Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov Rusiyanın olmadığı taxıl dəhlizində risklərin olacağını söyləyib.
Vətəninfo.az xəbər verir ki, Ukraynanın Rusiyasız taxıl dəhlizini saxlamaq cəhdinə münasibət bildirən D.Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib: “Bu məsələ Rusiya ordusu tərəfindən şərh edilməlidir. Söhbət bilavasitə döyüş meydanına yaxın olan bölgədən gedir. Müvafiq təminatlar olmasa, orada risklər yaranacaq. Ona görə də Rusiya olmadan nəyisə formalaşdırmaq lazımdırsa, bu risklər nəzərə alınmalıdır. Taxıl sazişinin həyata keçirilməsi üçün bu bölgədən istifadə istənilən halda risklidir. Hansı ölkələr risk ala bilər, indidən deyə bilmirik.
Taxıl sazişinin şərtləri yerinə yetirilməsə də, Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirdi. Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin sazişin imzalanmasındakı rolu və Avropa ölkələrini də öhdəliklərini yerinə yetirməyə razı salmaq səylərini yüksək qiymətləndiririk.
Rusiya taxıl tədarükü ilə bağlı daha az inkişaf etmiş ölkələrə köməyə davam edəcək.
Qara Dəniz Taxıl Dəhlizi Sazişi 18 iyulda dayandırıldı. Rusiya müvafiq şərtlər yerinə yetirildiyi zaman müqaviləyə qayıda bilər”.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə ilə Birləşmiş Millətlər Təşkilatına Rusiyasız Qara Dəniz Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi təklifi ilə bağlı məktub göndərib və “Ukrayna BMT və Türkiyə ilə birlikdə qida dəhlizinin çalışmasını və gəmilərin yoxlanılmasını təmin edə bilər” deyə yazıb.


























