image-2f03427f0d2fec9b72ab587d6d8a9598backend

SSRİ-də dövlət başçısı necə seçilirdi… – “Baş katib öldü, yaşasın baş katib” ənənəsi

image-reklam_sirab_01

Seçkilər siyasilərin mübarizəsinin sonuncu və həlledici mərhələsidir. Tarix boyu seçki tədbirlərində şəffaflıqla yanaşı mübahisəli məqamlar da ortaya çıxıb, siyasi liderlər bu prosedura fərqli qiymətlər veriblər. Seçkilər haqqında ən “maraqlı” və sonralar ən çox işlədilən ifadəni isə İosif Stalin səsləndirib:
“Hesab edirəm ki, kimin və necə səs verəcəyi əhəmiyyətsizdir, seçkilərdə son dərəcə vacib olan məsələ səsləri kimin və necə hesablamasıdır…”

Stalinin vəfatından sonra onun söylədiyi bu fikirlər ətrafında mübahisələr yaranıb. Bəzi araşdırmaçıların qənaətinə görə, bu ifadə sovet liderinə məxsus olmayıb. Hətta arxivlərdə də bu ifadəni əks etdirən hansısa bir çıxış, məruzə, stenoqram yoxdur. Bu məsələyə Stalinin keçmiş katib-köməkçisi, 1930-cu ildə SSRİ-dən qaçan, məşhur “Stalinin keçmiş katibinin xatirələri” kitabının müəllifi Boris Bajanov aydınlıq gətirib:

“Mən beş il müddətində Stalinin köməkçisi vəzifəsində işləmişəm, rəsmi və qeyri-rəsmi tədbirlərdə onun bir addımlığında olmuşam, partiya liderlərinin bir-birlərinə atdığı atmacaları da, mübahisələri də eşitmişəm. Sözsüz ki, Stalin seçkilər haqqında sözügedən fikrini rəsmi tribunadan söyləyə bilməzdi. O, bu fikirləri öz yaxın ətrafında söyləyib. Mən bunu kiminsə dilindən yox, Stalinin dilindən öz qulaqlarımla eşitmişəm…”

Bu mübahisəli ifadəyə tarixə nəzər salaraq məntiqlə yanaşsaq qənaətə gələ bilərik ki, Stalinin deməsindən, yaxud da deməməsindən asılı olmayaraq SSRİ-də seçkilər həqiqətən də səsləri kimin və necə hesablamasından asılı olub.

SSRİ-də təkpatiyalı sistem olduğundan seçkilər daha “rahat” keçirilib, yəni müxalif siyasi partiyaların olmaması kommunisltlərin seçki fəaliyyətini daha da asanlaşdırıb. Seçki tədbirlərində yalnız partiyadaxili qruplaşmalar problem ehtimalı yaradıb ki, bunu da siyasi liderlər əvvəllər repressiyalarla, sonralar vəzifədən kənarlaşdırma ilə həll ediblər.

Sovet dövründə baş katib, Mərkəzi Komitənin katibləri, Siyasi Büronun üzvləri plenumda seçilib. Kommunist Partiyası Mərkəzi Komitəsinin ali orqanı sayılan plenum ildə iki dəfə, altı aydan bir keçirilib.
3 aprel 1922-ci ildə keçirilən plenumda İosif Stalinin əleyhinə çıxanların sayı çox olsa da, o, baş katib vəzifəsinə asanlıqla seçilib. Belə ki, həmin dövrdə SSRİ-nin birinci şəxsi sayılan, SSRİ Xalq Komissarları Sovetinin sədri Lenin bu vəzifəyə məhz Stalinin seçilməsini məsləhət görüb. Sonralar Lenin bunun peşmançılığını çəksə də, Stalin ömrünün sonuna qədər bu vəzifəni əldən verməyib.

Stalinin vəfatından sonra hakimiyyət bölgüsündə problemlər yaşanada Nikita Xruşov çox böyük hiyləgərliklə gələcək liderliyini təmin etməyi bacarıb. 1953-cü ilin mart plenumunda ölkənin idarəetmə strukturunun formalaşdırılması müzakirə edilib. Daha sonra məsələ Mərkəzi Komitənin Rəyasət Heyətində (Siyasi Büroda) müzakirəyə çıxarılıb. Qərara alınıb ki, ölkənin birinci şəxsi Leninin dövründə olduğu kimi, SSRİ Nazirlər Sovetinin sədri olacaq və bu vəzifəyə Georgi Malenkovun təyin edilməsinə yekdilliklə səs verilib. O cümlədən Xruşov da səsvermədə Malenkovu dəstələyib. Məhz həmin iclasda Xruşov Mərkəzi Komitəyə birinci katib (sonralar baş katib) seçilməsi məsləsini də müzakirəyə çıxarmağı təklif edib. Amma bunun üçün plenumun çağrılması vacib sayıldığından müzakirə bir müddət təxirə salınıb. Siyasi elitanın qeyri-rəsmi razılaşmasından sonra 1953-cü il sentybar plenumunda Xruşov Mərkəzi Komitənin birinci katibi seçilib və o, çox keçməmiş partiyanın rəhbəri kimi özünü ölkədə mütləq hakim elan edərək birinciliyi ələ alıb.

Mərkəzi Komitənin plenumları arasında ən yadda qalanı 1964-cü ilin oktyabr plenumu olub. Bu plenumda heç bir “saxtakarlığa” yol verilməyib. Plenum üzvləri bir nəfər kimi səs verərək Xruşovu vəzifəsindən deviriblər.

Saxtalaşdırılan seçkilər Brejnevin hakimiyyəti dövründə daha geniş vüsət alıb. Məhz onun baş katibliyi dövründə həm özü, həm Mərkəzi Komitənin katibləri, həm də Siyasi Büronun üzvləri sürəkli alqışlarla vəzifələrə seçiliblər.

Brejnevin vəfatından sonra da plenumlar və seçkilər formal xarakter daşıyıb. Məhz həmin vaxtlar ictimaiyyət baş katibin kim olacağını plenumdakı seçkilərdən əvvəl biliblər. Vəfat edən baş katibin dəfn komissiyasına kim rəhbərlik edibsə, elə həmin şəxs də növbəti baş katib seçilib.

Xronoligiyaya nəzər yetirsək bir daha bunun şahidi olarıq. Brejnevin dəfn komissiyasına Yuri Andropov rəhbərlik edib, o, dəfndən sonra plenumda baş katib seçilib. Andropovun dəfn komissiyasına rəhbərlik Konstantin Çernenkoya həvalə edilib ki, o da 100 faizlik səslələ baş katib kürsüsündə əyləşib. Çernenkonun dəfnində “baş rolda” Mixail Qorbaçov olub ki, sonra baş katib postunu tutub.

Göründüyü kimi, sovet seçki sistemində istər baş katiblər, istər Mərkəzi Komitə katibləri, istərsə də Siyasi Büro üzvləri seçkilərdən əvvəl müəyyənləşdirilib. Kremlin qırmızı bayraq və qırmızı xalçalarla bəzədilmiş böyük zalları isə kommunistlərin saxtakarlığına şahidlik ediblər. Yəqin ki, “uzaqgörən” Stalin də keçmişində və gələcəyində bütün bu qeyri-şəffalığı hiss edərək kimin və necə səs verəcəyini əhəmiyyətsiz sayıb.

İlham Cəmiloğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki