image-f3c0902d-5c6b-368f-b999-d1b62eadac53_850backend

Qorxan və qorxudan Tehran-Cəmaləddin Quliyev YAZIR

image-reklam_sirab_01

İran indi yalnız Azərbaycan Respublikası ilə deyil, eyni zamanda Səudiyyə Ərəbistanı, Avropa İttifaqı, ABŞ, Türkiyə, Şimali İraqdakı kürd muxtariyyəti, həm də təbii ki, İsraillə gərginlik yaşayır. Rəsmi təbliğat tribunalarında bunu İranın qüdrətli olması kimi izah edənlərlə yanaşı, obyektiv olaraq yanlış xarici siyasətin nəticəsi sayanlar da var.

2021-ci ilin sərhəd gərginliyi zamanı da İran Ermənistan istisna edilməklə bütün qonşularla gərginlik yaşayır, ölkənin hər tərəfdən təcrid olunduğunu da etiraf edirdilər. Qərbin hakimiyyətə gətirdiyi Nikol Paşinyana etimad göstərmədiklərindən Ermənistana da xəbərdarlıq edilirdi ki, Xankəndi ətrafında erməni icmasını qorumaq naminə Zəngəzur güzəştə gedilməsin: “Çünki Azərbaycan daxilində o icmanın onsuz da perspektivi olmayacaq”. Paşinyan “NATO-nun təzyiqi ilə Süniki güzəştə gedəcəyi halda” Tehranın öz geosiyasi maraqları müdafiə etmək üçün Ermənistan və Azərbaycan sərhədləri daxilində 40 km –lik təhlükəsizlik zolağı yaratmaq planının ali dini liderinin yanında müzakirə olunduğu haqda Körfəz mediasına sızdırma da edilmişdi. Bunun təhdid xarakterli olduğu aydın idi.

Builki təlimlər də ötən il olduğu kimi informasiya sızdırma ilə mesaj vermə, gurultulu bəyanatlarla təhdidlərlə müşayiət olundu və o bəyanatlar hələ də davam edir.

Bütün qonşularla dava- dava oyunu

Ötən il olduğu kimi yenə də Səudiyyə Ərəbistanı İran daxili vəziyyətin gərginləşməsində suç tərəflərindən biri kimi göstərilir. “İran İnternational” telekanalının yayımına yardım dayandırılmazsa, hazırda Ər-Riyadda gözlənən hakimiyyətin siyasi varisə ötürülmə əməliyyatına mane olunacağı, bu məqsədlə Əl Əsir, Nəcd və Hicazın şiə(zeydi) əhalisinin qiyama təhrik ediləcəyi də bildirilir. Ötənilki ittihamlarda Səudiyyə Ərəbistanın farsdilli “İran İnterantional” televiziyası ilə yanaşı belə əhatəli türk-azərbaycandilli layihə də hazırladığı iddia olunurdu. Daha doğrusu, layihənin İsrail tərəfindən həyata keçiriləcəyi, maliyyənin Səudiyyə tərəfindən təmin olunacağı deyilirdi. Sonradan bəlli oldu ki, söhbət Saleh İldırımın illər öncəsi Kanadada yaradıb çox məhdud maliyyə ilə idarə etdiyi və xüsusi auditoriyası olmayan hansısa You Tube kanalından gedirmiş.

Yeni sızdırmada İbrahim Rəisini Astana görüşündə müşayiət etmiş mənbəyə istinadən məlumat verilirdi ki, fasilələr zamanı iki ölkənin prezidentləri arasında gərgin danışıqlar olub. Əliyev İranın Azərbaycanla sərhəddə qoşun yığmasını tənqid edib. Buna səbəb isə Rəisinin, mənbənin təxmininə görə, 100.000 əsgərdən ibarət hərbi qruplaşmanın sərhəd bölgəsinə təkcə gəzinti və ya təlim üçün deyil, həm də təhlükəsizlik və sabitliyin yaradılması, eləcə də hər hansı planlara qarşı çıxmaq üçün göndərildiyini söyləməsi olub. Rəisi İran və Ermənistan arasında quru dəhlizinə təsir edə biləcək və ya kəsə biləcək sahə dəyişiklikləri olarsa, addım atılacağını bildirib.

Mənbə qeyd edib ki, Əliyev Tehranı Ermənistanı hərbi cəhətdən dəstəkləməkdə və Azərbaycana qarşı silahlandırmaqda ittiham edib, Rəisi isə bunu təkzib edərək “sionist uydurmaları” adlandırıb, eyni zamanda Bakı ilə Təl-Əviv arasında təhlükəsizlik koordinasiyasını, İsrail və həmçinin ABŞ-ın yüksək səviyyəli dövlət rəsmilərinin Azərbaycana son səfərlərindən narazılıq ifadə edib.

Mənbənin sözlərinə görə, Rəisi Əliyevi İranda keçirilən etiraz aksiyaları zamanı “İran azərbaycanlısı olan separatçıları qəbul etməkdə” və onlara öz ölkəsində media yaratmağa icazə verməkdə ittiham edib. Buna cavab olaraq Əliyev Tehranı inqilabı ixrac etmək prinsipindən əl çəkməməkdə ittiham edib. Yada salaq ki, bir müddət əvvəl Azərbaycan Baş prokurorunun Tehrana səfəri zamanı da “inqilab ixracatçılğı” ilə məşğul olan 41 nəfərin ekstradisiyası haqda məsələ müzakirə olunmuşdu.

Bəs bu gərginlik hansı fazaya qədər inkişaf edə bilər?

Qafqazşünas ekspert kimi təqdim edilən Ehsan Təqvainin, demək olar, bütün aparıcı İran nəşrlərində dərc olunmuş müsahibəsində bu suala aydınlıq gətirilir. O deyir ki, İran Bakı ilə mümkün qarşıdurmanın xərclərini ödəməyə hazır deyil. “Çünki strateji planlar Azərbaycan Respublikası, Türkiyə, Amerika, İsrail, NATO tərəfindən müəyyən edilib, Bakı hər vəchlə Ermənistanı Zəngəzur dəhlizini açmağa məcbur etməyə çalışır. Amma İranın Bakıya qarşı təsir imkanları məhduddur”. Onun fikrincə, İran diplomatik sahədə bütün imkanlarından istifadə edərək Qafqazda hər hansı geosiyasi dəyişikliyin qarşısını almağa çalışacaq. Müdafiə və hərbi sahədə isə İranın təhdidləri təlim keçirmək səviyyəsindən kənara çıxmayacaq. Çünki “Qafqazda baş verən hadisələrdə əsas aktyor İran deyil. Təəssüf ki, plansızlıq və hökumətlərin zəif fəaliyyəti ucbatından belə bir vəziyyət yaranıb ki, indi əsas aktor Rusiyadır. Amma bu gün Moskva Ukraynadakı müharibədəki münaqişəyə görə Qafqaza lazımi diqqət yetirmir” .

Bundan sonra ekspert maraqlı nümunə də gətirir. Taliban silahlıları İranın Məzari-Şərifdəki konsulluğuna hücum edərək diplomat və jurnalistləri qətlə yetirəndə İran silahlı qüvvələri Əfqanıstanla sərhədə yeridilmiş və Əfqanıstanla müharibə ehtimalı yaranmışdı, amma sonda İran bu müharibəyə girmədi. “ Ermənistanla ümumi sərhədi saxlamaq üçün Azərbaycanla qarşıdurma İslam Respublikasına baha başa gəlməzmi? Hələ ki Bakının regionda geosiyasi xəritəni rəsmən dəyişdirəcəyi təqdirdə belə, İranın Azərbaycan Respublikası ilə hərbi qarşıdurmaya girəcəyini düşünmürəm”.

Daha sonra Azərbaycan mediasında da baş alıb gedən ənənəvi konspiroloji şərhlər gəlir. İddia olunur ki, Rusiya və Putinin Ukrayna ərazisinə müdaxiləsinə səbəb Avropa və Amerika mediasının təbliğatı olub. “Ola bilsin ki, Qafqazda İran üçün də analoji plan hazırlanıb və onlar Bakı vasitəsilə İranı sərhəd mübahisəsinə, hətta genişmiqyaslı müharibəyə sürükləməyə cəhd ediblər. NATO-nun Şərqə istiqamətli siyasəti Ukraynada müharibə ilə yekunlaşmayacaq. NATO həm də Mərkəzi Asiya, Yaxın Şərq və Qafqaza baxır. Türkiyənin NATO-ya üzv olması ilə NATO indi həm Yaxın Şərqdə, həm də Qafqazda, Xəzər dənizinə qədər təsirini genişləndirmək üçün platformaya malikdir”.

Beləliklə, İranın əsas qorxuları-Azərbaycanın NATO ilə əməkdaşlıq perspektivi; türk dövlətlərinin yerüstü rabitəsini təmin edən logistik məkana çevrilməsi; cənubi azərbaycanlı dissidentlərin fəaliyyətinə Bakının dəstək vermək ehtimalı; Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Ermənistan və Azərbaycan arasında qarşıdurmanın və avtomatik olaraq İranın “xidmətlərinə” zərurətin aradan qalxması; İsrailin və Səudiyyənin Qafqazda hər hansı fəallığının artması; Türkiyənin İran ərazisindən yükdaşımalar üçün istifadədən imtina etməsi üçün imkanlar yaranması; Orta Asiyanın enerji ehtiyatlarının İran ərazisindən istifadə edilmədən Azərbaycan üzərindən Qərbə ötürülməsi; ….nəhayət, ən ciddi qorxulardan biri İran vətəndaşlarını öz auditoriyası kimi hədəf alan KİV-lərin fəaliyyətidir.

Görünür, bu qorxuları gücləndirəcək addımlara getmək lazım gələcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki