“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü tədris ilinə hazırlıq planı”na uyğun olaraq tabelikdə olan birləşmə və hissələrlə ərazidə komanda-qərargah təlimi keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun Mətbuat Xidmətindən verilən məlumata görə, təlimin ilkin mərhələsində birləşmə, hissə və bölmələrin təlim döyüş həyəcan siqnalı ilə qaldırılaraq döyüş təyinatı rayonlarına çıxarılması və döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər yerinə yetirilib.
Döyüş təyinatı rayonlarında əsas diqqət birləşmə, hissə və bölmələrin ərazidə maskalanmasına, müdafiə və mühafizəsinə, xüsusilə düşmənin pilotsuz uçuş aparatlarına qarşı mübarizə tədbirlərinin icrasına yönəldilib.
Təlimin əməliyatların planlaşdırılması mərhələsində yaranmış taktiki şəraitə uyğun olaraq qərargahlar tərəfindən əməliyat şəraiti qiymətləndirilib, tabelikdə olan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib.
Planlaşdırmanın gedişində qərargahlar tərəfindən komandirlərin çevik qərar qəbuletməsi və bölmələrin idarə olunması üçün taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanıb. Alınan qərarlar rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə praktiki fəaliyyətlərə cəlb olunmuş bölmələrə çatdırılıb.
Təlimin gedişində hava hücumundan müdafiə bölmələri şərti düşmənin aviasiya vasitələrinin aşkarlanması və izlənməsi üzrə praktiki fəaliyyətləri yerinə yetirib.
Təlimin ssenarisinə uyğun taktiki fəaliyyətlərin praktiki icra mərhələsində xüsusi təyinatlı qruplar tərəfindən düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və vacib obyektlərə basqın keçirilib. Mövqelər ələ keçirildikdən sonra irəliləmə marşurutlarında şərti düşmənin yaxınlaşan ehtiyatlarına pusqular qurularaq hərəkətləri məhdudlaşdırılıb və irəliləməsinin qarşısı alınıb.
Yaranmış vəziyyətdən yararlanaraq mexanikləşdirilmiş bölmələr artilleriya atəşinin dəstəyi ilə düşmənin müdafiəsinin dərinliyinə irəliləyərək əlverişli hədləri ələ keçirib.
Taktiki fəaliyyətlərin icrasında komandirlər tərəfindən bölmələrin düzgün və dəqiq idarə edilməsinə və əməliyyatlar zamanı tabelikdəki bölmələrin fasiləsiz olaraq bütün növ təminatlarla təmin olunmasına xüsusi diqqət yetirilib.
Təlimin kompüter dəstəkli mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb.
Xüsusi təyinatlı, artilleriya, hava hücumundan müdafiə, rabitə, təminat və mexanikləşdirilmiş bölmələrin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu təlimdə qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsində və əməliyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.
Əlahiddə Ümumqoşun Ordunun Döyüşü İdarəetmə Mərkəzində yaradılan monitorinq qrupunun təhlili zamanı təlimin gedişində qoşunların hərəkətilə bağlı sosial şəbəkələrdə heç bir videomaterialın yayımlanmadığı müşahidə edilib. Əlahiddə Ümumqoşun Ordu komandanlığı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların qorunmasına diqqət göstərən əhaliyə təşəkkürünü bildirir.