Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Zaporojye Atom Elektrik Stansiyasında radiasiya sızması da daxil olmaqla terror aktı senarisini nəzərdən keçirir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Volodimir Zelenski rəsmi internet səhifəsində paylaşım edib. Volodimir Zelenski paylaşımında Ukrayna kəşfiyyat və təhlükəsizlik xidmətinin hesabatları ilə bağlı məlumat verib.
“Kəşfiyyat Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasında radiasiya sızması ilə bağlı terror hücumu senarisini nəzərdən keçirdiyi barədə məlumat verib. Bunun üçün hər şeyi hazırlayıblar”, – deyə Volodimir Zelenski qeyd edib.
Əldə etdikləri məlumatları tərəfdaşları ilə paylaşdıqlarını bildirən Volodimir Zelenski deyib: ”Bunu Avropa, ABŞ, Çin, Braziliya, Hindistan, ərəb dünyası, Afrika ölkələri və beynəlxalq təşkilatlar da bilməlidir”.
Atom elektrik stansiyalarına qarşı terror hücumlarının əsla heç bir yerdə baş verməməsinin lazım olduğunu vurğulayan Volodimir Zelenski deyib: “Bu dəfə Kaxovka bəndi kimi olmamalıdır. Dünyaya xəbərdarlıq edilib, dərhal hərəkətə keçilməlidir”.