1994-cü ilin aprelində Ağdam istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşən Azərbaycan hərbçisi Müşfiq Hüseynovun taleyi bu gün də naməlum olaraq qalır. Döyüş yoldaşlarının ifadələri, ailəsinin illərlə apardığı axtarışlar və sonradan ortaya çıxan məlumatlar onun yaralı vəziyyətdə əsir götürüldüyünü göstərir.
Müşfiq Rüstəm oğlu Hüseynov 1975-ci ildə Sabirabad rayonunun Navadan kəndində anadan olub. 1993-cü ilin oktyabr ayında Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və cəbhə bölgəsinə göndərilib.
Ailəsinin bildirdiyinə görə, Müşfiq 25 aprel 1994-cü ildə Ağdam rayonunun Nəmirli kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Həmin döyüşlər Qarabağ müharibəsinin ən gərgin mərhələlərindən birinə təsadüf edirdi.
Müşfiqin anası Leyla Məhəmməd qızı uzun illər oğlunun taleyini öyrənmək üçün müxtəlif qurumlara müraciət edib. Onun sözlərinə görə, axtarışlar zamanı Müşfiqin döyüş yoldaşlarından əldə edilən məlumatlar oğlunun son döyüşdə qolundan yaralandıqdan sonra əsir götürüldüyünü göstərib.
Hadisənin şahidlərindən biri olan keçmiş döyüşçü Rail Abbasov da bu məlumatları təsdiqləyir. Hacıqabul rayonunun Abdulyan kənd sakini olan veteran bildirib ki, 25 aprel 1994-cü ildə gedən döyüş zamanı Müşfiq ağır yaralanmış vəziyyətdə düşmənin ağır texnikası tərəfindən mühasirəyə alınıb.
“Biz eyni döyüşdə idik. Müşfiq ağır yaralanmışdı. Mən özüm də həmin döyüşdə yaralandım. Döyüş yoldaşlarım məni çıxara bildilər, amma Müşfiq mühasirədə qaldı və əsir götürüldü”, – deyə o qeyd edib.
Müşfiq Hüseynovun əsir düşməsi ilə bağlı sonrakı illərdə də müəyyən məlumatlar ortaya çıxıb. Hərbi əsir Əbülfət Atamoğlanovun qardaşı Seyfulla Atamoğlanovun bildirdiyinə görə, 1996-cı ildə Tbilisidə Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kənd sakini Qaqik adlı şəxslə görüş zamanı ona 14 azərbaycanlı əsir və girovun adlarının yer aldığı siyahı təqdim olunub. Həmin siyahıda Müşfiq Hüseynovun da adının olduğu bildirilib.
Verilən məlumata əsasən, azərbaycanlı əsirlər əvvəl Ermənistanın Kirovakan şəhərində saxlanılıb, daha sonra isə Yerevana aparılaraq Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasına köçürülüblər. Bildirilir ki, bu məlumat Qaqikə Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin Noyemberyan rayon şöbəsinin rəhbərliyi tərəfindən verilib.
Aradan 32 ildən artıq vaxt keçməsinə baxmayaraq, Müşfiq Hüseynovun sonrakı taleyi ilə bağlı dəqiq məlumat əldə olunmayıb. Ailəsi isə hələ də onun aqibəti barədə həqiqətin üzə çıxacağı günü gözləyir.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş yüzlərlə azərbaycanlı hərbçi və mülki şəxsin taleyi kimi, Müşfiq Hüseynovun hekayəsi də illərdir cavabını gözləyən ağrılı suallardan biri olaraq qalır. Onunla bağlı mövcud şahid ifadələri və əldə edilmiş məlumatlar isə Müşfiqin döyüş meydanında deyil, sağ vəziyyətdə əsir götürülmüş ola biləcəyinə işarə edir.Musavat.com


























