Vətəninfo.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin beynəlxalq tərəfdaşlarından 1 milyard 500 milyon avrodan çox hərbi yardım alacağını açıqlayıb.
Reznikov sosial media hesabından etdiyi paylaşımda NATO-nun Vilnüs sammiti çərçivəsində Ukraynaya ediləcəyi bildirilən yardım paketlərini dəyərləndirib.
Sammitin çox səmərəli keçdiyini bildirən Reznikov “Ukrayna beynəlxalq tərəfdaşlarından 1 milyard 500 milyon avrodan çox hərbi yardım alacaq” deyib.
“Almaniyanın yeni 700 milyon avroluq yardım paketinə 25 “Leopard 1A5” tankı, 40 “Marder 1A3 IFV”, 2 “Patriot” hava hücumundan müdafiə sistemi, 5 “Bergepanzer 2 SAM”, 20,155 mm-lik top mərmisi, 5 min duman mərmisi daxildir”, deyə Reznikov qeyd edib.
Avstraliyanın yeni müdafiə paketinə 30 ədəd “Bushmaster” zirehli maşının daxil olduğunu bildirən Reznikov Norveçin 1000 “Black Hornet” mikro pilotsuz təyyarəsi, NASAMS dəstək paketi (2 əlavə atəşə nəzarət mərkəzi, iki buraxılış qurğusu və ehtiyat hissələri) dəstəyi verəcəyini deyib.
Reznikov Norveçin də Ukraynaya hərbi yardım büdcəsini 240 milyon dollardan 930 milyon dollara qaldırdığına diqqət çəkib.
İngiltərənin Ukraynaya 70-dən çox döyüş maşını, tanklar üçün minlərlə sursat, avadanlıqların təmiri üçün 64,7 milyon dollarlıq hərbi yardım paketi təqdim edəcəyini bildirən Reznikov Fransanın SCALP raketləri və minalardan təmizlənməsi üçün əlavə mühəndis avadanlıqları ayıracağını vurğulayıb.
Reznikov Hollandiya ilə avqust ayında pilotların hazırlığına başlanılması üçün razılıq əldə edildiyini və bu ölkənin Ukraynanın hava hücumundan müdafiə və artilleriya imkanlarının gücləndirilməsinə töhfə verəcəyini bildirib.
Nazir Reznikov qeyd edib ki, Kanada Ukraynanı dəstəkləmək və transatlantik təhlükəsizliyi gücləndirmək üçün yeni fond və layihələrə 410 milyon dollar ayırmağı vəd edib.
Ukrayna Silahlı Qüvvələrinin Tavriya bölməsinin komandiri Aleksandr Tarnavski də CNN-ə müsahibəsində ABŞ-ın ötən həftə Ukraynaya kaset sursatları tədarük etmək qərarına münasibət bildirərək “Onları yeni əldə etmişik, hələ istifadə etməmişik, lakin onlar (döyüş meydanını) kökündən dəyişə bilər” deyib.
Tarnavski bildirib ki, kaset sursatlarının istifadə oluna biləcəyi ərazilərə yüksək vəzifəli şəxslər qərar verəcək.