Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Həmin gün əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü keçirilib. Görüşdə Qasım-Jomart Tokayev çox dinamik inkişaf edən, yeni məzmun və birgə iri layihələrlə zəngin olan Qazaxıstan-Azərbaycan əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti Qazaxıstanla qardaşlıq əlaqələrinin möhkəmləndiyini vurğulayıb. Danışıqlar zamanı liderlər ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, mədəni-humanitar əməkdaşlıq, o cümlədən rəqəmsallaşma, ərzaq təhlükəsizliyi, bərpa olunan enerji mənbələri sahələrində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Bundan əlavə, Qazaxıstan və Azərbaycan iqtisadiyyatları üçün yeni artım nöqtələrinə çevriləcək sıçrayışlı investisiya layihələrinin həyata keçirilməsi perspektivləri nəzərdən keçirilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib. Prezidentlər “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzalayıb, daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında bildirib: “Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir”. Xalqlarımızın ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayan dövlət başçısı qeyd edib: “İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir”.
Görüş zamanı Prezident Tokayevi və qardaş Qazaxıstan xalqını sosial-iqtisadi inkişafda, innovativ tərəqqidə çox böyük nailiyyətlər münasibətilə təbrik edən dövlətimizin başçısı vurğulayıb: “Qazaxıstanın iqtisadi inkişafı və ümumi daxili məhsulun artması düzgün və düşünülmüş iqtisadi siyasətdən xəbər verir. Həmçinin Sizin ölkənin modernləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş və artıq bir çox nailiyyətlərin əldə edildiyi islahatlarınızı tam dəstəkləyirik”.
Qazaxıstan lideri Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu qeyd edib. 2020-ci ildən Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 5 dəfə artıb. “Doğrudan da, əməkdaşlığın diapazonu çox genişdir, biz bu gün nəqliyyat və logistikadan başlayaraq, neft və qazı demirəm, rəqəmsallaşma məsələlərinə qədər bu barədə danışdıq. Mən məmnunam ki, biz beynəlxalq arenada uğurla işləyirik. Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz uğurla qarşılıqlı fəaliyyət göstərir. Hesab edirəm ki, bu xətt davam etdiriləcək”, – Qazaxıstan Prezidenti vurğulayıb.
Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilib. Mətbuata bəyanatında ölkə başçısı İlham Əliyev vurğulayıb ki: “İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim. Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir”.
Martın 12-də iki dövlət rəhbəri tərəfindən bu Mərkəzin açlış mərasimi keçirilib, daha sonra prezidentlər Şuşa şəhərinə səfər ediblər.
Beləliklə, Ali Dövlətlərarası Şuranın fəaliyyəti iki ölkə arasında əməkdaşlığa güclü təkan verərək, Qazaxıstan-Azərbaycan münasibətlərinin yeni zirvələrə yüksəlməsinə töhfə verəcəkdir.
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru