Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Balıqçılıq və Akvakultura Mərkəzi fərdi sahibkar Pərviz Səfərəliyev ilə satınalma müqaviləsi imzalayıb.
Vətəninfo.az yeniavaz.com-a istinadla xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
P.Səfərəliyev Balıqçılıq və Akvakultura Mərkəzinin sifarişi ilə bu quruma restoran xidməti (şam yeməyinin təşkili) göstərib və qarşılığında 3 min 960 manat alıb. Onun Buzovna qəsəbəsində yerləşən “Dükkan” adlı restoranının paytaxtda bir neçə şöbəsi fəaliyyət göstərir. Ötən il Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları “Dükkan” restoranının Buzovnada fəaliyyət göstərən şöbəsinə baxış keçiriblər. Baxış zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb.
Yoxlama zamanı istehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunaraq onların istehlaka təqdim edilməsinin qarşısı alınıb.
AQTA əməkdaşları tərəfindən faktla bağlı inzibati protokol tərtib olunub. İaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib.
Bundan başqa, AQTA daha əvvəl də “Dükkan” restoranı barəsində protokol tərtib edib.


























