image-1backend

Sahibə Qafarova Almaniya və Çexiyaya səfərlərindən DANIŞDI

image-reklam_sirab_01

Spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyətinin noyabrın 29-30-da Almaniya Federativ Respublikasına və noyabrın 30-dan dekabrın 2-dək Çex Respublikasına rəsmi səfərləri barədə deputatları məlumatlandırıb.

Vətəninfo.az xəbər verir ki, spikerin sözlərinə görə, Almaniya səfəri çərçivəsində nümayəndə heyətinin iştirak etdiyi ilk tədbir Berlin Qalereyasında “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi” adlı fotosərgi ilə tanışlıq olub:

“Həmçinin nümayəndə heyətimiz Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Mərkəzində oldu və rəsmi səfərlə bağlı Mərkəzdə təşkil olunan qəbulda iştirak etdi. Qısa olaraq deyim ki, qəbulda etdiyim çıxışda mən xalqımızın çoxəsrlik dövlətçilik tarixi, Azərbaycanın müxtəlif sahələrdə qazandığı nailiyyətlər barədə məlumat verdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji baxışın əsas elementləri sırasında beynəlxalq hüquq normalarına və prinsiplərinə hörməti, dialoqu, həmrəyliyi və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təşviqini qeyd etdim”.

Spiker qeyd edib ki, səfər zamanı Almaniya Bundestaqının sədri xanım Barbel Bas ilə, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri cənab Vadephul ilə, dostluq qrupunun üzvləri ilə və Azərbaycan-Almaniya Forumunun üzvləri ilə də görüşlər keçirilib:

“Çex Respublikasına rəsmi səfərin gedişində parlamentin Deputatlar Palatasının sədri xanım Marketa Pekarova Adamova, Senatın sədri cənab Miloş Vıstrçil, xarici işlər naziri cənab Yan Lipavski, habelə Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Kubik və qrupun üzvləri ilə görüşlərimiz oldu. Hər iki ölkədə aparılan söhbətlərdə ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin önəmi qeyd edildi. Bildirildi ki, qanunvericilik orqanları arasında əməkdaşlıq digər məsələlərlə yanaşı, iki ölkənin ictimaiyyətinə obyektiv informasiyanın çatdırılmasına, həqiqətdən uzaq məlumatların yayılmasının qarşısının alınmasına xidmət edir”.

S.Qafarova əlavə edib ki, həm Almaniya Federativ Respublikasına, həm də Çex Respublikasına rəsmi səfərlər zamanı keçirilən bütün görüşlərdə həmsöhbətlərimizə Cənubi Qafqaz bölgəsində mövcud olan vəziyyət barəsində ətraflı məlumat verildi:

“Ermənistanın siyasi və hərbi təxribatları, bu ölkənin son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsi və bu tədbirlərin nəticələri diqqətə çatdırıldı. Görüşlər zamanı mən qeyd etdim ki, bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun olub, mülki şəxslər arasında itki olmamışdır. Ermənistanın mina təhdidlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərinə törətdiyi maneələr də vurğulandı. Beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlar ilə əlaqədar bildirdim ki, bəzi dövlətlər barəsində qəbul edilən qərarlar dərhal icra olunduğu halda, müəyyən hallarda beynəlxalq hüquqa məhəl qoyulmadığı müşahidə edilir. Bu xüsusda Azərbaycan misal gətirildi. Xatırlatdım ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalından əziyyət çəkib. BMT-nin Təhlükəsizlik Şurası başda olmaqla, demək olar ki, bütün beynəlxalq təşkilatlar işğal faktının aradan qaldırılması ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etsələr də, bu sənədlər kağız üzərində qalıb. Üç il əvvəl isə Azərbaycan öz gücü hesabına bu qərarların icrasını təmin edərək, torpaqlarını işğaldan azad edib”.

Spiker qeyd edib ki, Fransa başda olmaqla bəzi ölkələrin və onların parlamentlərinin regiondakı reallıqları təhrif edən, tamamilə qeyri-adekvat və qəbuledilməz bəyanatları uzunmüddətli və möhkəm sülh yaradılması səylərinə xələl gətirir:

“Sülh sazişinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində aparılan vasitəçiliyin ədalətli olmasının zəruriliyi vurğulandı. Nəzərə çatdırdım ki, dövlətimiz regionda daimi sülhün təmin olunmasını istəyir və bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Aparılan söhbətlərdə, hörmətli həmkarlar, həmçinin Azərbaycanın əlverişli investisiya mühiti, müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu, bərpa olunan enerji sahəsində gördüyü işlər diqqətə çatdırıldı. Hesab edirəm ki, Almaniya Federativ Respublikasına və Çex Respublikasına rəsmi səfərlər uğurlu keçdi və bununla əlaqədar Milli Məclisin nümayəndə heyətinə öz minnətdarlığımı bildirirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image