image-arzu-memmedlibackend

Xilaskar Ulu Öndər!

image-reklam_sirab_01

O bir dahidir!
Hər xalqa qismət olmayan, hər xalqın taleyinə yazılmayan bir dahi! Böyük bir xalqın atası, lideri, yolgöstərəni! Xalqın qurtuluşuna imza atan, ölkəsini parçalanmaq, dünya xəritəsindən yox olmaq təhlükəsindən qurtaran bir dahi! Xalqının israrlı təkidi ilə bir Simurq quşu kimi Vətənin səmasında qanad açan, xalqının köməyinə tələsən böyük dövlət adamı, nəhəng bir siyasi xadim!
Ulu Öndər Heydər Əliyevin cismən bizdən ayrıldığı gündən 19 illik bir zaman keçir. Ötən zaman kəsiyində bu böyük şəxsiyyətin, nadir siyasətçinin xalqı və ölkəsi üçün etdikləri, canı, həyatı bahasına nail olduğu işlər, göstərdiyi xidmətlər bir-bir gözlərimizin önündən keçir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri heç bir tarixi şəxsiyyətlə müqayisəolunmaz dərəcədə böyükdür, çoxşaxəlidir və qiymətlidir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi kimi deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının müstəqil dövlətçilik rəmzi və milli iftixarıdır. Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ali məqsədi Azərbaycan xalqına sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət olmuşdur.
1969-1982-ci illər ərzində Azərbaycan Sovet Respublikasını keçmiş SSRİ-də bütün istiqamətlər üzrə inkişaf etmiş bir ölkə səviyyəsinə çatdırmaq Heydər Əliyevin yorulmaz fəaliyyətinin və böyük iradəsinin nəticəsi idi. Bu dövr Azərbaycanın intibah dövrüdür.
Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı ilə o zaman rəhbərlik edənlərin diqqətini cəlb etdi. Zaman-zaman maneələrlə qarşılaşaraq, məqsədli bir şəkildə rəhbərlikdən uzaqlaşdırılmasına baxmayaraq, heç bir qüvvə onu xalqından uzaqlaşdıra bilmədi.
1993-cü ildə Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşəndə Ulu Öndər öz tarixi missiyasını davam etdirərək ölkəni, xalqı böyük bir fəlakətdən-müstəqilliyini itirməkdən xilas etdi. Bu dövr Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış səhifəsinə çevrildi. Əgər 1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ikinci dəfə gəlişi Milli Qurtuluşu oldu. 1992-1993-cü illərdə xalqımızın başına gəlmiş erməni və havadarlarının zülmü, Dağlıq Qarabağın işğal olunması ilə nəticələndi. Xalqımızın tələbi ilə Ulu Öndərimiz hakimiyyətə gəldi. Bu gəlişi ilə o, atəşkəsin elan olunmasına nail oldu. Ermənistan tərəfindən işğal olunan Qarabağ torpağını dünya səviyyəsində ən mötəbər məclislərində müzakirəyə çağırdı.
On illik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkəni dirçəltdiyi və inkişaf etdirdiyi qüdrətli dövlət kimi millətinə bəxş etdi. Bununla da o, Azərbaycan xalqının mövcudluğunu qorumağa nail oldu. Ümummilli lider Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirdi, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızn rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etdi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin ən bariz nümunəsi oldu. Bugünkü Azərbaycanı, onun böyük potensialını həmin müqaviləsiz təsəvvür etmək mümkün deyil.
Böyük rəhbər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan həm milli iftixar duyğusu, həm də bugünümüzün və sabahımızın mahiyyətidir. Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. 2003-cü ildən sonra inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 18 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir.
Dünyada baş verən müasir hərbi-siyasi proseslərə, iqtisadi çaxnaşmalara, yeni sənaye inqilablarına çağırışlara, habelə multikultural dəyərlərə fərqli baxışlara uyğun olaraq müstəqil dövlətimizin inkişaf strategiyası və taktikasını daim yeniləşdirən və zənginləşdirən Prezident İlham Əliyev özünün dərin analitik təfəkkürü və çoxcəhətli yorulmaz fəaliyyəti ilə 21-ci əsrin əsl modern dövlətçilik nümunəsini göstərməkdə davam edir.
Ulu Öndərin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Qarabağı işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması Ulu Öndərin arzusu idi.
Bu böyük nailiyyətdir. Azərbaycan üçün yeni tarixi bir dövr başlayır. Ulu Öndərimiz indi yanımızda deyil, lakin Azərbaycan durduqca, Ulu Öndər də əbədi yaşayacaq!
Ümummilli lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!

Arzu Məmmədli
Suraxanı rayonunun fəal gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki