Moskva iyulun 17-də başa çatacaq “taxıl müqaviləsi”ni uzatmaqdan imtina edib. Vətəninfo.az-ın məlumatına görə , Kremldə buna səbəb Qara dəniz razılaşmalarının Rusiyaya aid hissəsinin yerinə yetirilməməsidir.
“Əslində bu gün Qara dəniz sazişləri fəaliyyətini dayandırıb. Rusiya Federasiyası Prezidentinin daha əvvəl elan etdiyi kimi, son tarix iyulun 17-dir. Təəssüf ki, bu Qara dəniz sazişinin Rusiyaya aid hissəsi indiyədək yerinə yetirilməyib. Ona görə də onun fəaliyyəti dayandırılır”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov qeyd edib ki, Moskva taxıl sazişinin Rusiya hissəsi həyata keçirilən kimi dərhal Qara dəniz razılaşmalarının icrasına qayıdacaq.
Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Rusiyanın “taxıl müqaviləsi” ilə bağlı mövqeyi hələ Krım körpüsünə hücumdan əvvəl açıqlanıb və hücum həmin mövqeyə təsir etməyəcək.
“Armenpress”in daha əvvəl xəbər verdiyi kimi, Rusiya Milli Antiterror Komitəsi iyulun 17-nə keçən gecə saat 03:05-də Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı tərəfindən Krım körpüsünə hücum edildiyini açıqlayıb. Hadisə nəticəsində 1 kişi və 1 qadın həlak olub, onların 14 yaşlı qızı yaralanıb.


























