Avqustun 2-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Eyni zamanda Kreml sözçüsü qeyd edib ki, Putinin Türkiyəyə səfərinin dəqiq tarixi hələ məlum deyil.
Daha əvvəl Rusiya lideri qeyd etmişdi ki, o, Ərdoğanla son vaxtlar işin çoxluğu səbəbindən bir-biri ilə əlaqə saxlaya bilmir. O, avqustun 2-də türkiyəli həmkarı ilə telefon danışığının ola biləcəyini istisna etməyib.
Xatırladaq ki, Ankaranın yenidən Qərbə istiqamətlənməsi və Rusiya Federasiyasında narazılıqla qarşılanan bir sıra anti-Rusiya addımları ilə əlaqədar Rusiya-Türkiyə münasibətlərində müəyyən gərginlik var.
Buna baxmayaraq, Putin son açıqlamasında Türkiyə ilə bağlı özünü kifayət qədər təmkinli ifadə edərək, yaxın vaxtlarda Ərdoğanla danışmağı və görüşməyi planlaşdırdığını qeyd edib.