image-612c835189086612c8351890871630307153612c835189084612c835189085backend

Rasim Quliyev: “Hacıbala Abutalıbov Baş nazirin müavini olsa da, hər gün Bakı Şəhər İcra Hakimiyyətinə gəlirdi”

image-reklam_sirab_01

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

R. Quliyev ona qarşı irəli sürülən ittihamlarla razı olmadığını bildirib, heç bir vəzifə səlahiyyətlərini aşmadığını, irəli sürülən ittihamların hüquqi əsasının olmadığını deyib: “Vəzifə səlahiyyətlərimdən nə öz xeyrimə, nə üçüncü şəxsin xeyrinə istifadə etmişəm. İttihamda qeyd olunan həmin binanın sürüklənməsi ilə bağlı sənədi Bakı Şəhər Baş Memarlıq İdarəsi hazırlayıb. O idarə ki, o vaxt icraya gələn şikayətlərin əksəriyyəti oradan idi. Mən Bakı Şəhər İcra Hakimiyyəti başçısının verdiyi səlahiyyətləri müvəqqəti icra etməyə məcbur idim. Mən icraya gələn məktubları müvafiq idarələrə göndərirdim.

İcra başçısının müavini səlahiyyətlərini icra etmək üçün hər hansı ərizə ilə müraciət etməmişəm. Sadəcə olaraq, vəzifə yükü mənə həvalə edilib, mən də iş dayanmasın deyə, həmin vəzifə yükünü götürmüşəm.

308.2-ci maddə ilə ittiham olunmağıma gəlincə, sual verirəm, mənim vəzifə səlahiyyətim olubmu? İcra başçısının müavini kimi mənim əmək müqaviləm olmayıb, müavin əməkhaqqısı almamışam. Keçən iclasda da dediyim ki, Prezident Administrasiyasının sabiq rəhbəri də baş nazirin müavini Hacıbala Abutalıbova məktub göndərib ki, mənim müavin vəzifəsini icra etməyim qanunsuzdur. Hacıbala Abutalıbov isə cavabında ondan üzr istəyib. Buradan da aydın olur ki, mənim səlahiyyətim olmayıb”.

Sabiq aparat rəhbəri ittihamda onun barəsində irəli sürülən 314.2-3 çi maddə ilə də özünü təqsirsiz bildiyini deyib: “Həmin maddədə göstərilib ki, guya mən hansısa məchul subyektə ziyan vurmuşam. Dəlillər də sübut edir ki, ittihamda qeyd olunan ərazidə işlər 2013-cü ildə başlayıb. 2017-ci ilin aktı var. Həmin aktda yazılır ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində binanın özülünün qazıntısı zamanı tarixi abidəyə ziyan dəyib. Bildirim ki, həmin ərazidə eyni statuslu iki tarixi mədəniyyət abidəsi olub. 141 saylı abidəyə zərər deyibsə bu, məndən əvvəl olub. Bəs, 145 saylı abidəni niyə yazmırlar? Həmin abidə yoxa çıxıb. Bu barədə danışan yoxdur. Həmin ərazidə tikinti aparılması üçün verdiyim sərəncam 4 ay sonra ləğv olunub. Mən sərəncamı imzalayana qədər orada iki mərtəbə altdan, iki mərtəbə üstdən tikilmişdi.”

R. Quliyev ifadəsində ittihama salınan maddələri onu həbs etmək üçün hazırladıqları deyib: “Belə çıxır ki, məni tutmaq lazım imiş. Bir daha deyirəm, mənim özümə ziyan dəyib”.

Təqsirləndirilən şəxs ifadəsində sabiq icra başçısı Hacıbala Abutalıbov barəsində də danışıb. R. Quliyev bildirib ki, H. Abutalıbov baş nazirin müavini olsa da, gündəlik icra hakimiyyətinə gəlirdi: “Yüksək rütbəli şəxs öz vəzifəsindən aşağı bir quruma gəlirsə, kabinetdə olursa, bu nə deməkdir? O deməkdir ki, mənim səlahiyyətlərim olmayıb. Mən ehtimal edirəm ki, H. Abutalıbov həmin dövrdə də hansısa formada icra başçısı səlahiyyətlərini icra edib”.

Proses sentyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki