image-2backend

XXI əsr türk dünyasının inkişaf əsri olacaq

image-reklam_sirab_01

Əsrlərə söykənən tarixi, qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri, sərkərdələri ilə seçilən türk dünyası daim sözünü haqqa, ədalətə söykənərək demiş, dünya sivilizasiyasına saysız-hesabsız töhfələr vermişdir. İkili standartların beynəlxalq hüquqa üstün gəldiyi, gücün söz sahibi olduğu, qütbləşmənin insanlara problemlər yaşatdığı müasir dövrümüzdə də türk birliyinin zəruriliyi özünü göstərir.
2009-cu ilin oktyabrında Naxçıvanda təməli qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının böyük inkişaf yolu keçərək Türk Dövlətləri Təşkilatının simasında geniş coğrafiyanı əhatə etməsi, dünya siyasətində mövqeyini möhkəmləndirməsi «Türkün türkdən başqa dostu yoxdur!» müdrik kəlamının ən çətin sınaqlarda özünü doğrultmasının təsdiqidir. Bu ilin iyul ayında Prezident İlham Əliyevin təşəbbüsü, təşkilata üzv dövlət başçılarının iştirakı ilə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə qeyd olundu ki, təşkilat artıq dünyanın gündəminə təsir göstərməyə qadir beynəlxalq güc mərkəzinə çevrilməkdədir. Avropa ölkəsi olan Macarıstandan başqa, Şimali Kipr Türk Respublikasının da Şuşada təşkil olunan Zəfər görüşündə təmsil olunması bunu deməyə tam əsas verir. Sammitdə qəbul olunan «Qarabağ Bəyannaməsi» göstərdi ki, TDT strateji tərəfdaşlığa sadiqlik prinispləri əsasında, yalnız yüksələn xətlə inkişaf edir. Türk dünyasının, bölgənin siyasi-iqtisadi mərkəzinə, aparıcı qüvvəsinə çevrilən təşkilatın mühüm tədbirlərinin ölkəmizdə, xüsusilə Qarabağda keçirilməsi göstərir ki, yaxın gələcəkdə Cənubi Qafqazın, türk dünyasının, İslam coğrafiyasının, Orta Dəhliz layihəsinin əsas tərəfdaşı olan Azərbaycan qardaşlıq bağlarının möhkəmlənməsinə daha mühüm töhfələr verəcək.
Danılmaz həqiqətdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz ölkəmizin bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Artıq Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dəstəklənir, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin, beynəlxalq təşkilatların sayı durmadan artır. Vətən müharibəsində tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən türk dünyasına üzv dövlətlərin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində fəallıq göstərməsi qardaşlıq münasibətlərinin ifadəsidir. Azərbaycanın təşkilatın daha da güclənməsi naminə gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının əsasını təşkil edir. Türk coğrafiyasını əhatə edən Orta Dəhliz layihəsinə Azərbaycanın verdiyi töhfələr bütünlükdə türk dünyasının birlik və həmrəylik nümunəsidir. Statistika da bu reallığı təsdiqləyir. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Ölkəmiz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq vədinə sadiqdir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir.
Noyabrın 6-da Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə qurumun qarşısında duran vəzifələr, dünya siyasətinin önəmli, aktual problemləri müzakirə edildi. Təşkilatın «Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik”» şüarı ilə keçirilən 11-ci Zirvə görüşü də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Qırğızıstanın Bişkek şəhərində keçirilən Zirvə görüşündə təşkilatın qarşısında duran vəzifələr, dünya siyasətinin önəmli, aktual problemləri müzakirə edildi. Müxtəlif sahələri əhatə edən önəmli qərarlar qəbul edildi, sazişlər, təşkilata üzv və müşahidəçi dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektləri nəzərdən keçirildi. Göründüyü kimi, dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləyən Zirvə görüşü ən vacib məsələlərin müzakirəsi üçün növbəti platforma oldu. Bişkekdə Şuşa Sammitindən keçən dövrdə baş verən hadisələr geniş müzakirə olunmaqla perspektivlər müəyyənləşdirildi.
Qırğızıstanın paytaxtı Bişkekdəki görüşdəki çıxışında Azərbaycanın TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, hazırda dünyada artan riskləri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Bu baxımdan son dövrlərdə təşkilata üzv dövlətlərin hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da genişlənməsi, türk ölkələri silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi, hərbi məktəblərdə qardaş ölkələrin müdavimlərinin təhsil alması üçün yaradılan şərait inamın, etimadın və dostluğun göstəricisidir. Təşkilatın daha geniş mənada fəaliyyəti, önəmli problemlərin həlli üçün maliyyə yardımlarının əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin «Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək» sözləri böyük maraqla dinlənildi.
Qlobal enerji layihələrinin, türk coğrafiyası üçün önəmli olan Orta Dəhliz layihəsinin önəmini bir daha xatırladan Prezident İlham Əliyev «Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır» sözlərinə əlavə olaraq «Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək» söyləməsi təşkilatın qarşısında duran əsas məsələlərin mahiyyətini də açıqladı.
Bir neçə gündən sonra Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında TDT-yə üzv dövlətlərin iştirakı türk birliyinin sarsılmazlığının, beynəlxalq ictimaiyyətin ölkəmizə, türk dünyasına böyük hörmətin, inamın, etimadın ifadəsi olacaq.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image