“İki gündən sonra insanlığın ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 31-ci ildönümünü yaşayacağıq. Xocalı soyqırımında həyatlarını itirərək şəhid olmuş, yaralanmış soydaşlarımız daim xatirimizdədir. Bir daha bu faciədə şəhid olmuş soydaşlarımıza Uca Tanrıdan rəhmət diləyirəm. Xocalı soyqırımı ermənilərin azərbaycan türklərinə qarşı həyata keçirdikləri nə ilk, nə də ki, sonuncu genosid aktıdır”.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Əlabbas Salahzadə bildirib.
Deputat çıxışında daha sonra bunları qeyd edib:
“20-ci əsr ərzində zaman-zaman xalqımıza qarşı bu kimi soyqrım aktları icra edilmiş, minlərlə soydaşımış şəhid edilmişdir. Xocalı faciəsinin əsas özəlliyi qeyd etdiyim kimi, onun davamlı bir akt olmasındadır. Əsas məqsəd tarixən bizə aid olan Vətən torpaqlarının ilhaq edilməsi, başlıca hədəf isə bu torpaqların əsl sahibləri olan türk-müsəlman əhalisidir. Göründüyü kimi, bu genosid aktinda insanlar təkcə bir xüsusiyyətlərinə görə deyil, həm mili kimlikləri, həm də dini mənsubiyyətlərindən dolayı qətl edilmişlər, qarətə, təhqirlərə məruz qoyulmuşlar. Lakin bu genosid aktından keçən 31 il ərzində həm bu soyqırımı hadisəsinə, həm də ki, bütövlükdə Cənubi Qafqazda cərəyan edilən proseslərə münasibətdə dünyanın aparıcı dövlətləri kateqoriyasına aid etdiyimiz dövlətlər tərəfindən daim ikili standartlar ortaya qoyulmuş, “oğru elə bağırdı, doğrunun bağrı yarıldı” deyimində olduğu kimi münasibət bildirilmişdir. Bu da deməyimizə əsas verir ki, xalqımıza qarşı yönəlmiş soyqırımı hərəkətlərinin təşkilatçısı təkcə ermənilər deyil, həm də onların havadarlarıdır. Yəni silah erməni, müəlliflər isə onların havadarlarıdır. Bu gün qürurla deyə bilərik ki, Vətən Müharibəsində əldə etdiyimiz Zəfər erməniləri və onların havadarlarını məğlub duruma saldı, torpaqlarımız işğaldan azad oldu. Əminik ki, yaxın dövr ərzində hələ də qanunsuz erməni terrorçu birləşmələrinin müvəqqəti nəzarəti altında olan digər torpaqlarımız, o cümlədən Xocalı da azadlığına qovuşacaqdır. Dövlətimizin və onun başçısının ortaya qoyduğu iradə bu günün yaxınlaşdığını əminliklə söyləməyimizə əsas verir.
Hər birimiz bu günlər son dərəcə əlamətdar tarixi proseslərin iştirakçılarıyıq. Gözlərimizin önündə demək olar ki, hər ötən gün dünyada cərəyan edən geosiyasi proseslər sürətlə dəyişməkdə, yeni çağırışlar meydana çıxmaqdadır. Heç bir mübaliğəsiz demək mümkündür ki, bu gün dünyamızda baş verən proseslər öz başlanğıcını 44 günlük Vətən Müharibəsindən götürmüşdür. Ali Baş Komandan Möhtərəm cənab Prezidentimizin ətrafında sıx birləşən xalqımızın əldə etdiyi tarixi Zəfər bölgədə yeni reallıqları ortaya qoymuş, ölkəmiz uzun illər aparılmış, hədəfləri aydın, ardıcıl, düzxətli bərabər sürətli siyasətin nəticəsində haqlı olduğu mövqeyi əldə etmişdir. Bu gün əminliklə söyləyə biləriik ki, ölkəmiz beynəlxalq münasibətlər sistemində önəmli mövqeyə sahib olmaqla, tarixi qərarların verilməsində böyük rolu olan və bu qərarlara təsir etmək gücündə olan dövlətdir. Təbiidir ki, bütün bu siyasi-iqtisadi, hərbi-diplomatik naliyyətlər cənab Prezidentimizin siyasi ustalıq və bacarığının nəticəsində əldə edilmişdir. Son aylar ərzində, xüsusən də cari ilin ilk ayından etibarən ölkəmizin xarici dövlətlər və beynəlxalq təşkilatlarla təmasları artmış, yüksək səviyyəli qarşılıqlı səfərlərin sayı çoxalmışdır. Gərginliyi ilə diqqəti cəlb edən bu diplomatik trafiklərdə ölkəmizin qarşısına qoyduğu başlıca hədəf döyüş meydanlarında qazandığımız Zəfərin diplomatiya yolu ilə möhkəmlədilməsi, onun beynəlxalq müqavilələr və öhdəliklər sistemi ilə hüquqi cəhətdən rəsmiləşdirməklə, dönməz şəkil almasına nail olmaqdan ibarətdir. Bu mənada cənab Prezidentin Münxen Təhlükəsizlik Konfransında iştirakı bu siyasi-diplomatik kursun davamı olmaqla, görüşlərdən əldə edilmiş nəticələr və ölkəmizin beynəlxalq nüfuzunun sərgilənməsi baxımından olduqca önəmlidir. Möhtərəm cənab Prezidentimizin həmin konfrans çərçivəsində keçirdiyi hər bir görüşdə, iştirak etdiyi hər forumda və nəhayət kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində etdiyi çıxışlardakı hər bir cümlə tezis xarakterli olub, ölkəmizin siyasi iradəsinin ifadəsi, bizlərin hər birimiz üçün proqram əhəmiyyətlidir. Bu konfrans çərçivəsində izlədiyimiz ən əlamətdar hadisələrdən biri tarixdə ilk dəfə Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşünün təşkili idi. Həmin görüşdə Möhtərəm Prezidentimiz siyasi baxımdan əsaslandırılmış, tarixi yöndən real və haqlı mövqeyimizi aydın şəkildə ortaya qoymaqla düşmən ölkənin liderini növbəti dəfə pis vəziyyətə, əslində olmalı olduğu vəziyyətə saldı. Ölkəmizin sülh prosesinə sadiq olduğunu yenidən dilə gətirən Prezidentimiz, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqamətini göstərməklə, Qarabağ məsələsinin iki ölkə arasında bağlanması gözlənilən sülh müqaviləsində heç bir halda əksini tapmayacağını aydın şəkildə ifadə etdi. Azərbaycanın Qarabağdakı azlıqda olan erməni əhalisi ilə əlaqələrini öz qanunları çərçivəsində quracağını bəyan etdi. Bu mənada cənab Prezidentin ifadə etdiyi
Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var kimi məqamlar ölkəmizin bu məsələyə dair gələcək siyasi iradəsinin təzahürü olmaqla, diplomatik və siyasi təmaslarda müzakirə predmeti olan məqamların bir növ hüdudlarını müəyyənləşdirmiş oldu. Azərbaycanın erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirələrə hazır olması humanizmin təzahürüdür. Prezidentimiz aydın şəkildə bəyan etdi ki, Azərbaycan normallaşma prosesinin tezliklə baş verməsinin tərəfdarıdır və qeyd etdi ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkündür.
Hörmətli sədr, hörmətli həmkarlar,
Son üç il ərzində parlamentin də ölkəmizin beynəlxalq təmsilçiliyində uğurlu fəaliyyətini qeyd etməklə, bu fəaliyyətin yeni istiqamətlər üzrə genişləndirilməsini vacib hesab edirəm”.