Veteninfo.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmini “dəyişdirilə biləcək xarici valyutalar” siyahısına daxil edib.
Məlumts görə,Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) alqı-satqı etdiyi valyuta məzənnələrini yenidən təşkil edib.
Rəsmi Qəzetdə dərc olunan 32 saylı Türk valyutasının dəyərinin qorunmasına dair qərara və Xəzinə və Maliyyə Nazirliyinin müvafiq bildirişlə bağlı sirkulyarına əsasən, edilən valyuta əməliyyatları aşağıdakı kimidir:
ABŞ Dolları, Avstraliya Dolları, Azərbaycan Yeni Manatı, BƏƏ Dirhəmi, Bolqarıstan Levi, Çin Yuanı, Danimarka Kronu, Avro, Cənubi Koreya Vonu, Britaniya funtu, İran Rialı, İsveç Kronu, İsveçrə Frankı, Yapon Yeni, Kanada Dolları, Qətər Rialı, Küveyt Dinar, Norveç kronu, Pakistan rupisi, Rumıniya leyi, Rusiya rublu və Səudiyyə Ərəbistanı riyalı.
“Türkiyə ilə Azərbaycan svap anlaşmasına yaxındır”
Yayılan digər bir məlumata görə isə,Türkiyə ilə Azərbaycan arasında valyuta svap anlaşması üzrə danışıqlarda irəliləyiş əldə olunub və yaxın vaxtlarda razılaşmanın əldə ediləcəyi gözlənilir.
“Reuters” Türkiyədə bu danışıqların gedişi barədə məlumatlı olan mənbələrə istinadən bildirir.
Agentliyə məlumat verən mənbələrdən biri Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri ilə svap anlaşmasına dair danışıqlardan birinin “ilin sonuna qədər yekunlaşa biləcəyini” deyib. Mənbə deyib ki, Azərbaycan və Türkiyə mərkəzi bankları arasında imzalanacaq anlaşmanın həcmi əvvəlcə o qədər də böyük olmayacaq, ancaq dəyişdirilən valyutanın həcmi mərhələlərlə artırılacaq.
Svap anlaşması tərəflərin müəyyən müddətə və müəyyən faizlə öz pul vəsaitlərini dəyişdirməsini nəzərdə tutur. Müddət başa çatanda proses tərsinə işləyir, yəni tərəflərdən biri digərinə onun milli valyutasının əvəzində dollar veribsə müddət başa çatanda öz milli valyutasının əvəzində dollar alır.
Türkiyənin Mərkəzi Bankı öz strateji valyuta ehtiyatlarını artırmaq üçün dost və müttəfiq ölkələrlə svap anlaşmalarına gedir. Bu günlərdə Mərkəzi Bank Azərbaycan manatını və Birləşmiş Ərəb Əmirlikləri dirhəmini “dəyişdirilə biləcək xarici valyutalar” siyahısına daxil edib.
İndiki halda danışıqların və gözlənilən sövdələşmənin təfərrüatları məlum olmasa da belə yəqin olur ki, Türkiyə Mərkəzi Bankı Azərbaycan Mərkəzi Bankına müəyyən həcmdə TL verəcək, əvəzində dollar alacaq.
Xatırladaq ki, Türkiyədə dolların kəskin bahalaşmasına görə hökumət və Mərkəzi Bank maliyyə bazarında vəziyyəti sabitləşdirmək üçün son günlər bəzi addımlar atıb. Hökumət dollara indekslənmiş lirə depozitlərinə keçib, Mərkəzi Bank isə bu həftənin əvvəlində bazara müdaxilə edərək iki günə 7 milyard dollar satıb. Hazırda 1 ABŞ dolları 11.4 lirəyə yaxındır.


























