Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət təqibinə başlanılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsində mənzillərin bölüşdürülməsi prosesində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı aparılan ibtidai istintaq başa çatıb.
İstintaqın ilkin mərhələsində Seyran Ohanyanın müdafiə naziri vəzifəsində çalışdığı dövrdə Müdafiə Nazirliyinin Mərkəzi Mənzil Komissiyasının üzvlərinin köməyi ilə səlahiyyətlərini aşdığı və nəticədə bir sıra şəxslərin hüquq və qanuni mənafelərinə ciddi ziyan dəydiyinə dair faktiki məlumatların əldə edildiyi bildirilib.
Məlumata görə, prokurorun qərarı ilə Seyran Ohanyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 1-ci hissəsi ilə ictimai cinayət təqibinə başlanılıb.
Həmin maddə vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən və ya nüfuzundan sui-istifadə etməsini, yaxud səlahiyyət həddini aşmasını nəzərdə tutur.


























