Kreml “Vaqner”in rəhbəri Yevgeni Priqojinə özəl hərbi birləşmənin bir hissəsini Afrikada saxlamağa icazə verib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Söhbət “Vaqner”in Mərkəzi Afrika Respublikasındakı (CAR) fəaliyyətindən gedir. Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, RMC-nin Afrikadakı fəaliyyətini davam etdirməsinə Rusiya prezidenti Vladimir Putin icazə verib.
Agentliyin məlumatına görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi “Vaqner”in Mərkəzi Afrika Respublikasındakı əməliyyatlarını öz üzərinə götürə bilməz.
Bundan əlavə, Moskvanın Sudanda və başqa yerlərdə məqsədlərinə çatmaq üçün də “Vaqner”ə ehtiyacı olduğu bildirilir.
Daha əvvəl isə “The Wall Street Journal” (WSJ) Rusiya hakimiyyətinin xaricdəki “Vaqner” muzdlularını nəzarətə götürmək qərarına gəldiyini yazıb. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndə heyətləri Mərkəzi Afrika Respublikasına, eləcə də Mali və Suriyaya səfər edərək onlarla görüşüblər.
“Reuters”in məlumatına görə, Rusiyadakı son qiyam cəhdindən sonra yüzlərlə “vaqnerçi” Mərkəzi Afrika Respublikasını tərk edib. Lakin ölkə hakimiyyəti bunu rotasiya ilə izah edib.