“Zəngəzur dəhlizi”nin açılması Türkiyə limanlarının işini daha da aktivləşdirəcək. Vətənini.az bu barədə TurkicWorld və Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən yazır.
“Zəngəzur dəhlizi ən mühüm müasir nəqliyyat dəhlizlərindən biridir və onun açılması bütün regionun, o cümlədən Ermənistanın inkişafına xidmət edəcək”, – nazirlik qeyd edib.
Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana edib.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuata bəyanatla çıxış ediblər.
“Zəngəzur dəhlizinin açılması qaçılmazdır. İstənilən halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Həmin dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar yaradacaq və regionda əməkdaşlığa müsbət təsir göstərəcək”, – deyə Prezident İlham Əliyev bildirib.
Ərdoğan çıxışı zamanı qeyd edib ki, “Zəngəzur dəhlizi” ilə bağlı məsələlər tez bir zamanda həll edilməlidir.