image-368117_res_01backend

Samvel Babayanın villasında qul kimi işlədilən Elman Hacıyev

image-reklam_sirab_01

Bakıda Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni hərbi canilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və  Xosrovyan Alyoşa Aramaisoviçin işi üzrə ötən gün növbəti məhkəmə prosesi keçirilib.  

Veteninfo.az  xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində yenə zərərçəkmişlər dindirilib. Erməni əsirliyində qeyri-insani rəftarla üzləşən zərərçəkmişlər onlara verilən işgəncələrdən danışıblar.

Onlardan biri-keçmiş hərbi əsir  Elman Hacıyev məhkəmədə deyib ki,  1992-ci ildə könüllü olaraq müharibəyə yollanıb, 1993-cü il sentyabrın 26-da mühasirəyə düşərək əsir götürülüb. Hacıyevə də digər hərbi əsirlər kimi erməni cəlladları amansız işgəncələr veriblər, işgəncə verənlərdən biri də həmin bu Mkrtçyan olub.

Elman Hacıyevin danışdıqlarından:  ” O qədər döydülər ki, huşumu itirdim. Ayılanda gördüm ki əllərimi məftillə bağlayıblar, boynuma zəncir vurublar.  Məni Şuşa türməsinə apardılar. İki ay orada saxladılar. Daha sonra Xocavəndə apardılar. Xocavənddə tikintidə işləyirdik. Mkrtçyanı da orda tanımışam. Orada ferma var idi, gecə ora heyvanlar üçün yem gəldi. Bizə yemi boşaltdırdılar. Mkrtçyan bir neçə erməni ilə sərxoş vəziyyətdə, əllərində avtomat başladılar bizi döyməyə. Ona dedim ki, bəlkə nə vaxtsa rastlaşarıq, onda cavabını verərəm. Sözüm xoşuna gəlmədi. Bundan sonra məni avtomatın qundağıyla, armaturla döydü. Burnumu sındırdılar,  palçığın içinə atdılar. Gözlərim həm döyülməkdən həm də palçıqdan tutulmuşdu. Sonra məni yenə UAZ-a mindirib apardılar Şuşa türməsinə…”.

E.Hacıyev deyir ki, əsirlikdə saxlanıldığı müddətdə separatçı rejimin “müdafiə naziri” Samvel Babayanın və  qardaşının evinin tikintisində digər əsirlərlə birlikdə qul kimi işlədilib. Samvel Babayan və qardaşı üçün villa tikintisində azərbaycanlıların Füzulidə, Ağdamda sökülən evlərinin materiallarından istifadə edirdilər. O cümlədən azərbaycanlıların mərmər qəbir daşlarından Samvelin villasında pilləkənlər düzəldiblər. Əlbətdə, ikinci Qarabağ müharibəsi və onun nəticələri “zülmlə abadlıq olmaz” deyiminin doğruluğunu bir daha təsdiqlədi və general Samvelin, digər erməni hərbi canilərinin azərbayanlıların məzar daşlarından ucaltdıqları imarətlər onların başlarına yıxıldı. Bu hərbi canilərdən bir çoxu məhv edildi, bir neçəsi isə ələ keçdi. İndi onlardan ikisi məhkəmə önündədir və azərbaycanlılara etdikləri zülmləri onların öz dillərindən eşidib barələrində çıxarılacaq hökmü gözləyirlər.

Keçmiş hərbi əsir ifadəsində deyib: ” Füzulidən, Ağdamdan  evləri söküb gətirirdilər, biz də daşıyırdıq, ustalar ferma tikirdilər. O evləri də azərbaycanlı əsirlərə sökdürürdülər.  Xocavənddə iki donuz ferması, bir toyuq ferması və taxıl anbarı tikirdik. Samvel Babayanın  qardaşının idi hamısı. Erməni ustalar qışqırırdı ki, palçıq gecikdi, Mkrtçyan də hər dəfə gəlib məni avtomatın qundağı ilə döyüb işgəncə verirdi. Gün ərzində altı nəfərə cəmi bir çörək verirdilər, başqa heç nə vermirdilər.   Sonra bizi gətirdilər Xankəndinə. Karol Babayan üçün ev tikməyə. Onun yanında Samvel Babayan üçün 4 mərtəbəli villa tikdilər, biz də onlar üçün fəhləlik edirdik.  Ermənilər bizim qəbiristanlıqdan qara mərmərləri çıxarıb aparırdılar, öz qəbirstanlıqlarında abidə düzəltdirirdilər. Qırmızı mərmərləri isə Samvel Babayanın villasının pilləkəninə istifadə edirdilər.

Şuşa türmədə Lüdvik, Artur, Karen və digərləri bizə işgəncə verirdilər. Bizi Mkrtçyan bir bir toka verirdi. Məni toka verdi, sonra süpürgənin arxasına keçirilən taxta ilə vurub burnumu sındırdı.  Məni gətirdi türmənin qarşısına, metlaxları palçıqsız düzdürdü yerə, dedi elə elə ki metlax tərpənməsin. O da mümkün deyildi, düz dayanmırdı, Mkrtçyan da başlayırdı məni döyməyə.  Mkrtçyan deyirdi ki, birdən qaçmaq fikrinə düşərsən, onda səni işgəncələrlə öldürərəm. Deyirdi ki, mən Qarabağda doğulmuşam, Qarabağ Ermənistandır”.

E.Hacıyev deyir ki, Şuşa türməsində Beynəlxalq Qırmızı Xaç Komitəsi baş çəkməyə gələndə onlara əvvəldən erməniləri və saxlanma şəraitini tərifləmək tapşırılırdı,  əks halda axşam işgəncə görəcəkləri haqda xəbərdarlıq edilirdi. Və əsirlər qorxusundan şikayət etmirdi.

Bildirir ki, əsirlikdə olanda məruz qaldığı işgəncələrdən indi də əziyyət çəkir. Dizlərində xəsarətlər qalır, böyrəklərindən hər il müalicə alır.

Məhkəmə prosesi digər zərərçəkənlərin dindirilməsi ilə davam etdirilib./Virtualaz.org

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki