qərbin konkret sifarişlərindən başqa, bir də Rusiyadan tələb olunacaq, yaxasından tutub silkələyib soruşulacaq məqamlar var. Çünki Rusiya konkret öhdəlik götürüb. Artıq 8 aydır ki, bu öhdəliklər hələ də yerinə yetirilmir”.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki