image-rza-talibovbackend

RZA TALIBOV YAZIR-Dünya birliyində söz sahibi olan lider

image-reklam_sirab_01

Müstəqil Azərbaycan dövlətinin siyasətində dünya birliyi ölkələri ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi mühüm yer tutur. Eyni zamanda, uzun illər ərzində ölkəmizin dünya dövlətləri ilə formalaşdırdığı qarşılıqlı etimad və əməkdaşlıq mühiti Azərbaycan Respublikasına beynəlxalq miqyasda böyük nüfuz qazandırmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət xətti dünya birliyi ölkələri ilə tarazlaşdırılmış münasibətlərdən müstəqil dövlətçilik siyasətinə doğru inkişafın formalaşdırılmasının müsbət nəticələrini meydana qoymuşdur. Müstəqillik illərində Azərbaycan qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətlərdən dünya ölkələri ilə səmərəli əməkdaşlığa doğru böyük yol keçmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin xarici siyasətini müasir dövrün reallıqlarına uyğun olaraq yeni inkişaf mərhələsi səviyyəsinə çatdırmışdır. Dövlət rəhbərimizin apardığı ardıcıl və məqsədyönlü siyasət Azərbaycan Respublikasının dünya birliyindəki yerinin və mövqeyinin daha da möhkəmləndirilməsinə uğurla xidmət edir. Bunun nəticəsində müstəqil dövlətimiz özünə etibarlı tərəfdaşlar qazandırmış, qarşılıqlı əməkdaşlıq mühiti daha da genişləndirilmiş və möhkəmləndirilmişdir. Azərbaycan Respublikasının Avropa İttifaqı miqyasında qazandığı böyük nüfuz Asiya ölkələri ilə yaratdığı səmərəli əməkdaşlıq Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin qanunauyğun real nəticəsidir. Dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi 18 il ərzində beynəlxalq münasibətlər sahəsində qazandığı böyük uğurlar aparılan siyasətin sınaqlardan çıxmış reallıq olduğunu əyani şəkildə nümayiş etdirir.

image-prezident

Beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin adı və çoxcəhətli fəaliyyəti ilə bağlı olan xidmətin əməyi ifadəsidir. Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və bu mötəbər qurumun iclaslarına sədrlik etməsi müstəqil dövlətimizin xarici siyasət sahəsindən gəlib çatdığı ən mühüm məqamlardan biridir. pandemiya dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi sessiyasının çağırılması və Covid-19 şəraitində dünya üçün aktual və zəruri olan qlobal məsələləri müzakirə etməsi dövlət rəhbərimizin beynəlxalq nüfuzunun real göstəricisidir. BMT-nin Pandemiya məsələlərinə həsr olunmuş xüsusi sessiyasında Azərbaycan Respublikası Prezidentinin dərinməzmunlu çıxışı bu bəşəri bəladan xilas olmaq yolları və Covid-19 şəraitində əməkdaşlıq mühitinin inkişaf etdirilməsinin proqrammı kimi səslənmişdir. Bununla Prezident İlham Əliyev planetar baxışlara malik dünya liderlərindən biri olduğunu nümayiş etdirmişdir. Azərbaycan xalqı haqlı olaraq Prezident İlham Əliyev kimi həm ölkə daxilində və həm də beynəlxalq aləmdə böyük nüfuza malik olan qüdrətli bir liderinin olması ilə fəxr edir.

Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də Azərbaycan Respublikası böyük məsafə qət etmişdir. Avropa İttifaqına üzvü dövlətlərlə Azərbaycan Respublikasının ikitərəfli münasibətlərinin davamlı olaraq inkişafda olması Prezident İlham Əliyevin dönmədən həyata keçirildiyi xarici siyasətin real bəhrəsidir. Hazırda müstəqil Azərbaycan dövlətinin Avropanın aparıcı dövlətləri ilə əməkdaşlığının bütün istiqamətlər üzrə yüksələn xətlə dinamik inkişafı etibarlıq tərəfdaşlıq mühitinin daha da möhkəmləndirilməsi ilə yanaşı, həm də ölkəmizin iqtisadi-ticarət əlaqələrini coğrafiyasının genişləndirilməsinə şərait yaradır. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması və daimi istifadəçilər qazanması bu işin uğurlu iqtisadi layihə olmasından başqa, həm də ölkəmizin beynəlxalq münasibətlər sahəsində həyata keçirdiyi uğurlu siyasətin bəhrəsidir. Avropa ölkələri ilə Azərbaycan Respublikasının ticarət dövriyyəsinin ildən-ilə artması da çoxillik qarşılıqlı əlaqələrin əsasında əldə edilmiş mühüm nəticədir. Bakı şəhərində böyük müvəffəqiyyətlə keçirilmiş Avropa Oyunları Olimpiyası Qərb ölkələri ilə əlaqələrimizin əhatə dairəsini daha da inkişaf etdirilməsinə təkan vermişdir. Prezident İlham Əliyevin 2021-ci il Brüssel səfəri Avropa ilə yeni əməkdaşlıq imkanlarının yaradılmasına geniş üfüqlər açmışdır. Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm yer tutması ölkəmizin Qərbə doğru inkişafının böyük perspektivlərə malik olduğunu nümayiş etdirir.

image-63

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin xarici siyasətində Asiya faktoru da xüsusi yer tutur. XXI əsrdə dünya siyasətində Asiya amilinin get-gedə güclənməsi ölkəmizin də Asiyaya doğru addımlarının genişləndirməsini şərtləndirmişdir. Prezident İlham Əliyevin Asiyanın inkişaf etmiş dövlətləri ilə qurduğu çoxcəhətli əlaqələr Azərbaycanın bu istiqamətdə də uğurlu siyasət apardığını göstərir. Asiya siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin şəbəkəsinin genişlənməsi və real nəticələr verməsi bu istiqamətdə dövlətlərarası münasibətlərin səmərəli olduğunu qabarıq şəkildə nəzərə çarpdırır.  Azərbaycanın Çin Xalq Respublikasının dövlət siyasətində xüsusi yer tutan «Bir kəmər – bir yol» proqramının həyata keçirilməsinə verdiyi töhfə Asiyada ölkəmizin mövqelərinin gücləndirilməsində mühüm rol oynayır. Çin Xalq Respublikasının Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars Dəmir İpək Yolunun Avropa ilə Asiyanı əlaqələndirməsinə xüsusi maraq göstərməsi əlaqələrimizin konkret səmərəli nəticələrə malik olduğunu əyani şəkildə təsəvvür etməyə imkan yaradır. Hazırda Çin Xalq Respublikasının Prezident İlham Əliyevin Qarabağda qazanılmış tarixi Zəfərdən sonra irəli sürdüyü Zəngəzur-Laçın dəhlizi layihələrinə dəstək verməsi Çin Xalq Respublikası ilə əlaqələrimizin gələcəyinə nikbin baxmaq üçün əsas verir.

Pakistan İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qurulmuş çoxcəhətli əlaqələr ölkəmizin Asiya siyasətinin aparıcı bir istiqamətini təşkil edir. Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq tanıyan dövlətlərdən biri olan Pakistan İslam Respublikası ilə ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış əlaqələr son illərdə bütün sahələr üzrə inkişaf etdirilərək yeni mərhələyə çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının rəhbərləri ilə keçirdiyi görüşlər, apardığı danışıqlar, əldə etdiyi razılaşmalar, imzaladığı rəsmi sənədlər ölkələrimiz arasında strateji müttəfiqlik səviyyəsində münasibətlərin yaranması ilə nəticələnmişdir. Son illərdə Pakistan-Azərbaycan əlaqələrində hərbi əməkdaşlıq istiqamətdə atılmış addımlar qarşılıqlı əlaqələrin yeni bir mərhələyə daxil olduğundan xəbər verir. İkinci Qarabağ-Vətən müharibəsində Pakistan İslam Respublikasının Azərbaycanın haqq işinə verdiyi birmənalı dəstək ölkələrarası münasibətlərin etibarlı dayaqlara malik olmasının sübutudur. Hazırda ölkələrarası əlaqələrin Azərbaycan-Türkiyə-Pakistan münasibətləri miqyasında genişlənməsi bu ittifaqın dünya birliyinə töhfə verə biləcək yeni bir mərhələ səviyyəsinə çatdırmasını nümayiş etdirir. Prezident İlham Əliyevin Pakistan rəsmiləri ilə əldə etdiyi növbəti razılaşmalar ikitərəfli əlaqələrin çoxtərəfli münasibətlər miqyası səviyyəsinə yüksəldilməsini təmin etmişdir.

image-photo-2021-12-23-22-42-17

Azərbaycan Respublikasının Asiya ölkələri arasında Yaponiya, Cənubi Koreya, Sinqapur, Malaziya ilə münasibətlərin qarşılıqlı iqtisadi maraqların və mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi ölkəmizin Şərq siyasətinin aparıcı xəttini müəyyən edir. Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının həyata keçirilməsində yaxından iştirak edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində həm də ayrı-ayrı Asiya ölkələri ilə qarşılıqlı əlaqələr əsasında inkişaf etdirilir. Azərbaycan Respublikası Prezidentinin Asiya ölkələrinə dövlət və işgüzar səfərləri və bu dövlətlərlə  imzaladığı sənədlər Şərq ölkələri ilə əlaqələrin yeni mərhələyə daxil olmasına təkan verir.

Şərqə doğru inkişaf strategiyasında Azərbaycan Respublikasının Orta Asiya Respublikaları ilə əlaqələrinin də özünəməxsus xüsusi yeri vardır. Orta Asiya Respublikaları ilə əlaqələrin türk dünyası ilə əlaqələr sferasına daxil olması bu istiqamətdəki dövlətlərarası əlaqələrin xüsusi əhəmiyyət kəsb etməsini nümayiş etdirir. Prezident İlham Əliyevin Türk Dövlətləri Şurasının Zirvə görüşlərində, Orta Asiya Respublikalarına rəsmi səfərləri zamanı bu ölkələrlə əlaqələrin ön övqeyə çəkilməsinə və genişləndirilməsinə töhfə verir. Qazaxıstanın ölkəmizin neft axını layihələrində iştirak etməyə maraq göstərməsi, Özbəkistanın Türk Dövlətləri Şurasında rəsmi olaraq təmsil olunması yeni tarixi mərhələnin reallıqlarıdır.   Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkmənistan Respublikası ilə qurduğu münasibətlər bu ölkənin həm dövlətimizlə və həm də türk dünyası ilə əlaqələrinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Dövlət rəhbərimizin dənizində uzun illər neytral zona kimi istifadəsiz qalmış «Dostluq» neft-qaz yataqlarının ortaq şəkildə istismara açılması üçün atdığı addımlar hər iki ölkə üçün səmərəli olan əhəmiyyətli layihələrin icrasını önə çıxarmışdır. Bütün bunlar Azərbaycan-Orta Asiya Respublikaları əlaqələrində böyük canlanma yaratmış, əhəmiyyətli dərəcədə səmərəli olan yeni-yeni layihələrin meydana çıxmasına səbəb olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin bəyan etdiyi «Bir millət – iki dövlət» modeli əsasında əsl müttəfiqlik nümunəsi göstərən Azərbaycan-Türkiyə münasibətləri ilə əlaqələrin inkişaf etdirilməsi ilə yeni üfüqlər qazanır.

image-2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq miqyasda xüsusi rola və mövqeyə malik olan Qoşulmama Hərəkatına rəhbərlik etməsi ölkəmiz üçün beynəlxalq əlaqələr baxımından yeni bir əməkdaşlıq platformasının meydana çıxması ilə müşayiət olunur. Dövlət başçımızın Qoşulmama Hərəkatı dövlətləri ilə qurduğu səmimi və etibarlı dialoq, bu hərəkatda təmsil olan üzv dövlətlərinə, göstərdiyi  diqqət, ehtiyacı olan dövlətlərə zəruri hallarda etdiyi yardımlar müstəqil ölkəmizə çoxsaylı yeni dostlar və tərəfdaşlar qazandırmışdır. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycanla bağlı olan məsələlərin Birləşmiş Millətlər Təşkilatında müzakirəsi zamanı Qoşulmama Hərəkatı ölkələrinin göstərdiyi dəstək bu hərəkatla əlaqələrin hansı səviyyədə əhəmiyyətli olduğunu əyani şəkildə təsəvvür etməyə şərait yaradır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının fəaliyyət dairəsini genişləndirməklə bu təşkilatın nüfuzunu daha da qüvvətləndirmişdir. Pandemiyanın tüğyan etdiyi dövrdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatı ölkələrindən daha çox ehtiyacı olan  dövlətlərə vaxtında yardım göstərməsi, onlara kömək əlini uzatması üzv dövlətlərlə ölkəmizin arasındakı münasibətlərin daha da möhkəmləndirməsinə böyük töhfələr verir.

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan əlaqələrin və əməkdaşlığın yaradılması ilə beynəlxalq münasibətlərin, təhlükəsizlik və əməkdaşlığın inkişafına təsir göstərən məqsədyönlü bir siyasəti uğurla həyata keçirir. Dövlət rəhbərimizin qarşılıqlı əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsində müstəqil dövlətçilik maraqları ilə qlobal miqyasda regional və beynəlxalq maraqları qarşılıqlı surətdə əlaqələndirməsi və inkişaf etdirməsi Azərbaycan Respublikasının nüfuzunu daha da artırmış, qarşımızda yeni perspektivlər açmışdır. Uğurla rəhbərlik etdiyi Azərbaycan Respublikasında və Beynəlxalq miqyasda qazandığı böyük nüfuz  Prezident İlham Əliyevi dünya liderləri sırasına çıxarmışdır. Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi və mədəniyyət sahəsində baş vermiş böyük dəyişikliklər, əldə olunmuş möhtəşəm nailiyyətlər müstəqil dövlətin qüdrətli sükançısını qətiyyətinin və dövlətçilik istedadının təntənəsidir. Azərbaycanın ölkədaxili inkişafı və dünya birliyinə verdiyi töhfələr dövlət başçımızın liderlik missiyasını əyani şəkildə nümayiş etdirir. Xalqımız Prezident İlham Əliyevin simasında ölkəmizdə davamlı və dayanıqlı inkişafla yanaşı, dünya birliyinin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə təsir göstərən, töhfələr verən qüdrətli lideri ilə fəxr edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya birliyində söz sahibi olan qüdrətli liderdir.

 

Rza TALIBOV

Bakı Dövlət Universitetinin dosenti,

 III dərəcəli dövlət miqrasiya  xidməti müşaviri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki