image-73626af24c993a459ed89bd20077bea2backend

Rasim Quliyev məhkəmədə faktları açıqladı: Mehdiyevin məktubu, sənədlər – TƏFƏRRÜAT

image-reklam_sirab_01

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin növbəti məhkəməsi baş tutub.

Musavat.com xəbər verir ki, Rasim Quliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.

Bu gün baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra ifadə verməsi təklif olunan Rasim Quliyev çıxışına siyasi fəaliyyəti haqda məlumat verməklə başlayıb.

O deyib ki, 1988-93-cü illərdə ictimai-siyasi proseslərlə əlaqəli tələbə hərəkatının liderlərindən biri olub. 1992-ci ildə həbs edilib, siyasi məhbus həyatı yaşayıb, həbsdə “aclıq aksiyası” keçirib. Beynəlxalq təşkilatlar və insan haqlarını müdafiə edən qurumlar “siyasi məhbus” kimi onun hüquqlarını tanıyıb.

“1993-cü ilin fevralında həm beynəlxalq təşkilatların təzyiqi, həm də ulu Ondər Heydər Əliyevin o dövrkü hakimiyyətə təkidi ilə azadlığım bərpa olundu. YAP-ın ilkin təşkilatlanmasında iştirak etmişəm, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilmişəm. YAP-ın Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləmişəm. sonra Ulu Öndərin tapşırığı ilə Bakı şəhər İcra Hakimiyyətinə işə dəvət olunmuşam. 2001-ci ildən 2018-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləmişəm. 2010-2018-ci illərdə isə həmin qurumun aparat rəhbəri vəzifəsini icra etmişəm”.

Ona qarşı irəli sürülmüş ittihama münasibət bildirən Rasim Quliyev deyib ki, ittihamla özünü qətiyyən təqsirli bilmir:

“Cinayət işinin başlamasına əsas Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yaşayış binalarının tikintisinə dair “FF-2011” MTK-ya icazə verilməsidir.

Belə ki, icazə barədə sənədlərin hüquqi qüvvəsinin şübhəli olmasına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş materiallarda cinayətin əlamətlərinə işarət edən kifayət qədər dəlillərin toplanması olduğu müvafiq ittiham aktında göstərilir. İttihamdan görüldüyü kimi mənə 246-cı maddə ilə heç bir ittiham haqlı olaraq verilməyib. Bu məsələnin özü birmənalı sübut edir ki, mənim sökülmə ilə bağlı hansısa əlaqəm, o cümlədən cinayət əlaqəm mövcud deyil.

İstintaq üç ildən çox davam edib. Lakin heç nə sübut edilmədi. Bu ittiham aktı boş və mənasız söz yığınıdır.

Cinayət işi üzrə icraat istintaq tərəfindən bir neçə dəfə dayandırılıb. 2021-ci ildə Cinayət Məcəlləsinin 279-cu maddəsinə əsasən iş üzrə icraat təzələnib və barəmdə qanunsuz olaraq həbs qərarı çıxarılıb.

İstintaq zamanı ifadəmdə göstərmişdim ki, 2017-ci ilin sentyabr ayında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun vəfat etməsi ilə əlaqədar olaraq səlahiyyətlərinin icrası müvəqqəti olaraq aparat rəhbəri kimi mənə həvalə edilib.

21 aprel 2018-ci il tarixdə Hacıbala Abutalıbovun baş nazirinin müavini vəzifəsinə təsdiq edilməsindən sonra mən, başçı müavini vəzifəsini müvəqqəti icra edən şəxs kimi zəruri sənədlərə qol çəkmişəm, İcra Hakimiyyətinin fəaliyyətinə rəhbərlik etmişəm”.

Rasim Quliyev qeyd edib ki, həmin zaman Hacıbala Abutalıbovdan bu vəzifənin icrasının Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırılıb-razılaşdırılmadığını soruşub.

Hacıbala Abutalıbov bu razılaşmanın “şifahi” olduğunu bildirib. Bu barədə yazılı razılıq olmayıb.

“Amma sonradan cənab Ramiz Mehdiyev tərəfindən İcra Hakimiyyətinə ünvanlanmış məktubda bildirilir ki, Rasim Quliyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində İcra Hakimiyyəti başçısının sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusudur.

Qeyd edilir ki, başçının səlahiyyətlərini Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

Bu səlahiyyətlər məsələsi məndə təbii ki, şübhəli olaraq qaldığı üçün mən Hacıbala Abutalıbova sorğu ilə müraciət etmişdim və gələn cavab məni qane etməmişdi, təbii ki”.

İfadəsinin davamında Rasim Quliyev söyləyib ki, cinayət işinin materiallarından ona məlum olub ki, 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən baş prokuror Zakir Qaralova müraciət edilərək bildirilib, “FF-2011” MTK-nın tikintiyə icazə sənədlərində ciddi nöqsanlar mövcuddur.

“Həmin sənədlər Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş formalara uyğun tərtib edilməyib. “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”də göstərilən səlahiyyətli şəxslər tərəfindən imzalanmayıb. Belə olan halda, sadalanan sənədlərin hüquqi qüvvəsi ümumiyyətlə ciddi şübhə yaradır.

Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilərək bildirilib ki, “FF-2011” MTK-nın tikintiyə icazə sənədlərində ciddi nöqsanlar mövcuddur.

Sonradan cinayət işinin materiallarından mənə məlum oldu ki, Eldar Əzizov tərəfindən sərancam imzalanmaqla mənim tərəfimdən imzalanmış olan “FF-2011” MTK-na tikintiyə icazə verilməsi barədə sərəncam ləğv edilib. Eldar Əzizovun imzaladığı sərəncamda bildirilir ki, bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilsin”- deyə Rasim Quliyev ifadəsində göstərib.

Rasim Quliyev ifadəsində qalmaqallı sərəncamı imzaladığını təsdiqləyib və səbəbini belə izah edib:

“Həmin MTK-ya ərazi 2012-ci ildə ayrılıb. Tikinti ilə bağlı bütün zəruri sənədlər hazırlanaraq aidiyyatı üzrə təsdiqlənib. Mənim imzaladığım sərəncama qədər tikinti işlərinin aparılması ilə bağlı bütün hüquqi prosedurlar başa çatmışdı.

Həmin layihəyə Memarlıq Baş İdarəsi tərəfindən baxılaraq 2012-ci ildə baş memar Akif Abdullayev tərəfindən imzalanmış torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu verilib. Tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan Bakı şəhər Tikinti Müfəttişliyinin rəisi Nadir Adıgözəlov tərəfindən verilib.

Orada söküntü işlərinin aparılması isə mənə 2017-ci il tarixli aktı ilə tam məlum olmuşdu”.

Məhkəmə prosesi vaxt məhdudiyətinə görə təxirə salınıb. Rasim Quliyev ifadəsini növbəti prosesdə davam etdirəcək.

İş üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sabiq Aparat rəhbərinin işində zərərçəkmiş qismində tanınıb.

İttihamda yazılır ki, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi, dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verilib.

İttihama əsasən, Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb.

Qeyd edək ki, Rasim Quliyevin yaxınları bildirir ki, həmin sərəncam Hacıbala Abutalıbovun zamanında imzalanıb.

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki