image-374316_res_01backend

“Qəssab” ləqəbli Molla Bəradər 20 il sonra Əfqanıstana rəhbərlik etmək üçün ölkəyə döndü

image-reklam_sirab_01

“Taliban”-ın Əfqanıstana nəzarəti tam ələ almasından və Kabili tutmasından iki gün sonra hərəkatın lideri, qəddarlığına görə “qəssab” ləqəbi almış molla Abdul Qəni Bəradər Qətərdən ölkəyə dönüb. Bu, molla Bəradərin Əfqanıstanda 2001-ci ildə “Taliban” rejiminin ABŞ tərəfindən devrilməsindən sonra ölkəyə ilk dönüşüdür.

Veteninfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, molla Bəradəri və onu müşaiyət edən “Taliban” nümayəndələrini gətirən Qətər Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi Qəndəhar aeroportuna enib. Molla Bəradər və onu müşaiyət edənlər daha sonra ciplərlə Qəndəhar küçələrində hərəkət ediblər, yol boyu onları “Taliban” tərəfdarları salamlayıblar və təkbir səsləndiriblər.

“Taliban”ın qurucularından biri olan, bu hərəkatın ilk lideri Molla Ömərin ən sadiq adamlarından sayılan 53 yaşlı molla Bəradərin Əfqanıstana rəhbərlik etməsi gözlənilir. Əslən Qəndəhardan olan (“Taliban” hərəkatı da bu vilayətdə yaranıb) molla Bəradər 1996-2001-ci illərdə “Taliban” rejimi zamanı Əfqanıstanda müxtəlif vəzifələr tutub. ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsindən sonra ölkədən qaçan molla Bəradər bir müddət Pakistanda gizlənib.

Daha sonra Pakistan xüsusi xidmət orqanları tərəfindən 2010-cu ildə həbs olunub və üç il əvvəl ABŞ-ın istəyi  ilə azadlığa buraxılıb. Bu həmin vaxtlar idi ki, ABŞ-a rəhbərlik edən Tramp administrasiyası “Taliban”la Əfqanıstanda barışığın əldə edilməsi üçün  siyasi danışıqlar aparırdı və hərəkat danışıqlar üçün şərt olaraq molla Bəradər də daxil olmaqla həbsdə olan üzvlərinin azadlığa buraxılmasını irəli sürmüşdü.

Pakistanda azadlığa buraxılandan sonra molla Bəradər Qətərdə məskunlaşıb. O, ABŞ-ın dövlət katibi Mayk Pompeo (Tramp administrasiyası)  ilə də görüşmüşdü.

Molla Bəradər etnik mənsubiyyətinə görə, puştundur, dürrani qəbiləsindəndir. Əfqanıstanda sovet qoşunlarına qarşı döyüşüb, 1994-cü ildə molla Ömərlə birlikdə “Taliban”ı qurub. O, “Taliban”ın təlim düşərgələrini yaradıb və orada yaraqlıların hazırlanmasına rəhbərlik edib.

Gözlənilir ki, molla Bəradər tezliklə Kabilə gedəcək və orada formalaşdırılmaqda olan “Taliban” hökumətinə başçılıq edəcək.

Bu arada “Taliban” xarici jurnalistlər qarşısında mötədil bəyanatlar verməsinə, qadınlara oxumaq və işləmək haqları tanıyacaqlarına və keçmiş hakimiyyətin mənsublarına, Qərb koalisiyası ilə əməkdaşlıq edənlərə qarşı amnistiya elan etməsinə baxmayaraq Əfqanıstandan qəddar divantutmalar barədə xəbərlər gəlir.

“The Guardian” yazır ki, “Taliban”-dan xilas olmaq istəyən və Kabil aeroportuna can atanlar taliblərin postlarında saxlanılır, onları şallaqlayırlar. O cümlədən qadın və uşaqlara aman verilmir. “Fox News” kanalı isə “Taliban”ın küçəyə çadrasız çıxan qadınları öldürdüyünü bildirir. Telekanalın yaydığı kadrlarda qanlar içində yerə uzadılmış qadın meyiti əks olunur, bildirilir ki, “Taliban” yaraqlıları həmin qadını Kabildə küçəyə çadrasız çıxdığı üçün öldürüblər. Qəndəharda isə taliblərin keçmiş hakimiyyətlə və qərb koalisiyası ilə əməkdaşlıq edənləri kütləvi şəkildə qətlə yetirib çoxlu sayda cəsədi xəndəklərə atdıqları bildirilir.

Bu arada “Taliban” artıq Rusiyaya səfir də təyin edib. Xəbərlərə görə, “Taliban” hökumətini Rusiyada “Qəndəhar qəssabı” kimi tanınan Muhammed Bağdadi əl-Bəhrəvi təmsil edəcək. Əl-Bəhrəvi özünün qəddarlıqları və düşmənlərinə amansız divan tutması ilə tanınan səhra komandiridir. Onun çoxsaylı amerikalı əsirlərə və əfqan məmurlarına divan tutub öldürdüyü məlumdur. “Taliban”ın ən yaxşı səhra komandirlərindən olan əl-Bəhrəvi Kabilin alınmasından sonra diplomatik fəaliyyətlə məşğul olmaq istəyib və “Taliban” onun bu istəyini, habelə rus dilini bildiyini (“Qəndəhar qəssabı” vaxtilə SSRİ-də, Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində təhsil alıb) nəzərə alaraq Rusiyaya səfir təyin edib. Hazırda “Taliban” Rusiya XİN-lə danışıqlar apararaq yeni səfirin namizədliyinin təsdiq edilməsinə çalışır. Qeyd edək ki, Rusiya “Taliban”la hazırda xeyli isti münasibətlər qurub, amma Əfqanıstanda yeni hakimiyyəti tanımaq üçün tələsməyəcəyini bildirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki