image-a-5-kopyabackend

Türkiyə-Azərbaycan silah qardaşlığı: tarix təkrar olunur

image-reklam_sirab_01

Bayraqlarımız da, əsgərlərimiz də, şəhidlərimizin məzarları da yan-yanadır

 

Sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü tamam olur. 1918-ci ildə qazanılmış bu zəfər Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə mühüm hadisə kimi yazılıb. Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi tarixi-siyasi və mənəvi-psixoloji əsaslara söykənməklə Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilib. Babalarımzın miras qoyduğu bu qardaşlıq köməyi, silah qardaşlığı sonrakı illər ərzində də bir millət, iki dövlətin taleyində zaman-zaman öz təzahürünü tapıb.

Veteninfo.az uzaq tariximizə qısa ekskurs edərək vaxtilə Bakının, çağdaş tariximizdə isə Qarabağın işğaldan azad edilməsi kontekstində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bəzi məqamlarına nəzər salır.

Tarixə qısa ekskurs

Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Rusiya hərbçiləri silahlarını həmin vaxta qədər Anadoluda, Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində qanlar tökən erməni bandalarına vermişdilər. Həmin vaxt Bakıda qurulan sovet hakimiyyəti dinc türk-müsəlman əhaliyə zülm edirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər yerlərində azərbaycanlılara qarşı törədilən soyqırımının qarşısını nə Transqafqaz Komissarlığı, nə də Transqafqaz Seymi ala bilmədi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı yadellilərin əlində idi. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürmüşdü. Cümhuriyyətin müraciəti əsasında Osmanlının hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu adlandırılan silahlı qüvvə Azərbaycan istiqamətində yola çıxdı.

Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün hərəkətə keçən bolşevik Rusiyası müharibədə Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Müqaviləyə görə, Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Lakin bu oyunlar Qafqaz İslam Ordusunun yürüşünü dayandıra bilmədi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Sentyabrın 17-də isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Şəhərin azad edilməsi Bakıya dair iyrənc planları darmadağın etdi.

Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə də bizi ilk olaraq Türkiyə tanıdı. Bu da qardaşlığın bir nümunəsi oldu. Bakı Türk Şəhidliyi abidəsi isə Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ehtiramdır.

Azərbaycan torpağında uyuyan türk şəhidlər

Bakı şəhərinin azad edilməsinin yüz illiyi 2018-ci ildə Azadlıq meydanında möhtəşəm paradla qeyd edildi. Azərbaycana gəlmiş Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bu möhtəşəm tədbiri Prezident İlham Əliyevlə birgə izlədi. Eyni zamanda, iki dövlətin ordularının əsgərləri Azadlıq meydanında yan-yana addımladı. Prezident İlham Əliyev paraddakı çıxışında Qafqaz İslam Ordusunun Nuru paşanın rəhbərliyi altında sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsini tarixi hadisə adlandıraraq dedi: “Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır. …Onların məzarları yan-yanadır. … onların xatirəsi bizim qəlbimizdədir və onların göstərdikləri qəhrəmanlıq bu gün Türkiyə və Azərbaycan birliyini daha da möhkəmləndirir”.

Həmin paradda çıxış edən Türkiyə Prezidenti vurğuladı ki, şəhidlər fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular. Türkiyə dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkədir. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir.

“Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir. Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanındakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik”, – deyən Rəcəb Tayyib Ərdoğan bir əsr əvvəl azərbaycanlıların işğal altında zülm çəkdiyini, Nuru paşanın və Qafqaz İslam Ordusunun Bakıya və Gəncəyə gəlişinin əhali arasında böyük ümid doğurduğunu xatırlatdı.

Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Bunu dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayıb: “Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun”.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli layihələr iki qardaş ölkə arasında yeni körpülər olmaqla, bütövlükdə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır.

Tarix təkrar olunur

Ötən il sentyabrın 27-də Azərbaycan Vətən müharibəsinə, qurtuluş savaşına qalxaraq 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarını azad etdi. Bu şanlı Qələbədə Türkiyə liderinin, türk xalqının mənəvi-siyasi dəstəyi mühüm rol oynadı. Azərbaycanda bunu yüksək qiymətləndirir, minnətdarlıq duyğuları ilə xatırlayırlar.

Vətən müharibəsinin salnaməsini vərəqləsək, aydın görərik ki, müharibənin ilk günlərindən, ilk saatlarından Türkiyə Azərbaycanın yanında olub. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə öz dəstəyini verib, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bəyan edib. Qələbəmizdə mühüm rol oynayan bu siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir. Həmin günlərdə paytaxtımız, şəhər və qəsəbələrimiz bir millət, iki dövlətin rəmzi olaraq, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi.

2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, əsgər və zabitlərin iştirakı birliyimizi, dostluğumuzu və qardaşlığımızı bir daha bütün dünyaya nümayiş etdirdi. “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”, – dedi qardaş dövlətin lideri.

Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi münasibətləri yeni səviyyəyə çıxarıb. Bəyannamənin bəndlərindən birində göstərilir: “Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər”.

Bu tarixi bəyannamə bir daha təsdiqləyir ki, kökləri dərin olan qardaşlığımız əbədidir. Biz birlikdə güclüyük!

Bir neçə gün əvvəl Laçın rayonunda Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə döyüş atışlı taktiki təlimi keçirilib. Bu, xalqlarımızın, ordularımızın silah qardaşlığına ən yeni nümunədir.

Bu gün ən yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirir və Azərbaycan-Türkiyə birliyinin sarsılmaz və əbədi olduğunu göstərir. Tarixi 103 il əvvələ, bəlkə də əsrlərin dərinliyinə gedib çıxan silah qardaşlığımız hər birimiz üçün qürur mənbəyi, güvənc yerimiz olaraq qalacaq.

Veteninfo.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki