image-1backend

Türkdilli dövlətlər arasında qurulan əməkdaşlıq daha da güclənib

image-reklam_sirab_01

2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə qərarın qəbul edilməsi əməkdaşlığın yüksəlməsində mühüm rol oynadı və dünyada türk birliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən müddət ərzində reallaşan layihələr, imzalanan sazişlər və s. türk dövlətləri arasında münasibətləri daha da yaxınlaşdırmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən 15 il ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.
“Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib”. Bu fikirləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı səsləndirib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü zamanı imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirən Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.
Son dövrdə Türkdilli dövlətlərin arasında qurulan əməkdaşlıq daha da güclənmiş və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Qeyd edək ki, bu gün türk dövlətləri siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir.
Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta Dəhliz layihəsidir. Orta Dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin əsas vəsilələrindən biri hesab edilir. Ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi üçün öz ərazisində zəruri infrastruktur yaradıb. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
“Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir”, – deyə Prezident çıxışında bildirib. Qeyd edib ki, hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Dünya Türk dünyasının birliyinin şahidi oldu. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür. “Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər”, – deyən dövlət başçımız bildirib ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim.
Bildiyimiz kimi, Azərbaycan bir neçə gündən sonra COP29-a ev sahibliyi edəcəkdir. Bu tədbirin Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcəkdir. Bildiyimiz kimi, yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır. “Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər” – deyə Prezident bildirib. Azərbaycanın yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəyini xatırladan dövlətimizin başçısı keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini, bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu diqqətə çatdırıb.

Tufan Məmmədov – iqtisadçı ekspert


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image