image-qudretbackend

Qüdrət Həsənquliyev: “Heç bir partiyanın bu tələbi yerinə yetirmək imkanı yoxdur”

image-reklam_sirab_01

Milli Məclisin iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev bir sıra vacib məsələlərə toxundu.

 

Vətəninfo.az xəbər verir ki, BAXCP sədri vurğuladı ki, o iki dəfə dinləmələrdə, komitə iclaslarında çıxış eldib fikirlərini bildirib, bəziləri nəzərə alınıb, bəziləri nəzərə alınmayıb:

“Hesab edirəm ki, ümumiyyətlə, qanuna səs vermək, müdafiə etmək olar”-deyən deputat ikinci oxunuş üçün bir neçə məsələyə diqqəti yenidən cəlb etmək istədiyini söylədi: “Biz artıq partiyada göstəriş verimişik ki, qanunun 20-ci maddəsinin tələblərinə uyğun olaraq fərdlərin, yəni partiya üzvlərinin fərdi identifikasiya kodunun və telefon nömrələrinin alınmasına başlasınlar. Telefon nömrələri ilə bağlı Fazil Mustafa fikirlərini bildirdi. Mən Fərdi İdentifikasiya Kodu (FİN kod) ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bu partiya üzvləri ilə bağlı müəyyən çaşqınlıq yaradıb. Ona görə ki, Fərdi İdentifikasiya Kodu konfidensial informasiya sayılır. Biz, vaxtilə 2010-cu ildə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul etmişik. Mənə dedilər ki, hətta FİN kodu daxil etməklə, vətəndaş internet üzərindən müraciət etməklə bankdan kredit də götürə bilər. Yəni belə bir məlumatı onlar verirlərsə, bu informasiyaya çox adamın çıxışı olur. Bu artıq konfidensiallığını itirir. Mən “Fərdi məlumatlar haqqında” qanuna baxdım. O qanunun 18.4-cü bəndində – hansı ki cənab Prezident də bunu imzalayıb – qeyd olunur ki, fərdi məlumatların informasiya sisteminə fərdi identifikasiya kodunun daxil edilməsi və istifadə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu səlahiyyət cənab Prezident tərəfindən Nazirlər Kabinetinə verilib. Nazirlər Kabineti də 2010-cu il 6 sentyabr tarixində bir qərar qəbul edib. Həmin qərarda fərdi konfidensial informasiyanın, yəni fərdi identifikasiya nömrəsinin saxlanılması üçün görün hansı şərtlər irəli sürülür. Fərdi məlumatların saxlanıldığı mərkəzlərin ehtiyat enerji sistemi və yanğın mühafizə siqnalizasiya sistemi ilə təzhiz edilməsi, data mərkəzinin arxiv sisteminin ayrıca binada yerləşdirilməsi, informasiya sistemlərində lisenziyalaşdırılmış proqram təminatlarından istifadə edilməsi, fərdi məlumat istifadəçilərinin səlahiyyət bölgüsünün aparılması, həmin səlahiyyətlərin avadanlıq və proqram təminatı səviyyəsində identifikasiya edilməsi, informasiya sistemindən fərdi məlumatları əldə etmək üçün müraciət edən istifadəçilərin öz mühafizə serverləri vasitəsi ilə müraciət etməsi, informasiyanın ötürülməsi üçün istifadə olunan şifrələmə sisteminin açarının uzunluğunun 256 bənddən də olmaması, fərdi məlumatların mühafizə sisteminin təsvir edilməsi və sair”

Q.Həsənquliyev dedi ki, heç bir partiyanın bu tələbi yerinə yetirmək imkanı yoxdur: “Hər hansı rayon şöbəsində heç olmasa 4-5 nəfər bu işlə məşğul olacaq. Partiyanın mərkəzi aparatında da bu olacaq. Biz, tutaq ki, bu informasiyanı toplayıb, mərkəzə verdik. Kimsə deyə bilər ki, Fərdi İdentifikasiya Kodunun qorunması bu mərkəzə aid olan məsələdir. Amma görün nə qədər adamın buna çıxışı olur. Axı partiyaların heç birinin o imkanı yoxdur ki, bu informasiyanın konfidensiallığını qoruyub saxlaya bilsinlər. Əgər şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilirsə, hüquq mühafizə orqanlarında o mərkəzə giriş var. Onlar şəxsin ad, soyadını, şəxsiyyət vəsiqəsinin nömrəsini yazan kimi oradan onun FİN kodu çıxacaq. Bütün məlumatlar da orada var. Amma konfidensial informasiyanın bu qədər geniş yayılması hesab edirəm ki, qətiyyən doğru deyil. Həm də bizim qəbul etdiyimiz qanunlara ziddir. Bir də 8-ci maddədə siyasi partiyaların fəaliyyətinin 2 aydan 6 aya qədər müvəqqəti dayandırılması məsələsi var. Konstitusiyanın birləşmək hüququ adlanan 58-ci maddəsinin IV bəndində qeyd olunur ki, “Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər”. Hesab edirəm ki, fəaliyyətin dayandırılması konstitusiyaya ziddir və çıxarılmalıdır. Qanunun 14-15-ci maddələrdə siyasi partiyaların necə təşkil edilməsi və idarə olunması ilə bağlı istiqamətlər yer alıb. Bütün bunlar partiyanın daxili nizamnaməsi ilə müəyyən olunmalıdır. Yəni qanunda götürüb yazmaq ki, sənin ali kollegial orqanın yalnız qurultayda olmalıdır, sonra da icra orqanları olmalıdır, sonra da sədrin səlahiyyətləri. Düşünürəm ki, bu doğru deyil, totalitar bir normadır…”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki