image-reklam-veteninfo
image-1backend

 Polşanın səmasında təhlükəli insident: Üç Rusiya raketi NATO-nu hərəkətə gətirdi

image-reklam-veteninfo

Polşa ərazisinə daxil olaraq ölkənin cənub-şərqində yerə düşən üç Rusiya raketi Varşavanı NATO-dan təcili dəstək istəməyə vadar edib. Raketlərin Rusiyaya məxsus X-101 qanadlı raketləri olduğu müəyyənləşdirilib.

“Reuters”in məlumatına görə, Polşa prokurorluğu noyabrın 22-də açıqlayıb ki, noyabrın 20-də ölkənin hava məkanını pozan və üç ayrı ərazidə qəzaya uğrayan obyektlərin hamısı X-101 raketləridir. İlkin ekspertiza onların 2026-cı ilin dördüncü rübündə Moskva vilayətinin Dubna şəhərində istehsal olunduğunu göstərib. 

Hadisə Rusiyanın Ukraynaya genişmiqyaslı hava hücumu zamanı baş verib. Raket qalıqları Lyublin və Podkarpatski vilayətlərində yerləşən Novı Lipovets, Rudnik nad Sanem və Molodıç yaşayış məntəqələri yaxınlığında aşkarlanıb. İnsident nəticəsində xəsarət alan olmayıb.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Varşava NATO müttəfiqlərindən ölkənin şərq sərhədinin müdafiəsinin gücləndirilməsi üçün əlavə dəstək gözləyir. Onun sözlərinə görə, noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının fövqəladə iclası keçiriləcək. Polşa görüşdə konkret təkliflər təqdim edəcək. 

Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski ölkəni iclasda təmsil edəcək. Varşava, həmçinin NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Aleksus Qrinkeviçlə müdafiə tədbirlərinin əlaqələndirilməsi məsələsini müzakirə edib.

Baş nazir Donald Tusk raketlərin Polşa hava məkanına daxil olmasını Rusiyanın qəsdən törətdiyi təxribat kimi qiymətləndirib. Hadisədən sonra ölkədə böhran qərargahı yaradılıb, hava hücumundan müdafiə sistemlərinin hazırlıq səviyyəsi yüksəldilib.

İnsident Ukraynanı dəstəkləyən 11 ölkənin hərbçilərinin iştirakı ilə Polşada keçirilən “İstəklilər Koalisiyası” təlimləri ilə eyni vaxta təsadüf edib. Polşa rəsmiləri bu zamanlamanın təsadüfi olmaya biləcəyini bildiriblər.

ABŞ prezidenti Donald Tramp isə hadisə ilə bağlı açıqlamasında Rusiya raketlərinin səhvən Polşa ərazisinə düşmüş ola biləcəyini deyib. Donald Tusk bu izahla razılaşmayaraq baş verənlərin adi qəza kimi qiymətləndirilməsinə qarşı çıxıb.

NATO-nun baş katibi Mark Rutte isə Polşaya dəstəyini ifadə edərək alyansın üzv ölkələrinin ərazisini qorumaq öhdəliyini vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki