image-9c452a70464fb9622af4e44c7579f209backend

Abdullah Ağar: “Türkiyə Azərbaycanın yanında olacaq, hər kəsin könlü rahat olsun”

image-reklam_sirab_01
 “Törətdiyi cinayətlərə görə Ermənistan beynəlxalq məhkəmədə cavab verməli, milyardlarla dollar təzminat ödəməlidir”

Türkiyədən qərbi azərbaycanlıların haqlı davasına dəstək: “Öz yurdu Ermənistanda qalan çoxsaylı qaçqınlar var, bu insanların da öz torpaqlarına qovuşması lazımdır”

Azərbaycanın ekofəalla rının Laçın-Xankəndi yolunda ötən ilin 12 dekabrından başlatdığı və uğurla davam edən dinc aksiyası qardaş Türkiyədə də yaxından təqib edilir. Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti, Azərbaycanda da yaxşı tanınan Abdullah Ağar “Yeni Müsavat”a müsahibəsində bu barədə danışdı.

Azərbaycandakı prosesləri davamlı şəkildə izləyən, vaxtaşırı özünün sözü, mövqeyi ilə gücümüzə güc qatan Abdullah bəy budəfəki müsahibəsində də çox mühüm məsələlərə toxundu, həmçinin Qərbi Azərbaycandan didərgin düşmüş insanlarımızın yurd-yuvalarına qayıtması zərurətindən danışdı, Ermənistanın son 30 ildə yol verdiyi cinayətlərə görə cavab verməli olduğunu söylədi.

– Abdullah bəy, yəqin ki, Laçın-Xankəndi yolunda bir aydan artıqdır davam edən aksiyanı izləyirsiniz. Görünən budur ki, Ermənistan və Qarabağdakı separatçılar “daşı ətəyindən tökmək”, Azərbaycana qarşı cinayətkar fəaliyyətə son vermək niyyətində deyillər. Siz bu proseslərin sonucundan nələr gözləyirsiniz?

– Öncə qeyd edim ki, bu məsələ ilə bağlı iradəmiz dəyişməzdir. Yəni Qarabağ Azərbaycandır! Amma rusun himayəsindəki Ermənistan bu reallığı qəbul etmir. Hələ də orada “artsax dövləti”nin, “stepanakert”in varlığı üçün cəhdlər edir. Bu müstəvidə də demokratiyadan sui-istifadə edir. Mövqeyimiz budur: 1991-ci ilədək orada yaşayan bütün ermənilər Azərbaycan dövlətinin vətəndaşıdır. Onlar istədikləri təqdirdə Azərbaycanda qala bilərlər. O torpaqlarda yaşayan insanlardan söhbət gedir. Azərbaycan ədalətli bir dövlətdir. Amma işğal və istila üçün gələnlər, həmçinin işğal dövründə başqa ölkələrdən Ermənistanın gətirdiyi şəxslər Azərbaycan dövlətinin vətəndaşı deyildir. Onların getməsi lazımdır. Həmçinin Azərbaycan vətəndaşı olaraq qalmaq istəməyənlər də – yəni zorla kimisə saxlayacaq halımız yoxdur – gedə bilərlər, yol açıqdır.

Birinci Qarabağ savaşı zamanı soyqırımı törədilən ərazilər, əhalisi qaçqın və köçkün düşən bölgələr Ermənistan, yaxud “artsax” torpağı deyil, bunu birdəfəlik anlamaları lazım! Əgər bunu anlamazlarsa, proseslərin geri dönməsinə səbəb ola, ardından da yeni bir savaşın atəşini alışdıra bilərlər. Azərbaycanın bunu edə bilməyəcəyini düşünürlər. Amma hörmətli Əliyevin dediklərini bizlər də izlədik, bildirdi ki, yeri gəlsə, biz bu işləri öz iradəmiz hesabına reallaşdırarıq. Əgər bu məsələlər siyasi yolla çözülməsə, o halda növbəti addım gələcək, heç şübhəsiz. Amma istənilən halda, rusun arxasında qalan torpaqlar Azərbaycan dövlətinin torpaqlarıdır. Azərbaycan ya siyasi yolla, ya da siyasi yol nəticə verməsə, digər vasitələrə əl ataraq enində-sonunda mütləq bu işi çözəcək, buna kiminsə şübhəsi olmasın!

– Bu da var ki, ermənilərin saxta iddialarını əsas götürüb Azərbaycanı suçlamağa çalışanların çevrələri kifayət qədər genişdir və onlar beynəlxalq hüququ görməzdən gəlirlər. Hərbi əməliyyatlar zərurəti yaransa, bu halda hansısa kənar müdaxilələr olsa, Şuşa Bəyannaməsi işə düşə bilərmi?

– Elşad bəy, hər kəsin bildiyi bir sirri söyləyirsiniz. Əlbəttə! Türkiyə necə ki, Birinci və İkinci Qarabağ savaşlarında Azərbaycanın yanındaydı, Azərbaycanın bundan sonra aparacağı hər hansı mücadilədə də onun yanında olacaq, hər kəsin könlü rahat olsun.

“Ermənistanda o ağıl yoxdur ki, öz qərarını özü versin”

– Azərbaycanın hazırda nəzarət etmədiyi ərazilərdə ekoloji terror törədən, sərvətlərimizi talayan erməni separatçılarla bağlı etirazlar Türkiyədə, geniş ictimaiyyət və rəsmi çevrələrdə necə qarşılanır?

– Ekoloji terror son dərəcədə doğru bir yanaşma. Amma sadəcə, ekoloji terror deyil. Yəni orada şəhərləri, rayonları, kəndləri yox etdilər. Evlərin qapı-pəncərələrinə qədər İrana, oradan gələn alverçilərə satdılar. Orda siyasi, etnik, mədəni terror var. Bundan əlavə, geniş coğrafiyada meşələri də məhv etdilər. 30 il ərzində Qarabağı taladılar, 30 ilin tamamında Azərbaycan torpaqları əllərindən alınca, ermənilər hər cür terror əl atdılar. Bu sırada mədəni terror da var, ekoloji terror da. Bununla yanaşı, əraziləri minaladılar, o da bir topoqrofik terrordur. Sən niyə sahələri minalayıb gedirsən ki? Bununla nə etməyi düşünürsən? Məqsəd məlumdur. Hər cür terrora əl atdıqlarını görürük. Bunlar qəbuledilməzdir! Ermənistanın məqsədi bəlli, işğal etdiyi, öz torpaqları olmadığı üçün hər cür pisliyə əl atdı, Qarabağı istismar etdi və çirkləndirdi. Günahsız insanları, körpələri, uşaqları, qadınları, qocaları qətlə yetirən Ermənistanın bu cinayətləri bizi şaşırtmır. Bəşəri terror törədən bir dövlət hər cür pisliyə əl atar. Odur ki, təəccüblənmirik.

– Ermənistan elə sizin də sadaladığınız cinayətləri törətdiyi halda, özünü Azərbaycana bərabər tutmağa çalışır, hətta bəzən təkliflər səsləndirir, hansı ki, beynəlxalq məhkəmələrdə bütün bu, insanlıq əleyhinə cinayətlərə görə cavab verməlidir, təzminat ödəməlidir. Sizin bununla bağlı mövqeyiniz necədir?

– Bir gücü pis işlərə sərf edirsənsə, təbii ki, qəbulolunmazdır. Amma bu, təkcə Ermənistana aid olan məsələ deyil, bütün dünyaya aiddir. Bu mücadilə gücün insanlıq, yaxşılıq, ədalət naminə istifadə olunması iradəsinə və gücə sahib qüvvənin hökmran olduğu günə qədər davam edəcək. Dediyim kimi, bu, təkcə Qafqaz, yaxud Ermənistanla bağlı məsələ deyil. Ermənistan bunu nədən edir? Hamiləri var, ona görə. İnsanlıq tarixinin ən mühüm mücadiləsi gedir: yaxşılıq və pisliyin, doğru ilə yanlışın, həqiqətlə haqsızlığın mübarizəsi. İndi bizimçün önəmli olan doğrunun, yaxşılığın, həqiqətin, insanlığın yanında olmaqdır. Şükür ki, Qarabağ savaşında biz haqq-ədalətin, həqiqətin, insanlığın yanında yer aldıq. Ermənistan isə öz yolunu davam etdirir, qapqaranlıq bir tunelə girdi, o tuneldən biz istədiyimiz yerə çıxası, bizim istədiyimiz şəkildə haqqımızı verəsi deyil. Amma biz yenə də haqqımızı alacağıq. Təbii ki, cəzalandırılması lazımdır. Qarabağda törətdiyi cinayətlərə görə, Ermənistanın beynəlxalq məhkəmədə cavab verməsi və milyardlarla dollar təzminat ödəməsi lazımdır. 1 milyon insanı yerindən-yurdundan etdi, Ermənistanın üzündən Birinci və İkinci Qarabağ savaşında on minlərlə insan həlak oldu. Çox böyük bir insan itkisi, Vətən itkisi, yaşam itkisi var. Həmçinin savaşın vermiş olduğu travmaları unutmaq olmaz. Bütün bunlara görə Ermənistanın cavab verməsi lazımdır. Savaş çox ağır bir məsələdir, savaşa başlayan üçün də, savaşa məruz qalan üçün də. Bütün bunları səbəbkarı Ermənistandır. Həm Azərbaycan tərəfinə zülm etdi, həm də özünə, bu, qorxunc bir şeydir.

– Bütün bunlara baxmayaraq, Ermənistan Hindistan və digər ölkələrdən silah-sursat tədarük etməkdədir, yenə də ordusunu gücləndirir. Olub-keçənlərdən sonra Ermənistan orduya sahib olmaq hüququndan mıəhrum edilməlidir yanaşması da var. Türkiyə və Azərbaycanın qonşuluğunda olan belə bir terrorçu dövlətin orduya sahib olması qonşulara təhdid deyilmi?

– Ermənistan silahlanacaq, bu, təəccüblü deyil. Hətta çox yaxşı silahlanmağa çalışacaq. Tapdığı hər dolları silaha yatırmağa cəhd edəcək. Çünki dəstəyi var, məkrli planda yer aldığı üçün ondan bu şəkildə davranmasını tələb edirlər. Ermənistanda o ağıl yoxdur ki, öz qərarını özü versin. Ona görə də atılan addımlar şaşırdıcı deyil. Savaşı uduzmuş bir ölkənin silahlanması son dərəcədə anlaşılandır. Xüsusilə də Ermənistan kimi Türk düşməni olan bir dövlətinE Nə yazıq ki, məsələ belədir. Silahı niyə Hindistandan alır? Şübhəsiz ki, Rusiyanın Ukrayna müharibəsində sərfiyatı çox olduğu üçün Ermənistan ordan tədarük edə bilmir, Hindistandan alır. Həmçinin silahı Hindistandan alması Ermənistanın Qərbə meyl etməsi anlamına da gələ bilir.

– Abdullah bəy, bu günlərdə Azərbaycan Prezidenti növbəti dəfə Ermənistan adlanan ərazidən, əslində tarixi Azərbaycan torpaqlarından deportasiya edilmiş insanlarımızın öz yurdlarına qayıtması zərurətindən bəhs etdi və qəti mövqeyini ortaya qoydu. Qardaş Türkiyə beynəlxalq platformada tarixi ədalətin bərpa olunması, Axıska türklərinin öz yurdlarına qayıdışının beynəlxalq miqyasda tanınması kimi prosesin qərbi azərbaycanlılarla bağlı da baş verməsi üçün nə kimi dəstək verə bilər?

– Siyasi proseslərin şəkillənməsində Türkiyənin bütün dəstəyi zatən, Azərbaycanın yanındadır. Yəni sonucda haqqın öz yerini tutması üçün bir yerdəyik. Əgər bu məsələni öz iradəmiz, gücümüzlə həll etmək variant üzərində qalarıqsa, yenə də bərabərik. Həmçinin bu insanların öz yurdlarına dönməsinin ardınca həmin bölgələrin yaşam yerinə çevrilməsi məsələsində də birgəyik. Necə ki, Qarabağda bir yerdəyik. Amma öncə bu məsələnin siyasi və topoqrafik alt qatının şəkillənməsi lazımdır. Çətin bir prosesdir, təbii ki…

– Ümumi bir yanaşma bundan ibarətdir ki, əgər ermənilər Qarabağda yaşamaq istəyirlərsə, o halda ən azı sonuncu deportasiya zamanı Ermənistandan, öz tarixi torpaqlarından didərgin salınmış 300 min nəfər azərbaycanlının qayıdışına şərait yaradılmalıdır. Bu yanaşmanı bölüşürsünüzmü?

– Bu günlərdə mən dinlədim, bir Qarabağ ermənisi Azərbaycan vətəndaşlığı almaq, pasport əldə etmək üçün müraciət etdi. Bu, mümkündürmü? Təbii ki, mümkün ola bilər. Olması da lazımdır. Azərbaycanda digər millətlərin nümayəndələri, həmçinin ermənilər yaşayır. Həm Azərbaycanın digər ərazilərində, həm Qarabağda yaşayanlar Azərbaycan vətəndaşlarıdır və onlar rahat şəkildə yaşamağa davam edə bilərlər, biz ədalətli dövlətik, biz Ermənistan deyilik. Amma digər tərəfdən məsələnin təməl qaydası var: ermənilər Azərbaycanın müstəqilliyini qəbul edəcəklər, Ermənistan Azərbaycanı müstəqil dövlət olaraq tanıyacaq. Eyni zamanda, keçmişdə o torpaqlarda yaşayanlar və onların övladları minalar təmizləndikdən, şəhərlər salındıqdan sonra əlbəttə, yurdlarına dönəcəklər. Təbii ki, çətin prosesdir, orada dağıdılmış 7 rayonu ayağa qaldırmaq asan deyil. Hazırda Şuşanın bir mədəniyyət, turizm, cazibə, yaşam mərkəzinə çevirmək üçün işlər gedir. Həmçinin “ağıllı kənd”lər, yollar tikilir. İşğal dönəmində bütün bu ərazilərdə həyat məhv edilmişdi, indi hər şey yenidən başlanır…

– Təbii ki, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında Türkiyə şirkətləri də yaxından iştirak edir və möhtəşəm layihələr icra olunur. Qarabağa qayıdış, birgəyaşayışla bağlı məsələlər, mövqelər bəlli, sizin dediklərinizi də bölüşürük. Bəs Qərbi Azərbaycan əhalisinin qayıdışı haqda nə deyə bilərsiniz?

– Bu məsələdə də mövqeyimiz netdir. Zəngəzur əslində bir türk torpağıdır. Zəngəzur əhalisini vaxtilə Qarabağa, oradan da Azərbaycanın digər ərazilərinə qovdular. Öz yurdu Ermənistanda qalan çoxsaylı qaçqınlar var. Bu insanların da öz torpaqlarına qovuşması lazımdır.“Yeni Müsavat”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki