2025-ci il ərzində AMEA əməkdaşları tərəfindən “Web of Science” və “Scopus” bazasında indeksləşən jurnallarda 78 məqalə çap olunub. Belə ki, 2024-cü ilin göstəriciləri ilə müqayisədə, 2025-ci ildə 19 məqalə daha çox işıq üzü görüb.
2025-ci il üzrə nüfuzlu elmmetrik bazalarda (“Web of Science” və “Scopus”) indekslənən elmi jurnallarda yüksək nəşr göstəricilərinə görə, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 8 məqalə ilə I yer, Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Dmitriy Kriçenko 5 məqalə ilə II yer, Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıl isə 4 məqalə ilə III yerdə qərarlaşıb.
Qeyd edək ki, Akademiya rəhbərliyi Azərbaycan alimlərinin məqalələrinin nüfuzlu elmmetrik bazalarda çap olunmasını daim diqqət mərkəzində saxlayır. Belə ki, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə AMEA-nın Rəyaət Heyəti tərəfindən 22 fevral 2024-cü il tarixində AMEA əməkdaşları üçün impakt faktorlu jurnallarda dərc olunan məqalələrə görə mükafatların verilməsi haqqında qərar qəbul edilib. Bu qərar elmi fəaliyyətin stimullaşdırılması baxımından mühüm addımdır. Eyni zamanda, elmmetriyanın, yəni xüsusi məlumat mənbələri əsasında elmi fəaliyyətin kəmiyyət göstəricilərinə görə qiymətləndirilməsinin, elmmetrik meyar və prinsiplərin tətbiqinin institusional əsasını formalaşdırır.
Hazırda AMEA-nın Elm və təhsil şöbəsi və Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi tərəfindən 53 adda indikator hazırlanmış, Akademiyanın elmi müəssisə və təşkilatlarına 53 adda indikator üzrə sorğular göndərilmişdir. Statistik göstəricilər toplanılmaqla, humanitar və ictimai elmlər üçün ölçülə bilən nəticələrin hazırlanması istiqamətində sistemli iş aparılır.



























