Qəbələ rayonunda yerləşən keçmiş hərbi hissənin ərazisindən metal çıxararaq satmaq və böyük qazanc əldə etmək vədi iki nəfərin 49 min 500 manat pulunun ələ keçirilməsi ilə nəticələnib. İş üzrə təqsirləndirilən şəxs məhkəmədə ittihamı qəbul etsə də, barəsində amnistiya tətbiq olunaraq cinayət təqibinə xitam verilib.
Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı cinayət işinə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsində baxılıb. Hakim Rufan Mürsəlovun çıxardığı 13 oktyabr 2026-cı il tarixli qərara əsasən, Qəbələ rayonunun Bum qəsəbəsində anadan olmuş, fərdi qaydada kənd təsərrüfatı ilə məşğul olan şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilib.
İttihama görə, o, 2021-ci ilin sonlarında Qəbələ RLS-dən metal çıxarılaraq satılacağını, bu işdən yüksək gəlir əldə etməyin mümkün olduğunu bildirib. Bunun üçün vəsait lazım olduğunu deyərək tanışları vasitəsilə iki nəfərdən ümumilikdə 49 min 500 manat pul alıb. Məbləğin 15 min manatı bir, 34 min 500 manatı isə digər zərərçəkmişə məxsus olub.
Pul sahiblərinə qoyduqları vəsaitin qısa müddətdə gəlirlə birlikdə qaytarılacağı vəd edilib. Hətta ifadələrdə ilkin olaraq bir neçə gün ərzində qazanc əldə ediləcəyi, sonradan isə məbləğin ikiqat qaytarılacağı barədə danışıldığı göstərilir.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs pulu metal alqı-satqısı məqsədilə götürdüyünü bildirib. Onun sözlərinə görə, ərazidəki metalları əldə etmək üçün müxtəlif şəxslərlə danışıqlar aparıb, bu işə xeyli vəsait xərcləyib. Lakin təklif edilən metalların yararsız vəziyyətdə olduğunu gördükdən sonra planlaşdırılan alqı-satqını həyata keçirə bilməyib.
O, pulu götürdükdən sonra həmin vəsaitin böyük hissəsini metalın çıxarılması və satışı ilə məşğul olacağını bildirdiyi şəxslərə verdiyini, lakin onların da vəsaiti qaytarmadığını iddia edib. Təqsirləndirilən şəxs zərərçəkmişlər qarşısında yaranmış öhdəliyi yerinə yetirə bilmədiyini etiraf edib.
İş materiallarında zərərçəkmişlərin ifadələri də yer alıb. Onlar pullarını qısa müddətdə geri almaq ümidi ilə müxtəlif şəxslərdən borc götürərək həmin məbləği topladıqlarını bildiriblər. Lakin vəd edilən iş baş tutmayıb, pulun qaytarılması isə uzun müddət yubadılıb.
Məhkəmə sənədlərindən görünür ki, zərərçəkmişlərdən birinə dəymiş 15 min manat ziyan istintaq dövründə tam ödənilib. Həmin şəxs təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib. Digər zərərçəkmiş də məhkəməyə teleqram göndərərək onun barəsində şikayət və tələbinin olmadığını qeyd edib.
Qaradağ Rayon Məhkəməsi araşdırılmış sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin əməlini ona elan edilmiş ittiham çərçivəsində sübuta yetirilmiş hesab edib. Bununla belə, Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5.1-ci bəndini tətbiq edib.
Nəticədə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub, barəsindəki cinayət təqibinə xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv edilib.


























