image-indirbackend

Xalidə Bayramova vəzifəsindən niyə azad olunmur?

image-reklam_sirab_01

Uzun illərdir Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini kimi çalışan Xalidə Bayramova vəzifə səlahiyyətlərindən sui-istifadə etməsiylə bağlı növbəti dəfə gündəmə gəlib. Hələ 3 il əvvəl onun adı 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında hallanırdı. Məktəbdə mənəvi və fiziki təzyiqlərə məruz qaldığı üçün intihar edən Elinanın ölümü ölkədə uzun müddət müzakirələrə səbəb olmuşdu. Xanım müavin isə ağır vəziyyətdə olan Elinanı xəstəxanaya çatdırmaq əvəzinə sorğu-sual edərək videoya çəkdiyinə görə tənqid edilmişdi.

Məmur kimi çıxışlarında uşaqlara olan sevgidən və qayğıdan ağızdolusu söhbət açan Xalidə Bayramovanın ağır durumda olan Elinaya yardım etməməsi uzun müddət müzakirələrə səbəb oldu. İstintaq prosesində ifadə verən X.Bayramova isə Elinanın ölümündə günahının olmadığını vurğulayıb.

Daha sonra icra hakimiyyətində həm də Qəyyumluq Komissiyasına rəhbərlik edən xanım müavin adıçəkilən vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə isə onun adı növbəti bir cinayətdə hallanır. Belə ki, o, yaxın qohumuna saxta vaksin sənədi almaq üçün vəzifəli şəxslərə müraciət edib. Xanım müavinlə bağlı  Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Qeyd olunur ki, o, vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “Covid-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib. Baş Prokurorluq onun intizam məsuliyyətinə cəlb edilməsi üçün icra hakimiyyətinə təqdimat göndərib.

Səbail İcra hakimiyyəti isə hələlik birinci müavin barəsində heç bir tədbir görməyib. Halbuki saxta vaksinlə bağlı tələbin onun vəzifədən azad edilməsi üçün önəmli faktdır. Bu arada qeyd edək ki, buna bənzər hadisə bir neçə həftə əvvəl Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında baş vermişdi. İki tibb işçisi (Kərimova Təbəssüm və Südabə Məmmədyarova) vaksinasiya prosesinə mane olduğu üçün işdən kənarlaşdırılaraq əmək müqavilələrinə xitam verilib. Onların işdən azad edilməsinin səbəbi peyvəndlənmə üçün müraciət etmiş Samir Gözəlovun qanunsuz təklifi əsasında həmin şəxsi peyvəndlənmiş şəxs kimi qeydə alınması və dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvəndin təyinatı üzrə istifadə edilməyərək israf edilməsi idi. Xəzər rayon məhkəməsinin qərarı ilə Samir Gözəlova 30 gün müddətinə inzibati həbs, Südabə Məmmədyarovaya 200 saat ictimai iş, Təbəssüm Kərimovaya isə 400 manat cərimə tənbehləri tətbiq edilib.

X.Bayramovanın əməllərinə dərhal reaksiya verilməməsi, hələ də vəzifəsinə davam etməsi cəmiyyətdə narazılıq yaradır. Halbuki müsahibələrinin birində xanım müavin özü vəzifənin əbədi olmadığını, işdən çıxarıldığı halda bunu adi qarşılayacağını bildirib: “Bir gün mənə desələr ki, siz artıq bu vəzifəni icra etməyəcəksiniz, inanın, bunu normal qarşılayaram. Çünki mən vəzifənin ömürlük olmadığını özümə aşılamışam. Belə bir hal baş verərsə, yenidən universitetə tələbələrimin arasına qayıdaram, çünki mən gəncləri çox sevirəm”-deyə Bayramova qeyd edir.

57 yaşlı Xalidə Bayramova Səbail İcra hakimiyyətində birinci müavin kimi 4 icra başçısı yola salsa da, 14 ildir ki, hələ də rayonda ən önəmli vəzifəni idarə edir.

İH-dən isə saytımıza bildirilib ki, X. Bayramova haqqında hər hansı qərar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki